“Amerikanın aqressivliyi tədricən onu çox çətin vəziyyətə salır” Siyasət

“Amerikanın aqressivliyi tədricən onu çox çətin vəziyyətə salır”

"Yaponiyanın Osaka şəhərində işə başlayan G20 ölkələrinin dövlət və hökumət başçılarının sammiti dünyanın yeni düzənini müəyyən etməlidir. Çünki hal-hazırda birqütblükdən çoxqütblüyə keçmək məsələsi gündəmə gəlib. Dünyada yeni iqtisadi düzən öz əvvəlki normativ qaydalarını itirib". Bunu açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloqun sözlərinə görə, ABŞ-ın uzun müddət hegemonluğu birmənalı şəkildə diktaturaya gətirib çıxarıb: "Təbii ki, bununla da Avropa İttifaqı, Çin və Rusiya kimi yeni antiamerikan mövqeyi formalaşmağa başlayıb. Bundan başqa Yaxın və Orta Şərqdə ABŞ-ın hazırki tutduğu aqressiv mövqe təbii ki, digər dünya dövlətləri tərəfindən qəbulolunmaz bir məsələdir. Amerikanın aqressivliyi tədricən onu çox çətin vəziyyətə salır. Ona görə də sammitdən öncə Putinlə Trampın ayaqüstü görüşü də, planlaşdırılan görüşlər də hamısı buna ximət edir. Nəzərə alsaq ki, artıq Rusiya Federasiyası və Çin Xalq Respublikası arasında hesablamalarda milli valyutalardan – rubl və yuandan istifadəyə keçid barədə hökumətlərarası saziş imzalanıb. Bu o deməkdir ki, ABŞ hal-hazırda dünyaya ağalıq etdiyi dollarla bağlı mövqeyi də zəifləməyə başlayıb. Bu proses davam edəcək. Çünki ABŞ artıq Hindistanı da hədəfə götürüb.
Nəzərə alın ki, dünya əhalisinin hazırda 3.1 faizi ABŞ-ın düşmən etdiyi dövlətlərdə formalaşıb. Bu o deməkdir ki, əgər bu gün keçirilən sammitdə dünya dövlətlərinin yeni bir konsensusu formalaşmasa, o zaman ekstrasenslərin proqnozlaşdırdığı kimi bu ilin avqust ayında üçüncü Dünya Müharibəsi başlaya bilər. Çünki Tramğın ağılasığmaz gedişləri var. O siyasətə biznes kimi baxır. Təbii ki, siyasət özü bir biznesdir amma ağılın biznesidir, pulun biznesi deyil. İnanıram ki, Osaka sammiti dünyada yeni bir düzənin formalaşmasına start verəcək”.