
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 15-də Bakıda keçirilən beynəlxalq tədbirlərin iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlər mahiyyət etibarilə təkcə Qarabağ münaqişəsinin nəticələrinə və Azərbaycanın əldə etdiyi Zəfərə qiymət verməklə məhdudlaşmır. Bu çıxış Azərbaycanın özünü müasir dünyada necə təqdim etdiyini, hansı dəyərləri müdafiə etdiyini və gələcək siyasi-diplomatik xəttinin hansı prinsiplər üzərində qurulduğunu göstərən mühüm mesajlar toplusudur.
Çıxışın diqqət çəkən məqamlarından biri Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlərin xatırlanmasıdır. Bu, təsadüfi deyil. Azərbaycan yalnız enerji resursları, geosiyasi mövqeyi və hərbi qüdrəti ilə deyil, zəngin tarixi-mədəni irsi ilə də dünya xəritəsində özünəməxsus yer tutur. Yəhya Bakuvi kimi böyük mütəfəkkirlərin irsinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi də Azərbaycanın mədəni diplomatiyasının mühüm istiqamətlərindən biridir. Bu baxımdan mədəni irs Azərbaycanın milli kimliyinin qorunması ilə yanaşı, onun beynəlxalq nüfuzunun gücləndirilməsi vasitəsidir.
Prezidentin çıxışında digər mühüm xətt türk dünyası, Qafqaz və İslam aləminin birliyi məsələsidir. Azərbaycan özünü bu üç mühüm geosiyasi və sivilizasion məkanın kəsişməsində yerləşən dövlət kimi təqdim edir. Prezidentin vurğuladığı kimi, türk dünyasının, Qafqazın və İslam aləminin birlikdə hərəkət etməsi ayrı-ayrı dövlətlərin və xalqların imkanlarını artırır.
Burada söhbət yalnız emosional həmrəylik çağırışından getmir. Azərbaycan son illərdə türk dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əlaqələrini sistemli şəkildə inkişaf etdirir. Eyni zamanda ölkəmiz Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarı olduğunu bildirir. Beləliklə, türk dünyası ilə bağlı siyasət və Qafqazda sabitlik ideyası bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir.
İslam həmrəyliyi də Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Prezident çıxışında İslam dünyasında baş verən hadisələrin Azərbaycanda narahatlıq doğurduğunu bildirərək, ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində praktik addımlar atdığını vurğuladı.
İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində keçirilən tədbirlər, 2017-ci ildə Bakıda İslam Həmrəyliyi Oyunlarının təşkil olunması bu siyasətin konkret nümunələri kimi təqdim edilir. Bu baxımdan Azərbaycanın İslam dünyasına münasibəti yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Bakı müxtəlif müsəlman ölkələrinin, dini liderlərin və intellektual dairələrin görüşləri üçün mühüm platformaya çevrilib. Sentyabrın 15-də Bakıda keçirilən görüşdə Türk Dövlətləri Təşkilatının müsəlman dini idarələrinin rəhbərlərinin, Qafqaz xalqlarının dini nümayəndələrinin və digər beynəlxalq qurumların təmsilçilərinin iştirakı da bunun göstəricisidir.
Lakin bu çıxışın ən emosional və ən mühüm hissələrindən biri Qarabağ məsələsi ilə bağlı idi.
Azərbaycan Prezidenti 30 illik işğalın ağır nəticələrini, Xocalı soyqırımını, dağıdılmış şəhər və kəndləri, talan edilmiş milli sərvətləri və dini abidələrin məhv edilməsini bir daha diqqətə çatdırdı. Xüsusilə 65 məscidin tamamilə dağıdılması faktını vurğulayan Prezident bunu yalnız Azərbaycan xalqına deyil, bütün İslam dünyasına qarşı təhqir kimi qiymətləndirdi və belə hadisələrin heç vaxt unudulmayacağını bildirdi.
Bu fikir Azərbaycanın postmünaqişə siyasətində mühüm prinsipin ifadəsidir: sülh gələcəyə baxmaqdır, lakin sülh keçmişi unutmaq demək deyil.
Azərbaycan müharibəni başa çatdırıb və sülh gündəliyini dəstəklədiyini bildirir. Eyni zamanda xalqın yaşadığı faciələrin, Xocalının, işğalın və dağıdılmış mədəni-dini irsin yaddaşdan silinməsi mümkün deyil. Əksinə, tarixi həqiqətlərin qorunması gələcək nəsillər üçün vacibdir. Çünki yaddaş yalnız keçmişi xatırlamaq deyil, eyni faciələrin təkrarlanmasının qarşısını almaq vasitəsidir.
Prezidentin çıxışında beynəlxalq təşkilatlara və ikili standartlara münasibətdə səsləndirdiyi fikirlər də məhz bu tarixi təcrübə kontekstində nəzərdən keçirilməlidir. Azərbaycan uzun illər ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələri daxil olmaqla beynəlxalq hüquqi sənədlərin icrasının təmin edilməsini tələb edib. Prezidentin dünənki çıxışında isə həmin dövrdə beynəlxalq qurumların Ermənistanın işğalına qarşı adekvat tədbirlər görmədiyi barədə sərt tənqidlər səsləndirilib.
Xüsusilə Avropa Parlamenti ilə bağlı Prezidentin səsləndirdiyi ittihamlar onun beynəlxalq münasibətlərdə ikili standartlara dair mövqeyinin sərt ifadəsi idi. Burada mühüm məqam ondan ibarətdir ki, bu fikirlər Prezidentin siyasi qiymətləndirməsidir və həmin qiymətləndirmə onun Azərbaycanın 30 illik işğal dövründə üzləşdiyini bildirdiyi münasibət fonunda səslənib.
Azərbaycanın mövqeyinə görə, işğal dövründə Ermənistana qarşı beynəlxalq sanksiya mexanizmlərinin tətbiq edilməməsi ilə 2023-cü ildən sonra Azərbaycana münasibətdə bəzi Avropa institutlarının addımları arasında ciddi ziddiyyət mövcuddur. Prezident məhz bu ziddiyyəti ikili standartların nümunəsi kimi təqdim edib.
Bütün bunların fonunda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərində əldə etdiyi nəticə çıxışın əsas siyasi xəttini təşkil edir. Prezident bu nəticəni yalnız hərbi qələbə kimi deyil, ədalətin və ərazi bütövlüyünün bərpası kimi təqdim etdi. Onun sözlərinə görə, separatçı liderlərin və hərbi cinayət törətmiş şəxslərin Azərbaycan məhkəmələri qarşısında məsuliyyətə cəlb olunması da bu prosesin tərkib hissəsidir.
Burada Azərbaycanın yaratdığı yeni reallığın daha geniş aspekti də var. Prezident Azərbaycan xalqının əldə etdiyi nəticəni dünyada presedent kimi qiymətləndirib. Çünki XX və XXI əsrlərdə işğal olunmuş ərazilərin hərbi-siyasi mübarizə nəticəsində azad edilməsi və dövlətin ərazi bütövlüyünün tam bərpa olunması nadir hadisələr sırasındadır. Azərbaycanın timsalında beynəlxalq hüquqda təsbit edilmiş ərazi bütövlüyü prinsipinin praktiki şəkildə təmin olunması məsələsi xüsusi əhəmiyyət daşıyır.
Lakin Zəfərin mahiyyəti yalnız azad edilmiş ərazilərdə Azərbaycan bayrağının qaldırılması ilə tamamlanmır. Əsl böyük sınaq indi həmin ərazilərdə həyatın yenidən qurulmasıdır.
Böyük Qayıdış Azərbaycanın Zəfər tarixinin növbəti mərhələsidir.
İşğaldan azad edilmiş ərazilərdə yollar, hava limanları, yaşayış məntəqələri, məktəblər, xəstəxanalar, enerji və su infrastrukturu qurulur. Qarabağda və Şərqi Zəngəzurda artıq on minlərlə insan yaşayır, işləyir və təhsil alır; azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən və digər mənbələrdən milyardlarla dollar vəsait yönəldilib.
Bu mənada Qarabağın bərpası sadəcə infrastruktur layihəsi deyil. Bu, tarixi torpaqlarda həyatın yenidən qurulması, insanların doğma yurdlarına qayıtması, mədəni irsin bərpası və regionun gələcəyə hazırlanması prosesidir.
Məscidlərin bərpası da bu prosesin mühüm hissəsidir. İşğal dövründə dağıdılmış dini abidələrin yenidən inşa edilməsi Azərbaycanın öz mədəni və dini irsinə sahib çıxmasının göstəricisidir. Prezidentin çıxışında azad edilmiş ərazilərdə artıq bir sıra məscidlərin bərpa edildiyini qeyd etməsi də bu siyasətin davamlı xarakter daşıdığını göstərir.
Cənab Prezidentin çıxışının əsas mesajlarını bir neçə anlayış ətrafında ümumiləşdirmək mümkündür: milli yaddaş, mədəni irs, türk dünyası ilə birlik, Qafqazda sülh, İslam həmrəyliyi, ədalət, Zəfər və Böyük Qayıdış!
Jalə Əliyeva
Milli Məclisin deputatı