“Bu alyansın yaranması regionda təhlükəsizliyə zəmin yaradır” Siyasət

“Bu alyansın yaranması regionda təhlükəsizliyə zəmin yaradır”

"Türkiyə-Azərbaycan-Gürcüstan XİN başçılarının üçtərəfli toplantısı çox mühüm bir görüşdür. Çünki bu son illər ərzində yaranmış bir alyansdır və bu alyansın yaranması regionda sabitliyə, təhlükəsizliyə müəyyən zəmin yaradır".
Bu fikirləri Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, hər üç dövlət həm regional layihələrdə yaxından iştirak edir, həm də irimiqyaslı layihələrin rəhbərləridir: "Digər tərəfdən bizim aramızda münasibətlər strateji partnyorluq xarakteri daşıyır. Bu özlüyündə faktiki olaraq regionda müəyyən stabilliyə səbəb olan görüşlərdir. Görüşlərin əsas məqsədi əməkdaşlığın inkişaf olunması, stabilliyin saxlanması, təhlükəsizliyin möhkəmlənməsi, bir sıra təhlükələrə qarşı birgə çıxış etmək və irimiqyaslı layihələrin həyata keçirilməsidir. Düşünürəm ki, bu görüş uğurla tamamlanıb və bütün görüşlər nəticəsində müəyyən razılıqlar əldə olunub. Bu razılıqlar hər üç dövlətin maraqlarına cavab verir. Türkiyə-Azərbaycan-Gürcüstan münasibətləri bu cür üçtərəfli formatda bundan sonra da inkişaf edəcək".
Qeyd edək ki, ötən gün İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin VII üçtərəfli görüşü keçirilib.