
"Birləşmiş Ştatların Orta və Uzaq Mənzilli raketlərin məhv edilməsi anlaşmasından çıxmaq istəyi anlaşılandır". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, anlaşma keçmiş SSRİ ilə Birləşmiş Ştatlar arasında 1987-ci ildə imzalanıb: "O zaman "soyuq müharibə" hələ bitməmişdi, iki fövqəlgüc xeyli raketlərə malik idi və hərbi toqquşma ehtimalını azaltmaq üçün həmin sazişi imzalamağa ehtiyac var idi. 30 il keçib, SSRİ yoxdur, bu arada, Çin, İran, Pakistan və Hindistan kimi ölkələr də orta və uzaq mənzilli raketlərə malik olublar. Onlar vaxtilə nə SSRİ, nə də ABŞ-la oxşar saziş imzalayıblar. Ona görə də istədikləri qədər raket istehsal edə bilərlər. Bu isə Birləşmiş Ştatları narahat edir". Politoloq deyir ki, ABŞ anlaşmaya riayət edərək rəqib hesab etdiyi ölkələrin Avrasiya bölgəsində hegemonluğuna göz yummaq istəmir və ona görə anlaşmadan çıxır: "Bundan başqa Vaşinqton hesab edir ki, SSRİ-nin varisi olan Rusiya yeni növ raketlər istehsal etməklə anlaşmanın şərtlərini illərdir pozur. Buna görə də 30 il əvvəl imzalanan sazişini əhəmiyyəti qalmayıb. Bəs bundan sonra nə baş verə bilər? Birincisi, Birləşmiş Ştatlar sazişdən çıxdıqdan sonra Avropa Rusiya ilə üz-üzə qalacaq. Çünki ABŞ anlaşmadan çıxırsa Rusiya da anlaşmadan çıxacaq və orta - uzaq mənzilli raketlərin istehsalını gücləndirəcək. Bu isə ilk növbədə Avropa üçün təhlükə mənbəyinə çevriləcək. Belə olan halda bəzi Avropa ölkələri Birləşmiş Ştatlardan onları Rusiya təhlükəsindən qorumalarını istəyəcəklər. ABŞ öz raketlərini Avropa qitəsində yerləşdirməyə başlayacaq. 1980-ci illərin əvvəllərində də ABŞ "Perşinq" raketlərini köhnə qitədə yerləöşdirmişdi. Tarixin təkrarlanması ehtimalı böyükdür. İkincisi, Birləşmiş Ştatlar Avropa ölkələri ilə yanaşı raketlərini qonşu Gürcüstanda da yerləşdirə bilər. Əlbəttə, bu Rusiyanı ciddi narahat edəcək. Ancaq Rusiya orta və uzaq mənzilli raketlərin yenidən istehsalına başladıqdan sonra qonşuluqda Moskva ilə problemləri olan ölkələr - Litva, Latviya, Estoniya, Ukrayna və Gürcüstan ABŞ-dan dəstək istəyəcəklər". Elxan Şahinoğlu onu da qeyd edib ki, Birləşmiş Ştatların Gürcüstandakı hərbi bazalarını rəsmiləşdirməsi Azərbaycanın maraqlarına uyğundur: "Rusiyanın Ermənistandakı hərbi bazaları Azərbaycan üçün təhdiddir. ABŞ-ın Gürcüstandakı hərbi bazaları isə bölgədə qüvvələr nisbətində balans yaradacaq. Digər tərəfdən Birləşmiş Ştatların Gürcüstanda hərbi varlığı Azərbaycanın enerji layihələrinin təhlükəsizliyini də təmin edəcək. Onsuz da Vaşinqton Azərbaycanın bütün regional layihələrini dəstəkləyir. Elə bütün bu mövzuları müzakirə etmək üçün Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bölgədədir".