“Bir-birimizi dəstəkləyirik” Siyasət

“Bir-birimizi dəstəkləyirik”

Azərbaycan və Türkmənistanın yüksək inkişaf səviyyəsi ölkələrimizin getdiyi yolun düzgün olmasından xəbər verir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla geniş tərkibdə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Biz Türkmənistanla əməkdaşlığa böyük əhəmiyyət veririk. Siz qeyd etdiyiniz kimi, bizim ümumi köklərimiz, tariximiz, xalqlarımızın yaxınlığı elə bir bünövrədir ki, onun üzərində öz birgə gələcəyimizi qururuq. Həm də təsadüfi deyil ki, biz beynəlxalq qurumlarda birgə fəaliyyət göstəririk, bir-birimizi dəstəkləyirik. İkitərəfli planda əməkdaşlıq potensialını gücləndiririk və bütün bunlar sabitliyə doğru aparır, regional təhlükəsizliyi möhkəmləndirir".
İlham Əliyev bildirib ki, bu gün regional təhlükəsizliklə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir: "Biz görürük ki, dünyanın müxtəlif guşələrində toqquşmalar, qanlı hadisələr baş verir, dövlətlərin təməlini sarsıdan proseslər gedir. Buna görə də düşünürəm ki, belə mürəkkəb vəziyyətdə həm Azərbaycanın, həm də Türkmənistanın yüksək inkişaf səviyyəsi, sabitlik nümayiş etdirməsi xüsusilə əhəmiyyətlidir və bunlar bir daha ölkələrimizin getdiyi yolun düzgün olmasından xəbər verir".
Prezident əlavə edib ki, ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın istiqamətləri çoxdur: "Əminəm ki, indiyədək olduğu kimi, gələcəkdə də beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik".
Dövlət başçısı vurğulayıb ki, həm Türkmənistan, həm də Azərbaycan böyük təbii ehtiyatlara malik ölkələrdir: "Əlbəttə ki, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq təbiidir. Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanlar təqdim edir. Biz şadıq ki, Türkmənistan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilərək əməkdaşlığımızı möhkəmləndirir. Əlbəttə, bizim münasibətlərimizin əsas mövzularından biri nəqliyyat sahəsidir. Təsadüfi deyil ki, mənim nümayəndə heyətimin tərkibində Azərbaycanın bütün nəqliyyat qurumlarının rəhbərləri var. Onlar artıq türkmənistanlı həmkarları ilə fəal işləyirlər. Biz bu gün Sizinlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın bu məsələlərini də müzakirə etmişik. Yəni, biz bu sahədə bütün ölkələrə və xalqlara fayda gətirəcək çoxtərəfli regional əməkdaşlıq üçün çox yaxşı perspektivlər görürük. Belə ki, mən bizim söhbətimizdən çox məmnunam və düşünürəm ki, səfərin nəticələri də çox müsbət olacaq, ölkələrimizin daha da yaxınlaşmasına xidmət edəcək.