“ Dövlətin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə qayğısı davamlı səciyyə daşıyır” Siyasət

“ Dövlətin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə qayğısı davamlı səciyyə daşıyır”

Dövlət başçısının 2018-ci il 19 aprel tarixli fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Prezidentinin səhid ailələrinə diqqət və qayğısının növbəti təzahüridir və bu proses qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla şəffaf şəkildə həyata keçirilir.
Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Azərbaycan sosial dövlətdir: "Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq reallaşdırılan məqsədyönlü dövlət siyasəti ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər. Azərbaycanda cəmiyyətin ayrı-ayrı təbəqələri arasında ədalətli resurs bölgüsünü təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir və beləliklə, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər".
H.Babaoğlu vurğulayıb ki, Azərbaycanda hərbi qulluqçuların, şəhid ailələrinin, müharibə əlillərinin etibarlı sosial müdafiəsinin təmin edilməsinə xüsusi diqqət göstərilir:
"Son illərdə Prezident İlham Əliyevin məqsədyönlü siyasətinə uyğun olaraq hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə daha geniş şərait yaradıb. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. Bütövlükdə respublikamızda dövlətin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə qayğısı davamlı və çoxşaxəli səciyyə daşıyır. Son 15 ildə Prezident İlham Əliyev Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönələn bir neçə fərman və sərəncam imzalayıb".
Millət vəkili qeyd edib ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsinə yönəlib:
"Sərəncama uyğun olaraq Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət vəsaiti hesabına hər cür rahatlığa malik mənzillər verilir. Ölkəmizdə müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə dövlət vəsaiti hesabına minik avtomobillərinin verilməsi də ənənə halını alıb. Respublikamızda müharibə əlillərinə, şəhid ailələrinə minik avtomobilləri, mənzillər verilməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Son 20 il ərzində ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, altı mindən çox minik maşını verilib ki, bu da dövlətin müvafiq kateqoriyadan olan insanlara qayğısının təzahürüdür. Bu siyasət eyni ardıcıllıqla bu gün də davam etdirilir".
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi prosesi noyabrın 14-dən qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər.