“Beynəlxalq qurumlardan heç nə gözləmək lazım deyil” Siyasət

“Beynəlxalq qurumlardan heç nə gözləmək lazım deyil”

Rasim Musabəyov: "Onlar bizə Qarabağı verməyəcəklər"

"Təəssüf ki, artıq Şuşanın işğalından 26 il ötür. Müəyyən qüvvələrin maraqları ucbatından münaqişə hələ də ədalətli həllini tapmayıb. Biz istərdik ki, müharibə olmadan, beynəlxalq münasibətlər çərçivəsində, danışıqlar yolu ilə məsələ həllini tapsın. Təəssüf ki, beynəlxalq qurumlar heç bir real iş görmürlər, qətnamələr kağız üzərində qalır".
Bu sözləri millət vəkili Jalə Əliyeva deyib.
O, bildirib ki, beynəlxalq qurumlar üzərlərinə düşən vəzifəni icra etmədikcə, Azərbaycanın bircə çıxış yolu qalır: "Azərbaycan bu problemi həll etməyə qadirdir. Aprel döyüşləri zamanı ölkəmiz işğal altında olan torpaqlarının bir hissəsini geri qaytardı. Əvvəllər işğal altında olan ərazilərimizdə indi Azərbaycan bayrağı dalğalanır. Bu o deməkdir ki, biz ali baş komandanın rəhbərliyi ilə hər zaman öz torpaqlarımızı geri qaytara bilərik".
Millət vəkili Rasim Musabəyov isə deyib ki, Azərbaycan öz mübarizəsini davam etdirməlidir. Biz bu məsələdə əlimizi aşağı salmamışıq və heç vaxt da geri çəkilməyəcəyik". O, bildirib ki, beynəlxalq qurumlardan heç nə gözləmək lazım deyil, onlar bizə Qarabağı verməyəcəklər: "Təəssüf ki, həmin qurumların bu cür mövqe sərgiləməsi yalnız Qarabağla bağlı deyil və digər münaqişələrə də eyni cür yanaşırlar. Abxaziya, Osetiya, Krım və s münaqişələrin də həllini tapmadığı göz önündədir. Əsas odur ki, biz mübarizəmizi davam etdiririk və əlimizdən gələni edirik. Beynəlxalq hüquq bizim tərəfimizdədir".
Millət vəkili Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduğunu bildirib: "Bayrağımız Şuşada dalğalanacaq. Beynəlxalq qurumlar bizim əvəzimizə erməniləri ərazilərimizdən çıxardan deyil. Bizə onların Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlı olduğunu bildirmələri lazım idi. Heç kim həmin ərazilərin Azərbaycanın olmadığını deyə bilmir, şübhə altına ala bilmir, hüquqlar bizdən yanadır. Ölkəmizin çıxış yolu yalnız güclənmək və təzyiqləri artırmaqdır".