“Əvvəlcə Allah, sonra da xalq qarşısında cavabdehik” Siyasət

“Əvvəlcə Allah, sonra da xalq qarşısında cavabdehik”

“Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur. Yerli əhali bizə böyük hörmətlə yanaşır”. Bu fikri Rusiyanın Tuva Respublikasının paytaxtı Qızılın Şəhər Şurasının deputatı, Tuvanın Karate Federasiyasının sədri, tanınmış ictimai xadim, diaspor fəalı Çingiz Əliyev deyib.
Çingiz Əliyev bildirib ki, Tuvada digər türk xalqları ilə birgə hər zaman Novruz və başqa bayramları respublika səviyyəsində keçirirlər: “Vətəndən uzaqda yaşamağımıza baxmayaraq mədəniyyətimizi və tariximizi çox sevirəm. Biz Tuvada mədəniyyətimizi yüksək səviyyədə tanıdırıq. Tuva Dövlət Universitetində bir neçə dəfə Azərbaycan mədəniyyəti və türklərin tarixi haqqında mühazirə oxumuşam. Buradakı işimiz sayəsində bir çox tələbə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, eləcə də “Kitabi-Dədə Qorqud” dastanı və s. haqqında məlumat əldə edib. Həmçinin 20 Yanvar faciəsi, Dağlıq Qarabağ münaqişəsi haqqında da mütəmadi olaraq tədbirlərdə çıxışlar edirəm”.
Çingiz Əliyev Rusiyadakı diaspor təşkilatları ilə əməkdaşlığından da danışıb: “Rusiyada çox sayda müxtəlif Azərbaycan diaspor və mədəni təşkilatları var. Bu gün onların birləşib əməkdaşlıq çərçivəsində iş aparması diasporumuzu daha da gücləndirər. Bu, həm də diasporumuzu inkişafa doğru aparar. Birlik olanda hüquqlarımızı da istədiyimiz şəkildə müdafiə edə bilərik. Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudovla əməkdaşlıq edirəm. Onun və komandasının fəaliyyətini çox yüksək qiymətləndirirəm. Bununla yanaşı, Ələkbər və Səadət Qarayevaların fəaliyyətini bəyənirəm. Onlar azərbaycanlılar üçün çox iş görürlər. Krasnoyarsk və Tuvada diaspor düzgün və şəffaf fəaliyyət göstərir. Həm də Krasnoyarskda “Odlar yurdu” ansamblı var. Uzun illərdir ki, Səadət Qarayevanın rəhbərliyi ilə bu ansambl Azərbaycanı uzaq Sibirdə, eləcə də, digər ölkələrdə təmsil edir. Mən hər zaman bu insanlara sayğı və hörmət göstərirəm, onlarla çox yaxın ünsiyyət qururam. Digər bölgələrdə isə diasporun başında duranlardan, demək olar ki, heç birini tanımıram. Ümumi olaraq, demək olar ki, hər şəhərdə dostlarım var. Xaricdə xalqımızın layiqli nümayəndələri çoxdur”.
Çingiz Əliyev deputat olaraq soydaşlarımıza da lazımı dəstək göstərdiyini deyib: “öncə idmançı idim və bacardığım qədər həmyerlilərimizə kömək edirdim. Hazırda isə deputatam və şəhərimizin bütün vətəndaşları kimi, həmyerlilərimlə də bir cərgədə durmağa çalışıram. Həmyerlilərimiz tez-tez müxtəlif məsələlərlə bağlı müraciət edirlər və mən də onlara lazımi dəstək göstərirəm. Ümumiyyətlə, insanlar üçün faydalı olmağı xoşlayıram. Çünki fərqi yoxdur, millət vəkiliyik və ya məmuruq. Əvvəlcə Allah, sonra da xalq qarşısında cavabdehik. Ona görə də istəyirəm hər zaman hər kəsin yanında olum”.
Xatırladaq ki, Çingiz İsaxan oğlu Əliyev 1982-ci ildə Gürcüstanın Qardabani rayonunda doğulub, 1999-cu ildən isə Tuva Xalq Respublikasında yaşayır. Müasir Humanitar Akademiyada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. Dəfələrlə Rusiya, dünya və Avropada keçirilən karate yarışlarında çempion olub və mükafatlar qazanıb, qara kəmər ustasıdır, Tuva Xalq Respublikasında Karate Federasiyasının banisidir.O, Tuva Xalq Respublikasının 100 illiyi və Kızılın yaranmasının 100 illiyi medalları ilə təltif edilib. Həmçinin çoxlu sayda təşəkkür məktubu, diplom və fəxri fərmanlara layiq görülüb.