“Regionların inkişafına diqqət yetirməliyik” Siyasət

“Regionların inkişafına diqqət yetirməliyik”

Qüdrət Həsənquliyev: "Azərbaycanın bölgələrinə investisiya qoyan sakibkarları 3 il vergidən tam azad edək"

"Son vaxtlar Azərbaycanda Vergilər Nazirliyində vergi inzibatçılığının təkmilləşdirilməsi, şəffaflığın artırılması istiqamətində görülən işləri vətəndaşlarımız, xüsusilə də sahibkarlar çox yüksək qiymətləndirirlər. Ən azından sahibkarlara qarşı mədəni münasibət formalaşmaqdadır".
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı səslındirib. Millət vəkili bu münasibətin son dərəcədə əhəmiyyətli bir məsələ olduğunu bildirib: "Mən də hörmətli İsa Həbibbəylinin təkliflərini dəstəkləməklə yanaşı, əlavə olaraq 106-cı maddə ilə bağlı bir neçə təklif vemək istəyirəm. Hesab edirəm ki, 106-ci maddədə qeyd olunmalıdır ki, əgər insanlar, sahibkarlar xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurlarsa, o zaman onlar gördükləri xeyriyyə məqsədli işlərə görə vergilərdən azad olunmalıdırlar. Məsələn, bu günlərdə çox hörmətli Mehriban xanımın (Birinci vitse-prezident Mehriban Əliyeva – red.) təşəbbüsü ilə "Paşa Holdinq" tərəfindən qaçqınlar üçün böyük bir mənzil kompleksi tikildi. İndi həmin şirkəti buna görə vergiyə cəlb etmək nə dərəcədə doğrudur? Konstitusiyanın 149-cu maddəsnini 1-ci hissəsində qeyd olunur ki, normativ hüquqi aktlar haqqa və ədalətə əsaslanmalıdır və bizim qəbul elədiyimiz qanunlar həm də ictimai əxlaq və etik qaydalarla da dəstəklənməlidir. Əgər kimsə mənfəət qazanmırsa, o halda ondan mənfəət vergisi almaq nə dərəcədə doğrudur? Düşünürəm ki, cəmiyyətdə xeyriyyəçilik fəaliyyətini stimullaşdırmaq üçün biz bu cür fəaliyyətə görə, ödənilən məbləğləri tamamilə vergidən azad eləməliyik. Bu günlərdə mənim diqqətimi "Gallup" mərkəzinin keçirdiyi sorğu cəlb etdi. Bu təşkilat 140 ölkədə sorğu keçirərək, ehtiyacı olanlara kömək edilməsi vəziyyətini öyrənib. Yəqin hökumət üzvləri bu barədə məlumatlıdırlar, Azərbyacan 21 xalla ən aşağı xal toplayan ölkələr sırasındadır. Burada hətta Rusiya və Gürcüstan da 22 və 23 xalla bizdən öndədirlər. İnkişaf etmiş ölkələrdə isə bu 50 - 60 arasında dəyişir. Əslində " Gallup" dövlətlərə çağırış edir ki, dövlət insanları cəmiyyətin problemlərinin həllinə həvəsləndirməlidir. Hesab edirəm ki, xeyriyyəçilik fəaliyyəti ilə bağlı məsələlərdə biz, müəyyən fiziki və hüquqi şəxsləri vergidən azad etsək bu prosesə buna çox böyük bir töhfə vermiş olarıq. Digər tərəfdən, hesab edirəm ki, biz məktəb və uşaq baxçaları tikintisi ilə əlaqədar olaraq bu sahədə fəaliyyəti stimullaşdırmaq üçün onların ən ən azı 3 il vergidən azad olunması, növbəti 5 ildə də vergi güzəştlərinin nəzərdə tutulmasına diqqət yetirməliyik. Ona görə ki, xüsusilə Bakı şəhərində dərslər bir neçə növbəlilik əsasında keçirilir. Hökumətin qarşısında duran ən böyük məsələlərdən biri də budur. Ona görə biz bu istiqamətdə də sahibkarlara güzəştlər eləməliyik ki, bu məsələlər sürətlənsin. Bir də mən əvvəllər də bu mövzuda çıxış eləmişəm, regionların inkişafına diqqət yetirməliyik . Məsələn bu gün yenə də biz mətbuatdan oxuduq ki, Tokio şəhərindən insanların köçməsi üçün Yaponiya hökuməti hər vətəndaşa 26 min dollar vəsait təklif edir ki, onlar Tokiodan çıxıb ucqarlarda yaşasınlar. Biz də sahibkarları stimullaşdırmaq üçün hesab edirəm ki, Bakı, Abşeron, Sumqayıt istisna olmaq şərtilə Azərbaycanın digər bölgələrinə investisiya qoyan, istehsal və emal müəssisələri yaradan sakibkarları 3 il vergidən tam azad edək, 5 il də vergi güzəşti nəzərdə tutaq ki, həm də Bakı boşalsın. Onsuz da əgər bu müəssisələr yoxdusa, hesab edək ki, 5 il bundan sonra da o müəssisə tikilməyəcək. Bizim sahibkarlar çox vaxt kapitalı xaricə çıxarırlar. Gürcüstana, Rusiyaya biz nə qədər investisiya qoymuşuq... Ona görə də düşünürəm ki, belə güzəştlər olarsa düşünrəm ki, Azərbaycanın regionlarını inkişaf etdirə bilərik, Bakını da yüklənməkdən xilas edə bilərik".
Millət vəkili həmçinin "Dövlət borcu haqqında" qanun layihəsıinin müzakirəsi zamanı da fikirlərini bölüşüb: "Mən hökumət üzvlərini burada olmasından istifadə edərək bir məsələyə toxunmaq istəyirəm. Bu məsələ bütün millət vəkillərini narahat edir: Büdcə gəlirlərinin 10 faizindən çoxu dövlət borclarının qaytarılmasına xərclənir - 2 milyard 335 milyon manat. Bu kifayət qədər böyük məbləğdir. Hesab edirəm ki, biz qanunvericiliklə tənzimləyə bilərik ki, büdcənin xərclərinin təqribən hansı hissəsi, 2-3 faizi dövlət borclarının qaytarılmasına sərf oluna bilər. Qanunvericilik qaydasında bu məhdudiyyəti qoymalıyıq. Bir də hesab edirəm ki, bu dövlət zəmanəti ilə götürülən borclara dair müqavilələr Milli Məclisdə təsdiq olunmalıdır. Ona görə ki, dövlət büdcəsi haqqında qanunu biz qəbul edirik, sonra da o borcların qaytarılması haqqında əhalidən yığılan vergilərin hesabına o borcların qaytarılmasına biz məsuliyyət daşıyırıq, biz qanun qəbul edirik. Ona görə də o müqavilələri parlamentdə təsdiq eləməliyik ki, nə dərəcədə əsaslıdır, həmin borcların götürülməsinə nə dərəcədə ehtiyac var. Düşünürəm ki, bu daha ədalətli olar. Bir daha söyləyirəm ki, o borcların qaytarılmasında biz iştirak edirik".

"Növbəti büdcə prosesində baxa bilərik"

Deputatların suallarını cavablandiran Vergilər naziri Mikayıl Cabbarov qey deib ki, millət vəkilləri tərəfindən Vergi Məcəlləsinə təklif edilən bir sıra dəyişikliklər müzakirə edilib. Hesab edirəm ki, təkliflər Məcəllənin daha da təkmilləşməsinə xidmət edir.
Nazir bəzi təkliflərin növbəti dəfə müzakirəyə çıxarıla biləcəyini bildirib: "Millət vəkili Qüdrət Həsənquliyevin xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanların vergidən azad edilməsi təklifi ilk dəfədir irəli sürülür. Hesab edirəm ki, dəyişikliklər nəzərə alınmaqla büdcə bazası hazırlanıb. Hazırda daha geniş bazada azad edilmələr mümkün deyil. Lakin bu təklifə növbəti büdcə prosesində baxa bilərik".
Vergi Məcəlləsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.