“Gərginliyin azalmasını təqdir edirik” Siyasət

“Gərginliyin azalmasını təqdir edirik”

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların formatında istənilən dəyişiklik münaqişənin hər iki tərəfi (Ermənistan və Azərbaycan) üçün məqbul olmalıdır.
Bunu hazırda İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanla birlikdə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Mövcud ənənəyə uyğun davam edən danışıqlar formatı var və bu, münaqişənin həllində konkret nəticələrin əldə olunmasına gətirib çıxara bilər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların formatında edilə biləcək istənilən dəyişiklik üçün münaqişə tərəflərinin (Ermənistan və Azərbaycan) razılığı olmalıdır. Biz başa düşürük ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həllini tapmayıb, amma əminəm ki, addımlı yanaşma bu məsələnin həllini yaxınlaşdıracaq. Danışıqlardakı hər bir müsbət proses təmas xəttində sabitliyi möhkəmləndirəcək. Mən münaqişənin həllinin tapılması istiqamətində faydalı olmaq üçün kömək etməyə hazıram və Minsk qrupu həmsədrləri, eləcə də səfir Kaspşikə tamamilə güvənirəm. Hər şeyi onlarla sıx koordinasiya şəklində edirəm" - Layçak bildirib.
ATƏT sədri onu da vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma arxitekturası Helsinki Yekun Aktında təsbit olunan beynəlxalq prinsiplər üzərində qurulmalıdır.
Layçakın sözlərinə görə, Ermənistan və Azərbaycan liderlərinin son zamanlar keçirdikləri görüşlər nizamlanma və əhalini sülhə hazırlamaq yolunda ciddi əhəmiyyətə malikdir: "Mənim regiona səfərimin başlıca məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğumuzu təsdiqləməkdir. ATƏT-dəki sədrliyimiz insanların maraqlarının müdafiəsinə istiqamətlənib. Biz bu regionda yaşayan insanlar üçün maksimum təhlükəsiz gələcək qurmaq istəyirik. Bu mənada, liderlərin görüşündən sonra son zamanlar təmas xəttində gərginliyin azalmasını təqdir edirik".