“102-ci bazanın Ermənistandan çıxarılması çətin məsələdir” Siyasət

“102-ci bazanın Ermənistandan çıxarılması çətin məsələdir”

Rus hərbi bazalarının Ermənistandan çıxarılması çox ciddi prosedurların həyata keçirilməsini tələb edir.
Sabiq dövlət müşaviri Qabil Hüseynli belə düşünür. Politoloq ermənilərin 102-ci briqada ilə bağlı radikal tədbirlərə hazırlaşmasını təsadüfi hesab etmir:
"Zənnimcə, Qərb və NATO-ya bağlı olan müəyyən siyasi qüvvələr Ermənistan əhalisi arasında təbliğata başlayıb. Əsas təbliğat da məhz rus hərbi bazalarının Ermənistandan çıxarılmasına yönəldilib. Ermənistandakı hərbi bazalar içərisində ən təhlükəlisi və əhali üçün ciddi problemlər yaradanı Gümrüdəki 102-ci briqadadır. 102-ci briqadanın hərbi təlimləri adətən çox böyük əraziləri, hətta otlaq və əkin sahələrini də əhatə edir. Nəticə etibarilə də Ermənistanda kənd təsərrüfatına ciddi ziyan dəyir. Görünür, Qərbin müəyyən siyasi dairələri də çıxış yolunu 102-ci briqadanın Ermənistandan çıxarılmasında görürlər. Artıq bu işin təbliğat mexanizmi də qurulub. Belə ki, sosial şəbəkələrdə erməniləri petisiya toplamağa, yeri gəldikdə mitinq və yürüşlərə çıxmağa çağırırlar. Əvvəllər isə ermənilər bu kimi hallara qarşı kortəbii surətdə etiraz edirdi. Ancaq etirazlara baxmayaraq, indiki şəraitdə 102-ci bazanın Ermənistandan çıxarılması çətin məsələdir. Çünki 102-ci hərbi briqadanın, eləcə də İrəvan yaxınlığındakı aviasiya bazasının Ermənistanda qalması üçün 50 illik müqavilə imzalanıb. Müqaviləyə görə, həm Rusiya ilə Ermənistan arasında hərbi-siyasi saziş imzalanıb, həm də iki hərbi bazanın Ermənistanın ərazisinə dislokasiya edilməsi barədə ümumi razılığa gəlinib".
Politoloq bildirib ki, Rusiya istənilən vaxt həmin müqavilələrə istinad edəcək və hərbi bazalarının saxlanılması müqabilində etdiyi hərbi yardımları İrəvana xatırladacaq: "Bu yardımların dəyəri milyard dollarla ölçülür. Söhbət təqribən 5 milyard dollardan artıq məbləğdən gedir. Bu da orada saxlanılan qoşunlar üçün tələb ediləcək icarə xərclərindən dəfələrlə çoxdur. Beləliklə, rus bazalarının Ermənistandan çıxarılması prosesi çox ciddi prosedurların həyata keçirilməsini tələb edir. Əvvəlcə, bu məsələ parlament səviyyəsində müzakirə edilməli və əldə olunmuş razılaşmalar deratifikasiya olunmalıdır. Ermənistan parlamenti rəsmi qaydada ərazisində rus hərbi bazalarının saxlanılması hüququnu ləğv edən yeni qərar qəbul etməlidir. Əgər məsələ danışıqlar yolu ilə baş tutmasa, onda Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edilməlidir. Bir sözlə, indiki halda Paşinyan hökumətinin Rusiyaya yaltaqlığını, hətta onun Rusiyadan Azərbaycanın müharibəyə başlamaq niyyətinin qarşısının alınması üçün etdiyi xahişləri və Nikolun Moskvada Putinlə gözlənilən görüşü onu göstərir ki, rus hərbi bazalarının Ermənistan ərazisindən çıxarılması o qədər də asan məsələ deyil".
Politoloq Elxan Şahinoğlunun fikrincə, Rusiya hərbi bazası Ermənistanla Azərbaycan arasında sülh istəmir: "Ermənistanda maraqlı fakt aşkarlayıblar ki, ölkədə Azərbaycan və Türkiyə əleyhinə ən çox informasiya yayan yerli informasiya saytını Rusiyanın Gümrüdəki 102 nömrəli hərbi bazasının komandanlığı maliyyələşdirir. Hərbi bazanın 2016-cı ildə erməni saytına 100 min rubl ayırdığı da məlum olub. Bu fakt göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən qalmasını istəyir. Ancaq Rusiya hərbi bazasının Azərbaycan əleyhinə təbliğatı maliyyələşdirməsi nonsensdir. Demək, Rusiyanın Ermənistandakı hərbi bazasının belə bir "missiyası" da var imiş".
Politoloq ermənilərin bu faktı aşkarlamasının çox şeydən xəbər verdiyini qeyd edib:
"Bu o anlama gəlir ki, ermənilər Azərbaycan və Türkiyə ilə düşmənçiliyin onlara necə baha başa gəldiyini anlayırlar. Elə bu günlərdə Levon Ter-Petrosyana bağlı partiyadan olan deputatın "biz Azərbaycan torpaqlarını işğal etmişik" ifadəsini işlətməsi də təsadüfi deyil. O bu etirafı Robert Köçəryan və Serj Sərkisyanın prezidentliyi dövründə işlətməkdən çəkinərdi. Görünür, Paşinyanın apardığı siyasət Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının zərurətini anlayan azsaylı şəxsləri hərəkətə gətirib. Ancaq Rusiyanın əngəli yenə də hiss olunur. İşğalçı eks-prezident Robert Köçəryanın həbsinə Rusiyanın Lavrovun timsalında Ermənistanda baş verənlərdən narahat olduğunu bildirməsi gözlənilən idi".