Keçikçi dağ” hadisəsi AXC-Müsavat hakimiyyəti dövründə olsaydı nələr baş verərdi? Siyasət

Keçikçi dağ” hadisəsi AXC-Müsavat hakimiyyəti dövründə olsaydı nələr baş verərdi?

“Keşikçi dağ” kompleksi ilə bağlı bir müddətdir müşahidə olunan gərginlik fonunda rəsmi Bakının, əksər ictimai qurumların tutduğu mövqe təqdir olunmalıdır. O baxımdan ki, ilk gündən soyuqqanlı və qonşular arasında münasibətlərə zərər vurmamaq istəyi, bu mövqenin əsas ana xəttini təşkil edir.

Bu birmənalıdır ki, Gürcüstanda müxtəlif mövqeli siyasilərin, təxribatçı qrupların cəhdlərinə rəğmən, məhz Azərbaycan hakimiyyətinin soyuqqanlı və düzgün siyasəti ilk gündən münasibətlərin daha da gərginləşməsinə imkan vermədi.

Azərbaycan cəmiyyətinin əksər tanınmış, söz sahibi olan simaları da rəsmi Bakının bu davranışının yanında oldu. “Keşikçi dağ”da Azərbaycan sərhədini qoruyan əsgərin təxribatçılara qarşı münasibəti təqdir edildi. Çünki ağlı başında olan istənilən adam yaxşı başa düşürdü ki, sonuncu insident zamanı yanlış bir hərəkət nələrə yol aça bilərdi?

Amma nə yazıqlar ki, bu yanaşmanın əksini də gördük. AXCP sədri Əli Kərimli, keçmiş müdafiə naziri Rəhim Qazıyev və başqa bu kimi şəxslərin simasında Azərbaycan əsgərini aşağılayan, qızışdırıcı mövqelər sərgiləndi. Haradan idarə olunduqları bəlli olan bir sıra internet tv-lər, sosial şəbəkə istifadəçiləri də Azərbaycan dövlətini, əsgərini gözdən salmaq üçün fəaliyyətə başladılar.

Görəsən, bu adamlar belə açıqlamaların nəyə xidmət etdiyini və nələrə yol aça biləcəyini hesablaya bilmirlərmi? Və ya süni canfəşanlığın arxasından kənar siyasi qüvvələrin boylandığı hiss olunmurmu?

Azərbaycan iqtidarını, əsgərini cəsarətsizlikdə, qorxaqlıqda ittiham edənlərin keçmişləri o qədər qaranlıqdır ki, bu mövzuda danışmaqları belə utanc gətirir. Qazıyev Şuşa gedəcəyi təqdirdə başına güllə vuracağı açıqlamasını ya unudub, ya da cəmiyyətin bunu unutduğu qənaətindədir. Əks təqdirdə indi Bakıda çayxanada oturub ağıllı və gələcək təxribatlara yol açmayan bir davranışı cəsarətsizlik kimi dəyərləndirməzdi...

Kərimli, Qazıyev və bu qəbildən olan başqaları, o hakimiyyətin təmsilçiləridir ki, vaxtilə Surət Hüseynovun hərbi qiyamının qarşısında açiz qalmışdılar. Bir qrup başıpozuq dəstənin qarşısını ala bilmirdilər. Qaçmaq, satmaq məhz bu şəxslərə məxsus xüsusiyyətlərdir. 1993-cü ilin yayında Kərimlinin dövlət katibi olaraq Prezident Aparatından çıxmağa saatlara cürət etməməsinin, axırda köməkçisinin arxasında gizlənərək xidməti avtomobilinə qaçması da danılmaz faktdır. Kərimlinin 2005-ci ildə keçmiş “Qələbə” meydanında mitinq iştirakçılarını oturaq aksiyaya dəvət edib, polisin qanunsuz davranışlara qarşı tədbir görməsini hiss edən kimi birinici qaçmasının da əyani şahidiyik.

Öz lideri Elçibəyi də satan, barəsində təhqiramiz yazılar yazdıran da məhz o, olmuşdu. Onun Elçibəyə münasibətdə ifrata varması, mənəvi-etik məsələləri çox kəskin şəkildə tapdalaması yaddaşlardan silinməyib. Kərimlinin əsl obrazı, siyasi kimliyi Azərbaycan cəmiyyətinə illər öncədən çox yaxşı bəllidir ...

Azərbaycan dövləti və hakimiyyəti indi o qədər güclüdür ki, onun son hadisələrdə təmkinli davranışını başqa istiqamətə yozmaq ancaq Kərimli və onun kimilərinin ağlına gələ bilər. Hakimiyyət və yetkin Azərbaycan cəmiyyəti keçmişi hamıya bəlli olan Kərimli, Qazıyev kimi adamların sözü ilə təxribata uyacaq səviyyədə deyil.

Bir sözlə, Azərbaycan-Gürcüstan münasibətlərin pozulmasının region üçün fəsadlarını görməzdən gəlmək olmaz. Bunu görməmək üçün ya dövlətinə qarşı xəyanətkar, ya da dar düşüncəli, siyasətdən kasad biri olmalısan...

2007-ci il dekabrın 19-da Azərbaycan Prezidentinin sərəncamı ilə “Keşikçi dağ” silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksi Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Bu faktın özü Azərbaycan dövlətinin mövqeyini əks etdirmirmi? Bunu görməzdən gəlib sosial şəbəkələrdə təxribat və qızışıdırıcı mövqe sərgiləməkdə məqsəd həm də Azərbaycan dövlətini ləkələmək, onu nüfuzdan salmaqdır. Bu adamlar Gürcüstanda təxribatçı qruplarla eyni mövqeyə malik şəxslərlə bir cərgədə yer aldıqlarının da yəqin ki, fərqindədirlər...

Bu gün Azərbaycan ordusu, onun bütün qoşun növləri peşəkarların əlindədir. 90-cı illərin əvvəllərində hələ tam formalaşmayan, dağınıq vəziyyətdə, ayrı-ayrı silahlı dəstələrdən ibarət olan silahlı qüvvələrin yerində, hazırda regionda ən güclü, bütün dünyada isə öz imkanlarına görə 50-ci yerdə qərarlaşan Azərbaycan Ordusu var. Bu ordu sözün həqiqi mənasında hamının fəxr, güvən yeridir.
Xatırlatmaq yerinə düşər ki, 2016-cı il aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi tərəfindən Ermənistan silahlı qüvvələri darmadağın edilib və döyüş meydanında ölkəmizin üstünlüyü təmin olunub. 2018-ci ilin may ayında isə Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı zamanı torpaqlarımızın bir hissəsinin və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad olunması bir daha ordumuzun nəyə qadir olduğunu nümayiş etdirib.
Ona görə də “Keçikçidağ” olayı üzərindən Azərbaycan əsgərini aşağılamaq cəhdləri əbəsdir.
Kərimlinin təmsil olunduğu hakimiyyətdə isə ordu pərakəndə dəstələrdən ibarət idi. Təsəvvür etmək çətin deyil ki, “Keçikçi dağ” hadisəsi AXC-Müsavat hakimiyyəti dövründə olsaydı, bilirsiniz nələr baş verərdi? İndi biz çoxdan qonşu və strateji münasibətlərə malik Gürcüstanla müharibəyə başlamışdıq...
Bu baxımdan indi Azərbaycanın gənc, sıravi əsgəri belə siyasi baxımdan Kərimlidən yetkindir desək, yanılmarıq...
Ən nəhayət elə dəyərlər var ki, onu siyasi alver predmetinə çevirmək olmaz. Azərbaycan əsgərinin davranışı üzərindən siyasət qurub, bunu dövlətə qarşı çevirmək, ümumilikdə sərhəd qoşunlarını aşağılamaq yolu ilə heç vaxt rəğbət qazanmaq mümkün deyil. Azərbaycan cəmiyyəti baş verən olayın əsl mahiyyətini yaxşı anlayır və onu da yaxşı başa düşür ki, bu gün sərhədlərimiz etibarlı əldədir, yüksək səviyyədə qorunur.
“Keşikçi dağ” kompleksi ilə bağlı Azərbaycan hakimiyyətinin təmkinli davranışı isə regionda yeni münaqişə ocağının yaranmasının qarşısını alıb. Bununla bağlı maraqlı dairələrin qurduqları növbəti planlar məhz İlham Əliyev iqtidarının düşünülmüş siyasəti nəticəsində heçə enməkdədir...