Beynəlxalq təşkilatlar niyə susurlar? Siyasət

Beynəlxalq təşkilatlar niyə susurlar?

Natiq Miri: "Reaksiyalar daha çox Rusiyaya yönəlikdir"
Elşən Qaraçuqlu: "Bu, məsələyə regionda marağı olan güclərin baxışlarının dəyişməməsindən irəli gəlir"
Azər Həsrət: "Ermənistan Azərbaycana təzyiq üçün bir vasitədir"
Musa Qasımlı: "Bu, erməni lobbisi və diasporunun fəaliyyəti ilə bağlıdır"

Son zamanlar cəbhədə Ermənistan tərəfindən təxribatlar baş verir. Azərbaycan ordusu düşmənin layiqli cavabını versə də beynəlxalq təşkilatların bu məsələdə susqunluğu maraq doğurur. Beynəlxalq təşkilatların Ermənistanın təxribatları ilə bağlı sükuta qərq olmasının səbəbi nədir?
Politoloq Natiq Miri bildirdi ki, dünya gücləri, eyni zamanda beynəlxalq təşkilatlar son hadisələrə Ermənistanın hərbi təxribatları kontekstində yanaşmırlar. Onun sözlərinə görə, onlar Ermənistanın Rusiyanın forpostu olması faktını bilirlər: "Dünya birliyi bu təxribatın mənbəyinin Rusiya olduğuna əmindir. Onu da anlayırlar ki, bu təxribatlar sadəcə Qarabağ problemiylə bağlı deyil, əksinə, Ukraynada baş verən Qərb-Rusiya qarşıdurması fonunda baş verir. Qərb başa düşür ki, Rusiya bu təxribatla onu küncə sıxışdıran Qərbin sanksiyalarını kompensasiya etmək istəyir. Rusiya bununla Qərbin Cənubi Qafqazdakı geosiyasi maraqlarını təhlükəyə atmaqla geri çəkilməsini təmin etmək istəyir. Eyni zamanda Qərb onu da anlayır ki, Rusiya bununla Azərbaycanı öz orbitinə çəkməklə Cənubi Qafqazda əsaslı şəkildə möhkəmlənməyə çalışır. Ona görə reaksiyalar daha çox Rusiyaya yönəlikdir, nəinki Ermənistana. Çünki bu gün Ermənistanın siyasi iradəsi Rusiya orada dominantlıq edərkən onlar üçün hələlik heç nəyi ifadə eləmir".
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Qaraçuqlu "mən deməzdim ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı sükut ediblər",- deyə vurğuladı: "Beynəlxalq təşkilatlardan cəbhə xəttində son günlər baş vermiş bağlı çağırışlar, müraciətlər olub. Lakin ilk olaraq Ukraynada baş verən hadisələr Qarabağ cəbhəsində baş verən hadisələri arxa plana keçirib. Əslində beynəlxalq təşkilatlar tərəfindən edilmiş müraciətlərin özündə də elə bir yenilik yoxdur. Bu da məsələyə regionda marağı olan güclərin baxışlarının dəyişməməsindən irəli gəlir. Belə çıxır ki, daha əlverişli məqamı gözləməliyik. Amma bu o qədər də uzun çəkməyəcək".
Siyasi şərhçi Azər Həsrət dedi ki, ortada çox sadə və hər kəsə bəlli olan səbəb var: "Ermənistan Azərbaycana təzyiq üçün bir vasitədir. İstər qərbin əlində, istərsə də Rusiyanın və hətta İranın. Ona görə də onun şıltaqlıqları belə sükutla qarşılanır. Amma onu da unutmayaq ki, Azərbaycan bu son olaylarda Ermənistana lazım olduğu qədər gücünü göstərə bildi və bundan yəqin ki, onun havadarları da payını almış olacaq".
Millət vəkili Musa Qasımlı deyib ki, Ermənistanın təcavüzkar hərəkətlərinə dünya birliyinin lazımı cavab verməməsi mövcud olan ikili standartlar, erməni lobbisi və diasporunun fəaliyyəti ilə bağlıdır. Musa Qasımlı bildirib ki, beynəlxalq təşkilatlar Ermənistana qarşı yumşaq münasibət göstərir: "Necə olur, Ukrayna məsələsində Rusiyaya qarşı sanksiyalar tətbiq edilir, İraq Küveytə müdaxilə edərkən bombardılman edilir, Liviyaya bir gecə içərisində müdaxilə olunur? Nədən Ermənistanın bu təcavüzünün qarşısının alınması üçün dünya birliyi tədbirlər görmür? Hesab edirəm ki, bu gün Ermənistan beynəlxalq hüquq normalarından doğan prinsipləri ayaq altına atan, BMT Nizamnaməsini kobud şəkildə pozan, terroru dövlət səviyyəsinə qaldıran ölkə olduğundan ona qarşı sanksiyalar tətbiq edilməlidir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin yerinə yetirilməsi Ermənistan rəhbərliyindən tələb olunmalıdır".
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi, Milli Məclisin deputatı Çingiz Qənizadə içə bildirib ki, ABŞ, Rusiya Federasiyası və Fransadan ibarət olan ATƏT-in Minsk qrupu fəaliyyətsizdir, onlar münaqişəni nizamlamaq əvəzinə oyun oynayırlar: "İyulun 31-dən başlayaraq cəbhə bölgəsində başlanan insident, Ermənistan tərəfindən atəşkəsin pozulması və insan tələfatı ilə müşahidə olunan bu açınacaqlı hadisə əldə olunan razılaşmanı və ATƏT -in Minsk qrupunu, onun fəaliyyətini ayaq altına alıb tapdamaqdan başqa bir şey deyil. Bu saymamazlığı ilə Ermənistan dövləti ATƏT-in Minsk qrupunu və bu qrupun həmsədr dövlətlərini ələ salıb və uşaq oyuncağına çevirib. Təəssüf ki, ATƏT-in Minsk qrupu da Ermənistanın onları alçaltmasına, beynəlxalq aləmdə gözdən salmasına dözür. Söhbət ondan gedir ki, Ermənistan açıq şəkildə ATƏT-in Minsk qrupunu, BMT Təhlükəsizlik Şurasını və digər beynəlxalq təşkilatları saymır və saymamaqda da davam edir. Başqa bir faktı diqqətə çatdırmaq istərdim. Tərəflər arasında snayperlərdən istifadə etməmək haqqında bir anlaşma əldə olunmuşdu. Bu dəfə də göründü ki, Ermənistan tərəfi muzdlu snayperlərdən istfadə etməklə öz çirkin niyyətlərini həyata keçirir. Regionda yaranan hadisələrdən sonra belə bir sual meydana çıxır. Bu yaxınlarda Ukrayna və Rusiya arasında baş verən gərginlik və bu hadisələrin fonunda Rusiyaya qarşı Avropa İttifaqının və ABŞ-ın ayrılıqda və birlikdə tətbiq etdikləri sanksiyalar-ardıcıl olaraq 3 sanksiya və iyulun 31-də qüvvəyə minən sonuncu sanksiya ilə Rusiyaya qarşı çox kəskin münasibəti ortaya qoydular. Bununla da Rusiya kimi qüdrətli bir dövlətin iqtisadi və digər maraqlarını sıxmaqla ölkədə bir gərginlik yaratdı. Bu, ictimaiyyətin hakimiyyətin əleyhinə yönəlməsinə təkan verən bir faktdır. Göründüyü kimi, Ukrayna ilə bağlı gərginlik baş verən kimi Avropa İttifaqı və ABŞ dərhal narahat olaraq, ən ciddi sanksiyalara əl atdılar, ancaq 20 ildir ki, Ermənistana heç bir sanksiya tətbiq olunmur. Fikir verin, Avropa Şurasında Rusiyanın səsvermə hüququnu əlindən alırlar və gələcəkdə bu qurumdan çıxarılma məsələsini gündəmə gətirirlər. Ancaq bu qurum nədənsə Ermənistanın nazı ilə oynayır, işğalçı dövlətə sanksiyalar tətbiq etmir. Nə üçün BMT kimi nüfuzlu bir qurumun 4 qətnaməsi 20 ildir ki, icra edilmir? Bir dövlətin digər dövlətin ərazisini işğal etməsi ilə əlaqədar qəbul edilmiş qətnamələr, Avropa Şurasının, ATƏT-in, İslam Konfransı Təşkilatının və digər beynəlxalq qurumların qərarları olduğu halda, Ermənistana "dur!" deyən yoxdur. Bu qətnamələr sadəcə olaraq tullantı və masa üzərində qalan kağız toplusundan başqa bir şey deyil. Nə üçün bu qətnamələrdən irəli gələn addımlar görünmür?
ABŞ, Avropanın aparıcı dövlətləri, həmçinin mötəbər nüfuzlu qurumlarının rəhbərləri hansısa dövlət bayramlarında Azərbaycan xalqını təbrik etməklə bizə dost olduqlarını və xoş münasibət yaratdıqlarını nümayiş etdirirlər. Bizim xalqımıza belə gözdən pərdə asmaq lazım deyil. Biz sadəcə ərazisinin 20 faizi işğal olunan, 1 milyondan artıq sakini qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş xalq olaraq müharibə tərəfdarı deyilik. Biz tələb edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa kimi dövlətlər üzərlərinə götürdükləri missiyanı yerinə yetirsinlər. Bu müddət ərzində üzərinə götürdüyü missiyanı yerinə yetirə bilməyən dövlətin demokratiyadan, haqq-ədalətdən danışmağa mənəvi haqqı çatmır və onlar könüllü olaraq meydandan çıxmalı və qurduqları oyuna son qoymalıdırlar".
Onun fikrincə, 20 ildir ki, dünyanın gözü qarşısında baş verən Ermənistanın vəhşiliyinə, qəddarlığına, günahsız insanları amansızcasına qətlə yetirmələrinə, terror aktlarına ATƏT-in Minsk qrupu və özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi tanıtmaq istəyən beynəlxalq qurumlar göz yumur, arxada isə demokratiyadan, haqq-ədalətdən, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmaqdan dəm vururlar: "Bu, onu göstərir ki, Qərb, Avropa və Amerika Ermənistanı dəstəkləməkdə maraqlıdırlar. Əgər həmin dövlətlərə sual versək ki, axı, Ermənistan kimi işğalçı və terrorçu bir dövləti müdafiə etməkdə sizin maraqlarınızın arxasında nə durur? Görəsən nə cavab verəcəklər? Bu ölkələrin Azərbaycanla iqtisadi, siyasi, mədəni əlaqələri, əməkdaşlıqları var. Hamıya bəllidir ki, Azərbaycan bu dövlətlər üçün çox önəmlidir. Baş verən bütün siyasi proseslərdə əsas günahkar ATƏT-in Minsk qrupunun həmsədr olduğu dövlətlər, Avropa Şurası, Avropa İttifaqıdır. Çünki məhz onları baş verən bütün hadisələrə göz yumur və günahsız insanların qətlini görməməzliyə vururlar. Mən bir milyondan artıq soydaşımızın hüquqlarının pozulmasının görməməzliyə vurulmasını siyasi korluq, nankorluq adlandırardım. Nə vaxta qədər bu qurumlar, özlərini super güc sayıb, başqa ölkələrin daxili işlərinə qarışan, daha dəqiq desək, dəlləkliyi suveren dövlətlərin başında öyrənən bu dövlətlər Ermənistanın işğalçılıq siyasətinə göz yumacaq, üzdə beynəlxalq hüququn norma və prinsiplərindən danışacaq, arxada isə terrorçu Ermənistanı qızışdıracaq, ona yardım göstərəcək? Ermənistan kimi kiçik bir dövlətə sanksiya tətbiq etmək o qədər çətindirmi? ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin bu ədalətsizliyi dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Bütün bunlara rəğmən demək istəyirəm ki, Avropa, Amerika və Rusiya bu oyunlara son qoymalıdırlar...".

Əli