Erməni ictimaiyyəti təşviş içində Siyasət

Erməni ictimaiyyəti təşviş içində

Ermənistan rəsmiləri geri çəkildiklərini etiraf ediblər

Cavid

Son günlər cəbhə xəttində tərəflər arasınlda silahların yenidən açılması, xeyli sayda itgi və yaralıların olması İkinci Qarabağ müharibəsinin başlaya biləcəyini istisna etmir. Erməni kəşfiyyat diversiya qruplarının hücumu onların böyük sayda itgi verərək geri çəkilməsi ilə nəticələnib ki, bu da erməni ictimaiyyətində böyük təşviş yaradıb.
Sərt senzuraya baxmayaraq, erməni mətbuatı üzləşdikləri real durumdan narahatlıqlarını gizlədə bilmirlər və bu məsələ ilə bağlı həyacan təbili çalır, növbəti müharibənin onlar üçün acı sonluqla nəticələnəcəyini etiraf edirlər. Baxmayaran ki,
düşmən tərəfin bəzi xəbər portalları bu məsələdə yenə də rəsmi Bakını ittihamlayaraq, erməniləri sakitləşdirməyə yönəlik yalan məlumatlar yayırlar. Lakin cəbhədə baş verən həqiqətləri yazan erməni xəbər saytları də az deyil. Məsələn elə avqustun ilk günü cəbhədə baş verənlərlə bağlı erməni jurnalist Eduard Abramyan sosial şəbəkələrdə sensasiyalı bir məlumat çıxış etdi. Mitq.org Analitik Mərkəzinin rəhbəri olan erməni ekspert özünün Twitter səhifəsində bildirdi ki, "Azərbaycan kəşfiyyatçı diversant qrupunun hücumu nəticəsində səhər saatlarına qədər şiddətli döyüşlər gedib və "Dağlıq Qarabağ" ordusu 51 nəfər əsgərini itirib, 35 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar. Ermənistan hakimiyyəti ölkədə baş verə biləcək kütləvi etirazlardan ehtiyatlanaraq, bu məlumatı məxfi saxlamağa çalışır".
Qeyd edək ki, Ermənistanın yüksək dairələri ilə yaxın əlaqələrə malik erməni jurnalistin bu açıqlaması sosial şəbəkələrdəki erməni istifadəçilərin ciddi müzakirələrinə səbəb olmuş və ermənilər Serj Sarkisyanı istefaya çağırıblar.
Bundan sonra ermənilərin 20-dən çox hərbçi itirdikləri barədə Ermənistan Müdafiə Hazirliyinə istinadən tert.am saytında məlumat yayılsa da, sonradan Sarkisyan rejiminin göstərişilə xəbər saytdan çıxarıldı.
I Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşmuş işğalçı Ermənistanın "Arabo" batalyonunun komandiri Manvel Eqiazaryan isə Ermənistan mətbuatına səslənərək cəbhədə baş vermiş əsgər ölümü xəbərlərinin mətbuatda yayımlanmasını tələb edib.
Keçmiş komandir 18-20 yaşlı erməni əsgərlərin cəbhədə həlak olmasınının gizlədilməsini hakimiyyətin qorxusu ilə əlaqələndirib. Eqiazaryan son döyüşlərdə xeyli erməni əsgərin Azərbaycan Ordusu tərəfindən öldürüldüyünü qeyd edib: "Ermənistan iqtidarının özündə Qarabağla bağlı böyük narazılıqlar var, onlar profosianal hərbiçilərin əlinə silah verməyə qorxurlar. Səbəb isə iqtidarlarını itirmək qorxusudur".
Lakin cəbhə xəttində baş verən son olaylar nəticəsində itkilərini gizlətməyə çalışan Ermənistanın Müdafiə Nazirliyi ölən və yaralananlar barədə məlumatları tədricən açıqlamağa başlayıb.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan parlamentin vitse-spikeri Ermine Naqdalyanın rəhbərlik etdiyi deputat qrupu ilə birgə hərbi hospitala yerləşdirilən yaralı əsgər və zabitlərə baş çəkib. Ermənistan Müdafiə Nazirliyinin açıqladığı bu xəbərdə yaralı hərbçilərin sayı qeyd edilməyib. Cəbhədə ölən və yaralananlarla bağlı sayı gizlətməklə Ermənistan Müdafiə Nazirliyi ölkə ictimaiyyətinin qəzəbindən növbəti dəfə yayınmağa çalışıb.
Erməni saytlarında dərc olunan fotoşəkillər cəbhədəki son hadisələrin erməni qadınları ağlar qoyduğunu təsdiqləyir.
Qeyd edək ki, erməni tərəfinin itkilərlə bağlı açıqladığı son məlumatlardan biri də avqustun 4-də Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələrinin muzdlu hərbçisi 40 yaşlı Aram Qriqoryanın öldürülməsiylə bağlıdır.
Yaranmış durumdan təlaş keçirən Ermənistanın baş naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan Azərbaycan-Ermənistan təmas xəttində olublar. Erməni mətbuatı xəbər verir ki, nazirlər Tovuz rayonu ilə həmsərhəd olan Çinari, Ayqedzor və Arçvaberd kəndlərindəki erməni hərbçilərinin döyüş postlarında olublar.
Bundan başqa, onlar sərhədyanı kəndlərin sakinləri ilə də görüş keçiriblər. Kənd sakinləri cəbhədəki vəziyyətin gərgin olması səbəbindən həyatlarının çətinləşdiyini bildiriblər. Onlar baş nazir Ovik Abramyandan qaz, elektrik enerjisinə görə güzəştlərin tətbiq olunmasını, kənd sakinlərinin şəhər universitetlərində pulsuz təhsil almalarını, müdafiə naziri Seyran Ohanyandan isə təhlükəsizliklərinin təmin olunmasını tələb ediblər.
Maraqlıdır ki, bütün ermənilərin katolikosu II Qareqin isə Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məktub ünvanlayıb və onu qoşunların təmas xəttində atəşkəs rejiminin qorunub saxlanılması üçün səy göstərməyə çağırıb.
Onu da bildirək ki, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin cəbhədəki hadisələrlə bağlı açıqlamasından sonra Ermənistanın narahatçılığı bir az da artıb. Qeyd edək ki, bir neçə gün əvvəl erməni jurnalistlər Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinə rəsmi Moskvanın Kollektiv Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü olan Ermənistanın təhlükəsizliyi üçün niyə heç bir addım atmaması barədə sual veriblər. Səfir isə konkret cavab verərək sualdan yayınıb: "Bunun üçün Ermənistan KTMT-yə rəsmi müraciət etməlidir".
Qarabağ daşnaklarının lideri, eks-komandir Vaan Badasyan bəyan edib ki, "Azərbaycan hücum anını hiss edən kimi mütləq əməliyyatlara başlayacaq".
O, Azərbaycanın geniş miqyaslı müharibəyə başlayacağı halda ermənilərin itkilər verə biləcəyini deyib: "Hazırda Azərbaycanın belə imkanı yoxdur. Biz gərək buna hazırlaşaq, amma hazırlaşmırıq. Hazırlaşsaydıq indi orduda psixoloji əhval-ruhiyyə yüksək səviyyədə olardı. İndi hökumət bəzən istəmədən orduda əhval-ruhiyyənin aşağı düşməsinə səbəb olur. Əgər Azərbaycan müharibəyə daha geniş miqyasda başlasa, biz hazır olmadığımıza görə, itkilər verə bilərik".
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arcun Ovannisyan isə açıqlama verərək, cəbhə xəttində atışmaların davam etdiyini və Ermənistan Silahlı Qüvvələrinin bəzi mövqelərdən geri çəkildiyini etiraf edib: "Atışmalar davam edir, doğrudur, bir qədər geri çəkilmişik, amma ölənlərimiz və yaralılarımız yoxdur."
Qeyd edək ki, Azərbaycan Ordusunun Ağdam və Füzuli istiqamətində bir çox postları azad etdiyi haqda məlumatlar yayılıb.
Ermənistan müdafiə naziri Seyran Ohanyan isə İrəvanda keçirdiyi mətbuat konfransında cəbhə xəttində yaranmış gərginlikdən danışıb.
Baş verənlərdə Azərbaycanı günahlandıran, Ermənistan ordusunun möhkəm dayandığını iddia edən Ohanyan özü də bilmədən işlətdiyi ifadələrlə cəbhə xəbərlərini erməni xalqından gizlətdiklərini dilə gətirib: "Biz əməliyyatlarımızın bütün detallarını aça bilmirik. Bir çox faktları axıra qədər aydınlaşdırdıqdan sonra təqdim edəcəyik. Həlak olmuş əsgərləri biz itirmədik, qazandıq. Qəhrəman kimi qazandıq".
Bu açıqlama ilə Seyran Ohanyan qeyri-ixtiyari şəkildə əsgər ölümlərini gizlətdiklərini bildirib.
Qeyd edək ki, Ermənistan ordusu son təxribatı zamanı onlarla hərbçi itirdiyi halda, rəsmi İrəvan yalnız 4 nəfərin həlak olduğunu bəyan edir. Seyran Ohanyan isə dolayısı ilə həmin faktı istintaq başa çatdıqdan sonra açacaqlarını vurğulayır.
Ohanyan dünənki mətbuat konfransında təmas xəttində əsasən erməni zabitlərin dayandığını vurğulayıb. Yəni erməni nazirin sözlərindən belə çıxır ki, Ermənistan ordusu əsasən zabitləri itirib. Amma sadəcə, ölən əsgərlərin adı açıqlanıb.