
İlqar Altay: "İstəyirlər ki, kiçik qabiliyyətlərinə uyğun Sovetlər mühiti qayıtsın"
Ramiz Alıyev: "Öz xalqına və bir vaxtlar vəzifə sahibi olduğun hakimiyyətə qarşı çıxmaq düzgün seçim ola bilməz"
Azər Həsrət: "Onun kimi insanların Azərbaycana nə faydası ola bilər, nə də dəxli"
Ərəstun Oruclu: "Abbas Abbasovun fikirləri Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir"
Azərbaycanın Baş nazirinin keçmiş 1-ci müavini, "Azerros" Ağsaqqallar Şurasının sədri Abbas Abbasov ilginc açıqlama ilə çıxış edib. Abbas Abbasov Rusiya Xalqları Məclisində çıxışı zamanı onları Rusiya xalqlarını birləşdirən bu məclisin ətrafında birləşməyə çağırıb. "Biz bir dəfə öz ölkəmizi dağıtdıq və onu milli mənzillərə böldük. Artıq Sovet İttifaqı kimi unikal ölkə olmayacaq. Gəlin Rusiya Xalqları Məclisinin ətrafında birləşək və milli-mədəni muxtariyyətlərimiz üzrə hərəkət edək", - deyə o bildirib.
Abbas Abbasov qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyəti informasiya sahəsində fəal işləyir: "Biz öz media şirkətimiz yaratdıq. "Azerros" strukturlarına daxil olan bu media şirkəti Məclisin də fəaliyyətini əks etdirir".
Abbas Abbasov Məclisin fəaliyyətini də təqdir edib. Daha sonra bütün xalqların Məclisin ətrafında birləşməsinin zəruriliyini açıqlayıb: "Əgər kök yoxdursa, bu qollu-budaqlı ağac olmayacaq. Biz də bu prinsiplə yanaşmalıyıq".
Çıxışı zamanı o Rusiyanı "doğma Rusiya" adlandırmaqdan da çəkinməyib.
Abbas Abbasovun SSRİ nostalgiyası nədən qaynaqlanır? Baş nazirin sabiq müavininin rusdan çox rus olmaq iddiasına düşməsinin səbəbi nədir?
Buna münasibətini açıqlayan politoloq Ramiz Alıyev diqqətə çatdırdı ki, ölkəni tərk edib xaricdə yaşayan bəzi eks -məmurlar yaşadığı ölkənin rəğbətini qazanmaq və guya nə vaxtsa hansısa yolla Azərbaycanda hakimiyyət sahibi olmaq xülyası ilə yaşayırlar. O, həmçinin əlavə etdi ki, onlara lazım olan adamı da bu məsələdə inandırırlar: "Hətta lazım olduğu təqdirdə özlərini kimlərinsə yanında sübut etmək məqsədi ilə öz millətindən də çox yaşadığı ölkənin xalqına hörmət nümayiş etdirir: "Bütün bunlar bir oyundur. Təbii ki, hakimiyyətə gəlmək üçün xalqına və bir vaxtlar vəzifə sahibi olduğun hakimiyyətə qarşı çıxmaq düzgün seçim ola bilməz. Ümummilli liderimiz Heyder Əliyev uzun iller SSRİ - yüksək vəzifə sahibi oldu ve hər addımı ilə ölkəmizə, xalqımıza xidmət etdi ki, biz də bu gün o xidmətin nəticəsində müstəqil və güclü olan doğma Azərbaycanımızda yaşayırıq. Hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq öz dövlətinin, xalqının yanında olmalı milli maraqlarımıza zidd olan fəaliyyət göstərməməlidir".
Siyasi şərhçi Azər Həsrət bildirdi ki, Abbas Abbasov kimi insanların Azərbaycana nə faydası ola bilər, nə də dəxli. Onun sözlərinə görə, sadəcə bir zamanlar ulu öndər Heydər Əliyev bu cür adamlara etimad göstərdi ki, bəlkə millətə faydaları toxunar: "Amma görünən budur ki, rusbaşlı elə rusbaşlı olaraq da qalır. Ona görə də ölkəni bu cür adamlardan təmizləmək lazımdır. Demirəm ki, belə düşünənləri ölkədən qovmalıyıq. Sadəcə vacib dövlət vəzifələrinin kimlərə həvalə edilməsinə ciddi diqqət yetirilməlidir".
Siyasi şərhçi Azər Rəşidoğlu dedi ki, Abbas Abbasov daima Rusiya təəsübkeşi olub və indi də Azərbaycanı rusların ayağına yıxmaq istəyir.
Politoloq Ərəstun Orucluya görə, Abbas Abbasovun fikirləri Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Buna görə də onun səsləndirdiyi fikirlər ölkədə heç bir rezonans yarada bilməz: "Yaxşı olardı ki, o, Azərbaycan siyasətinə deyil, Rusiya siyasətinə qarışsın. Mən onun vəziyyətini anlayışla qarşılayıram. O hazırda Rusiyada yaşadığı üçün oranı tərənnüm edir. Onun rəyi, fikri Azərbaycanda heç bir mühüm rol oynamır. Onun bu cür yanaşmaları daha çox Rusiyaya yaxınlığından qaynaqlanır. Abbas Abbasov artıq bir neçə ildir ki, Rusiyada yaşayır. Yaxşı olardı ki, o, Azərbaycan siyasətinə deyil, Rusiya siyasətinə qarışsın. Çünki Abbas Abbasovun fikirləri Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir və onun səsləndirdiyi fikirlər ölkədə heç bir rezonans yarada bilməz".
Onu da bildirək ki, baş nazirin sabiq birinci müavini Rusiyadakı azərbaycanlıları da bu layihəyə (Avrasiya İttifaqına) dəstək verməyə çağırıb. Bundan başqa tədbir zamanı Abbas Abbasovun Rusiya prezidenti yanında şuraya üzv olması üçün namizədliyi də irəli sürülüb və yekdilliklə dəstəklənib.
Professor Qabil Hüseynli isə Abbas Abbasovun açıqlamasını sovet təfəkkürünün növbəti təzahürü adlandırıb: "Abbas Abbasov kimilərin intellektual səviyyəsi belə həssas mövzuları düzgün dəyərləndirib nəticə çıxarmağa imkan verən səviyyədə deyil. Sovet vaxtında Rusiyanın XIX əsrdə Azərbaycanı işğal etməsi könüllü birləşmək kimi təqdim olunurdu. Amma məlumdur ki, odövrkü Azərbaycan xanlıqlarının mütləq hissəsi Rusiya işğalına qarşı mübarizə ararıblar. Hətta işğaldan sonra da Azərbaycan xalqının müstəmləkəçiliyə qarşı mübarizəsi bu və ya başqa formada uzun müddət davam edib. SSRİ-nin dağılmasına təəssüflənmək, Rusiyanın Azərbaycanı işğal etməsinə müsbət don geyindirmək cəhdidir. Təəssüf ki, milliyyətcə azərbaycanlı olan Abbas Abbasov öz şəxsi maraqları naminə bu cür ağlasığmaz mövqe sərgiləyir".
İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay vurğuladı ki, insanlar, şəxsiyyətlər var ki, hər yerdə, istənilən ictimai-siyasi mühitdə, istər Sovetler, istərsə də sonrakı dövrdə lider olmaq qabiliyyətinə, bacarığına malik olublar: "Bəzilərinin imkanı isə yalnız bir mühit üçün, kommunist Sovetler sistemi üçün kifayət edib. Bunlar hər tərəfli inkişafa malik olmayan yarımçıq potensiallılardır. Bu insanlar yeni və geniş dünyada özlərinə yer tapa bilmirlər, vurnuxurlar. İstəyirlər ki, kiçik qabiliyyətlərinə uyğun Sovetlər mühiti qayıtsın, yenidən özlərini suda balıq kimi hiss etsinlər. Belələri indiki postsovet məkanında çoxdur və birisi də Moskvada oturan Abbas Abbasovdur. Əslində SSRİ dövrü bitmiş Çar Rusiyasi imperiyasının ömrünü daha 70 il və daha çürük formada uzadan bir sistem olub. Bu gün Rusiya elitasındakı bir sıra imperiya ambisiozları dünyanın yeni inkişaf dövründə ortaya yeni bir ideya qoya bilmirlər. Çıxış yolunu tarix üçün işlənib tullanmış SSRİ sisteminin bərpasında görürlər. Belə görünür ki, SSRİ formatı rus neoimperiya təmsilçiləri ilə Abbasov kimi baş tutmamış potensialların maraqlarını birləşdirir".
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Abbas Abbasovun məlum davranışının Azərbaycanın milli maraqlarına zidd olduğunu deyib: "Abbasov belə bir mövqe bildirməklə çox ciddi siyasi səhvə yol verir. Bununla belə, Moskvaya sığınmış bir adamdan başqa bir mövqe də gözləməyə dəyməz. Bilirik ki, Abbasovun Rusiya ilə çox sıx bağlılığı var. Bu baxımdan, onun belə danışmağının səbəbi aydındır. Amma Abbasov çox yüksək dövlət vəzifəsi tutmuş şəxs kimi bilməliydi ki, onun bu cür fikirləri Azərbaycanın milli maraqlarına qətiyyən uyğun deyil. Bu, çox səhv, hətta təhlükəli yanaşmadır. Görünür, Abbasovun Rusiyadakı biznesi onun üçün Azərbaycanın maraqlarından daha üstündür".
Əli