M.Ə.Rəsulzadənin hüquqi dövlət quruculuğu ideyaları Siyasət

M.Ə.Rəsulzadənin hüquqi dövlət quruculuğu ideyaları

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. Cümhuriyyətin qurucusu və ideoloqu M.Ə.Rəsulzadənin Azərbaycan sevgisi düşüncələrindəki Azərbaycan amalından gəlirdi. Ona görə də Azərbaycan üçün rahatlığından keçdi, canını bu yolda fəda etdi, zamanın mükafatına, şöhrətinə uymadı, aldanmadı.
O, ulusal sevgisində insaniliyini yaşadırdı. Onun onillər boyunca haysız-küysüz, nümayişsiz, ardıcıl fəaliyyəti fədakarlığa, umacaqsızlığa əsaslanırdı. Ona görə də Azərbaycanın azadlığına inamında heç sarsılmadı.
Onun ömrünün hər anı mübarizəydi: yazarlığıyla, təşkilatçılığıyla. O, Azərbaycan-Türk dövlətçiliyinin sarsıdıldığı bir çağda özündə tarixin verdiyi şansı gerçəkləşdirmək gücü tapdı, bu işin ideyavericisi, qurucusu oldu. Azərbaycan Xalq Cümhuriyyəti M.Ə.Rəsulzadənin ölməz əsəridir. Bunu tarixdən üstün hadisə saymaq olar. O, çağının ictimai-siyasi gedişatını hər yöndən təhlil edə, dəyərləndirə bilirdi. Azərbaycan Xalq Cümhuriyyəti misilsiz əzab, canından keçən insanların fədakarlığı bahasına quruldu. Bölgədə üstünlük uğrunda Qərblə Rusiya arasında hər mənada savaş gedirdi. Cümhuriyyət qurucuları Qərblə münasibətlər qurmağa üstünlük verdilər, ancaq Rusiya təhlükəsini tam anlaya, onu mümkün qədər önləyə bilmədilər...
Rəsulzadənin Cümhuriyyətin çöküşündən sonrakı onillərdə dönməz Azərbaycan sevdalısı olması onun ərdəmliyi idi. Stalinlə ilıq münasibətlərinə baxmayaraq zamanın şirnisinə aldanmadı, ləyaqətini qorudu, sona kimi Azərbaycanı əsarətə salan sovetizmlə döyüşdü. Professor Şirməmməd Hüseynovun araşdırmasında bildirilir, M.Ə.Rəsulzadənin çoxcəhətli fəaliyyətini, zəngin ədəbi-siyasi irsini, elmi-nəzəri görüşlərini dərindən, obyektiv və sistemli şəkildə öyrənmədən Azərbaycan tarixinin XX əsrin birinci yarısı, xüsusilə Rusiyada üç inqilab (1905-1907, 1917-ci il fevral və oktyabr) dövrü və milli, müstəqil Azərbaycan dövlət quruluşunun yaradılması və fəaliyyəti dövrü tarixini tədqiq etmək, işıqlandırmaq mümkün olmaz.
Azərbaycan Xalq Cümhuriyyəti mahiyyətcə dünyəviliyə əsaslanırdı. Rəsulzadə dünyanın gedişatını gözəl anlayırdı. Bilirdi ki, Azərbaycanın sabahı, hərtərəfli inkişafı yalnız dünyəvi əsasda ola bilər. Tarixçi-alim Əkrəm Rəhimli M.Ə.Rəsulzadənin adının, fəaliyyətinin təkcə Azərbaycanın Quzeyi üçün deyil, habelə Güneyi üçün də tarixən qürur və milli bəhrələnmə qaynağından biri olduğunu bildirir: "Onun yaradıcılığı bu gün də Güney Azərbaycanda gedən azadlıq mübarizəsinin əsas istiqamətverici qüvvəsindən biridir. Onun din və dünyəvilik məsələsinə münasibətində böyük demokratizm var. M.Ə.Rəsulzadə hesab edirdi ki, dinlə dünyəvilik məsələsi biri-birindən ayrı olmalıdır: aydınlaşdırsaq, dövlət idarəçiliyi məsələsi tamamilə dindən ayrı olmalıdır. Dövlət idarəçiliyi xüsusi bir sistemdir. Bu gün qonşu dövlətlərin timsalında dini fanatizmin artdığını görürük. Bu problem düyünləndikcə, fəaliyyətini artırdıqca dünyəvilik də tədricən arxa plana keçir. Beləcə əslində dindəki ilahilik, inanc məsələsinə də ziyan dəyir, insanların əsil inamı zəifləyir. Bu gün Azərbaycan dövləti dünyəviliyini qoruduğu dərəcədə hər bir kəsin inancına sayğıyla yanaşır".
M.Ə.Rəsulzadənin hüquqi dövlət yönündəki ideyaları Güney Azərbaycandakı azadlıq hərəkatlarında ayrıca təsirə malik olub. Əkrəm Rəhimli bildirir ki, hüquqi dövlət məsələsinə gəldikdə Rəsulzadənin siyasi-ədəbi irsi həmişə Güney Azərbaycan üçün örnək oluüb: "Rəsulzadə ideyalarının təsirini Xiyabani, habelə Pişəvəri hərəkatında görürük. Bu gün Güney Azərbaycanda yeni səviyyədə başlayan azadlıq hərəkatı onu deməyə əsas verir ki, Rəsulzadənin dövlətçilik ideyası həmişə ön plandadır və bundan bir örnək olaraq bəhrələnilir. Bu, təsadüfi deyil. Xiyabani özü dindar olsa da, dövlətçilikdə dünyəviliyi tamamilə ön plana çıxarmışdı. Pişəvəri də onun ideyalarından bəhrələnmişdi. Rəsulzadə dünyəvi dövlətin tərəfdarı olub, bu ideyanın dindən kənarda olmasını müdafiə edirdi. Bilirdi ki, başqa cür mümkün deyil".
M.Ə.Rəsulzadənin sadiq silahdaşlarından Mirzə Bala Məmmədzadə yazır: "M.Ə.Rəsulzadə qırmızı istiladan sonra başda mütərəqqi gənclik olmaq üzrə millətin göstərdiyi şiddətli müqaviməti və verdiyi saysız qurbanları görərək milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafizə etməkdə olduğuna inandığını bildirirdi". Ş.Hüseynov ayrıca olaraq vurğulayır ki, Azərbaycanın dünyanın və tarixin inkişaf meyllərini və perspektivlərini dərk edən görkəmli siyasət və dövlət xadimləri 1918-1920-ci illərdə milli istiqlalımızı yenidən bərpa edərkən parlamentli, çoxpartiyalı demokratik respublika dövlət formasını seçmişdilər: "Nəinki Rusiyada, o zaman bütün islam Şərqində belə bir dövlət, hakimiyyət forması, üsuli-idarəsi yox idi. Mütləqiyyət və totalitar rejimlərin əhatəsində yaşayan, siyasi mədəniyyət və mübarizə meydanında ilk müstəqil addımlar atan, uzun əsrlər boyu öz dövlət istiqlalını itirmiş bir xalqın və məmləkətin parlamenti, çoxpartiyalı, demokratik dövlət formasını seçməsi tariximizin ən böyük nailiyyəti və hadisəsi idi. Tarixçilər haqlı olaraq yazırlar ki, Azərbaycan siyasi tarixinin qədərini əllərində tutanlar tam zamanında çox hazırlıqlı dövlət xadimləri olduqlarını göstərərək, istiqlal hərəkatını yerində və zamanında qiymətləndirə bilmişdilər".
M.Ə.Rəsulzadənin 1953-cü il mayın 28-də "Amerikanın səsi" radiosu ilə Azərbaycan xalqına müraciəti çox diqqətçəkəndir. M.Ə.Rəsulzadəni qayğılandıran isə belə bir məqamda xalqın daxilən köklənməsi, ayılması istəyi idi. Bu mənada o, Cümhuriyyətin qurulmasının elan edildiyi 28 Mayda xalqa müraciət edərək onun tarixi qəhrəmanlıqlarla dolu keçmişini xatırladır. Qeyd edir ki, yüz ildən çox sürən çar əsarətindən sonra Azərbaycan Milli Şurası Azərbaycan Cümhuriyyətinin istiqlalını bütün dünyaya elan etdi. O, "istiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısının" 19-cu əsrin əvvəllərində Rusiya imperiyasına qarşı aparıldığını bildirir: "Cavad xanın 1804-cü ildə Gəncədəki şanlı qəzası dillərdə dastandır. "Ölmək var, dönmək yoxdur". Bu, həqiqi vətənpərvərlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır. İstiqlal elanından keçən az bir vaxtda Milli Azərbaycan hökuməti məmləkətdə çox işlər gördü. Yüz ildən bəri hərbi xidmətdən məhrum edilən Azərbaycanda bir ordu, çarlıq zamanında dövlət idarələrinə yaxın buraxılmayan azərbaycanlılardan zabit və ictimai asayiş qüvvələri yaratdı. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin hüquqlarını qorumaq üçün tədbirlər gördü. Xalq az zamanda oxumağa başladı. Türk dili dövlətin rəsmi dili elan edildi. Orta və ali məktəblər açıldı".
M.Ə.Rəsulzadə soydaşlarımıza müraciətində daha sonra bir məqamı xatırladır ki, Stalin dönəmindən fərqli olaraq Cümhuriyyət dövründə Azərbaycanda tam bir azadlıq var idi: "O zaman indi Sovet zamanında olduğu kimi terror deyilən şeydən heç bir əsər yox idi. Hər yerdə əmin-amanlıq vardı. Vətənin qapıları indi olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı istədiyi zaman hara istərsə gedərdi. Az vaxtda bir çox böyük dövlətlər istiqlalımızı tanıdılar. 1920-ci ilin 12 yanvarı cümhuriyyətin dövlətlər tərəfindən tanınması günü idi. Bu günü Azərbaycan xalqı candan bayram etdi. Çünki bu gündən etibarən Azərbaycan davası Rusiyanın bir iç məsələsi olmaqdan çıxmış, millətlərarası bir məsələ olmuşdu. Yüz ildən bəri üstümüzə çökən istibdad və istila xəyalı artıq bizdən uzaqlaşdı. Heyhat, tale imtahanları tamam deyilmiş. Qanlı çar istibdadının yerini bu dəfə daha qanlı bolşevik istibdadı tutdu. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl 28 apreldə sovet təbliğatçıları bu qanlı istila hərəkətini sizə azadlıq və istiqlal hadisəsi kimi göstərdilər". O, sovet quruluşunu "qəddar", "ən yalançı bir istibdad rejim" adlandırır: "Müqayisə etmək imkanında olsaydınız, bunun nə qədər doğru olduğunu gözünüzlə görərdiniz. Qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər, çünki ağla qara meydana çıxar. Onlar yarasa kimidirlər, günəşdən qaçarlar".
O, qeyd edir ki, SSRİ-dəki kommunist rejimində yaşayan millətlərin hər cür hüquqdan məhrum şəkildə yaşamasını dünyaya anlatmaq çox çətin olmayıb: "Azadlıq cahanşümul bir fikirdir. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanın bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür. Amma onun ikiüzlü sistemi olan stalinizm hələ ayaqdadır. Şübhəsiz ki, bir gün həqiqət parlayacaq. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə yenidən doğacaq. Buna qətiyyən şübhə etməyin".
M.Ə.Rəsulzadə deyirdi: "Azərbaycan Milli Şurası "İstiqlal Bəyannaməsi"ni elan etməklə sözün siyasi mənası ilə bir Azərbaycan millətinin varlığını təsbit etmişdir".
M.Ə.Rəsulzadənin "Milli əxlaq" məqaləsi onun mahiyyətcə dünyəviliyinin sübutudur: "Hər şey millət uğruna – bax, həqiqi millətsevərlərin yeganə şüarı bu olmalıdır. Millətin birliyini və bütünlüyünü qorumaq milli əxlaqın başlıca ümdəsidir. Türklük və milli istiqlal prinsiplərinə mütləq sədaqət milli əxlaqın ikinci böyük ümdəsidir. Verilən sözə və yapılan sərbəst anlaşmalara riayət milli əxlaqın üçüncü ümdəsidir. Haqqı, hürriyyəti, sülhü, demokratiyanı qoruma və savunma, zülmə və təcavüzə qarşı aydın bir cəbhə alma milli əxlaqın dördüncü ümdəsidir. Milli səviyyəni daim yüksək tutma, gerilik və cəhalətdən savunma milli əxlaqın beşinci ümdəsidir".
Məhəmməd Əmin Rəsulzadənin din və siyasət məsələsinə münasibəti onun necə yetkin bir dövlət xadimi, qurucusu olduğu dövlətin mahiyyətcə dünyəviliyə əsaslandığını sübut edir: "Üləmanın vəzifəsi bir vəzifeyi-diniyyə olduğundan müqəddəsdir. Deyirlər ki, seçki də müqəddəsdir və belə bir müqəddəs işdən ruhaniləri məhrum etmək olmaz. Lakin bunu bilməliyik ki, dini məsələlər başqa, dünya işləri isə bambaşqadır. Əgər diqqətli olsanız, görərsiniz ki, dünyəvi məsələlərdə dini məsələlərə xas olan müqəddəslik qətiyyən yoxdur. Dini etiqadlar tənqidin, mühakimənin fövqündədir. Halbuki siyasi etiqadlar daima tənqid hədəfidir. Bir şey ki, tənqidə və mühakiməyə məhkumdur, onda müqəddəslik aramaq əbəsdir… Üləmanın vəzifəsi bitərəf qalmaqla xalqı haqq yoluna çəkməkdir. Əgər istəyirsiniz ki, din nümayəndələrinin heysiyyəti toxunulmaz qalsın, əgər istəyirsiniz ki, məscid məscidliyində bulunsun, onu dünya işlərinə qatmayın, buraxınız orası ancaq ibadət üçün qalsın. Əlhəzər, ruhaniləri siyasətə qarışdırmayın…"

Elçin Qaliboğlu