“Bütün bunların Rusiyanın ürəyindən olduğunu düşünmürəm” Siyasət

“Bütün bunların Rusiyanın ürəyindən olduğunu düşünmürəm”

BAXCP sədrinin müavini: "Yunanıstanda baş verən yanğınların arxasında da Cənub Qaz Dəhlizinin əleyhinə olan qüvvələrin dayandığı ehtimalını irəli sürmək olar"

"Nikol Paşinyanın təhdidlə danışmasının, işğal altındakı Azərbaycan torpaqlarında formalaşdırılımış qondarma rejimlə bağlı iddialarını təkrar etməsinin səbəbləri müxtəlif ola bilər. Bu səbəblərdən biri də şübhəsiz ki, Rusiya amildir. Çünki Nikolun Brüssel səfəri nə Ermənistanın Avropa İttifaqı, nə də NATO ilə münasibətlərində önəmli nəticəni vermədi".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bu fikirləri Ermənistanın baş nazirinin son zamanlar Qarabağ kontekstində təhdid dili ilə danışmasını, şərtlər irəli sürməsini şərh edərkən söylədi. Siyasi təhlilçi qeyd etdi ki, Paşinyanın gözləntiləri özünü doğrultmadı və bu da onun mövqelərinə ciddi şəkildə təsir göstərdi: "NATO-nun zirvə toplantısının yekun bəyanatında Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu. Azərbaycan prezidentinin Avropa İttifaqı rəsmiləri ilə görüşündə də biz Bakı ilə Brüsselin münasibətlərin inkişafında maraqlı olduğunun şahidi olduq. Bu sıraya Cənub Qaz Dəhlizinin rəsmi açılışını, dəhlizin tərkib hissəsi olan TANAP-ın açılış mərasimini, TAP-la bağlı bütün maneələrin aradam qaldırılmasını, ABŞ prezidenti Donald Trampın qısa zaman kəsiyində prezident İlham Əliyevə ünvanladığı 4 məktubu, İtaliya prezidentinin Azərbaycana səfərini və Azərbaycanın dövlət başçısının Fransaya səfərini, bu səfərlər çərçivəsində əldə olunan nəticələri əlavə etsək, gözümüzün önündə real mənzərəni yarada bilərik. Bütün bunların ambisiyalarındakı aqressiya notları artan Rusiyanın ürəyindən olduğunu düşünmürəm". Elçin Mirzəbəyli əlavə etdi ki, Rusiyanın Ermənistana guya kreditlə ayırdığı silah-sursat və hərbi texnikanın işğalçı ölkəyə məhz indi göndərilməsini də təsadüfi hesab etmir.
Politoloq digər mühüm məqamlara da xüsusi diqqət yetirməyi vacib saydı: "Vladimir Jirinovskinin Dağlıq Qarabağdakı separatçılarını Rusiyanın qoruması barədə səsləndirdiyi fikirlər də bu qəbildəndir və mesaj xarakterlidir. Hətta daha uzağa gedib Yunanıstanda baş verən yanğınların arxasında da Cənub Qaz Dəhlizinin əleyhinə olan qüvvələrin dayandığı ehtimalını irəli sürmək olar. Qeyd edim ki, kəmərin bir hissəsi məhz yanğınların baş verdiyi ərazilərdən keçir. İtaliyada nəticəyə nail ola bilməyən dairələr görünür indi kəmərin keçdiyi ölkələri cəzalandırmaq qərarına gəliblər. Son zamanlar baş verən hadisələrin zəncirvari ardıcıllığı təbii fəlakət, qəza, terror, cinayət və s. bu kimi proseslərin arxasında konkret qüvvənin dayandığı ehtimalını yaradır". Ekspert bildirdi ki, düşmən ölkənin təkrar-təkrar Mingəçevir İstilik Elektrik Stansiyasını vuracağını dilə gətirməsi bu stansiyada baş verən son qəzadan sonra Azərbaycanın ictimai rəyinə məqsədyönlü şəkildə hesablanmış təhdid xarakteri də daşıyar: "Çünki qısa müddətli elektrik kəsintisi narahatlığa səbəb oldu və baş verənlər istər-istəməz Mingəçevir İES-lə bağlı insanların yaddaşında müəyyən izlər buraxıb. Başqa bir ehtimal da var. Bu ehtimalı isə şübhəsiz ki, təhlükəsizlik və hüquq-mühafizə orqanları araşdırırlar. İstintaq getdiyi üçün bu barədə danışmağı doğru hesab etmirəm".