“Qarabağ münaqişəsi bu formada həll edilməyəcək” Siyasət

“Qarabağ münaqişəsi bu formada həll edilməyəcək”

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya – Ermənistan münasibətlərinin gərginləşəcəyi gözlənilən idi. Bu baxımdan, Paşinyanın inhisarında olan media qurumlarında Rusiya sərhəd qoşunlarının Ermənistandan çıxarılması və rus hərbi bazalarından icarə haqlarının tələb edilməsi kimi məlumatların yayılması təsadüfi deyil.
Politoloq Arzu Nağıyev belə deyib.
Politoloqun sözlərinə görə, Moskva və İrəvan da başa düşür ki, Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra Rusiya Ermənistana lazım deyil, istənilən vaxt rus qoşunları Ermənistandan çıxmalıdır:
"Rusiya isə başa düşür ki, NATO sərhədlərinin bir hissəsi Ermənistan ərazilərindən keçdiyinə görə Rusiya bir müddət orada qalmalıdır. Eyni zamanda, Ermənistan iqtisadiyyatının 90 faizi Rusiyanın inhisarındadır. Rusiya – Ermənistan münasibətlərinin gərginləşməsi fonunda Qərbyönümlü QHT-lər İrəvanda fəaliyyət göstərməyə başlayıblar. Paşinyanın özü də Qərblə münasibətlərin inkişaf etdirilməsində israrlıdır. Bu isə Rusiyaya xoş gəlmir. Rusiya getdikcə Cənubi Qafqazdakı nüfuzunu, ilk növbədə də Ermənistan kimi vassalını itirə bilər".
Rusiyanın başının dünya çempionatına qarışdığını deyən Arzu Nağıyev qeyd edib ki, buna görə şimal qonşumuz Ermənistanla bağlı bir sıra məsələlərdə çox da dərinə gedə bilmirdi:
"Fikrimcə, Rusiya bundan sonra Ermənistana diqqətini artıracaq. Rusiya öz deputatlarını, politoloqlarını və nüfuzlu ziyalılarını Azərbaycana – Cocuq Mərcanlıya göndərməklə Ermənistana mesaj verdi. Digər yandan, Avrasiya İttifaqının forumu keçirilməlidir. Ermənistan bu forumda ikinci şəxs səviyyəsində təmsil olunmaq istəyirdi. Lakin Putinin zəngindən sonra Paşinyanın özü forumda iştirak edəcək. Rusiya Ermənistana təsir etmək gücündədir.
Qarabağ münaqişəsi ilə bağlı bir sıra məsələlərin həllində addımlar atıla bilər. Rusiya Ermənistanı danışıqlar masasına oturda bilər, amma Dağlıq Qarabağ münaqişəsi bu formada həll edilməyəcək".