“Paşinyan BMT-də “reket jurnalist” kimi çıxış etdi” Siyasət

“Paşinyan BMT-də “reket jurnalist” kimi çıxış etdi”

Mübariz Əhmədoğlu: “Köməkçiləri ona həqiqəti deyə bilmirlər”

“BMT Baş Assambleyasında Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışına reket “jurnalist”in çıxışı kimi yanaşmaq daha çox düzgündür. O, reallıqda “reket jurnalistika” metodundan istifadə etdi. Vəziyyəti öz məqsədi üçün modelləşdirir, müəyyən bir məqamı post-faktum qəbul edərək iddiasını da onun üzərində qurur. Guya Azərbaycan 1990-cı il və 2016-cı illərdə uğursuz əməliyyatlar reallaşdırıb və indi onların qisasını almaq istəyir”. Bu fikirləri Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu səsləndirib.. O bildirib ki, 90-cı illərdə hərbi əməliyyatlarla bağlı kifayət qədər məlumatlar yayılıb: “Amma hamı unudub, Ermənistan sülh müqaviləsinə ona görə razılaşdı ki, Azərbaycan ordusu uğurlu Horadiz əməliyyatı keçirdi. Atəşkəslə bağlı sənədə Dağlıq Qarabağın adının yazılması isə o vaxt rusiyalı diplomat Kazimirovun aktiv iştirakı ilə baş verdi. 2016-cı ildəki hərbi əməliyyatlarla bağlı vəziyyət bütün beynəlxalq ictimaiyyətə bəllidir. Ən azı hərbi əməliyyatlar dövründə prezident Serj Sərkisyan Almaniyaya qaçdı və məğlubiyyətlərinin səbəbini Rusiyadan köhnə silahlar alması ilə izah etdi. Nikol Paşinyan BMT tribunasında özünü eynilə “Haykakan Jamanak” qəzetinin baş redaktoru kimi apardı; kimdənsə 50-100 dollar alıb, hansısa dövlət rəsmisinə qarşı yazdığı yazı əhval-ruhiyyəsində özünü hiss etdi”.
Politoloq əlavə edib ki, Paşinyanın SSRİ-nin dağılması ilə bağlı dedikləri də cəfəngdir: “SSRİ-nin son dövrlərində ən azı 4 dəfə ümumilikdə sovet respublikalarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul edib. Ən son sənəd 1991-ci ildə Belovej meşəsində Rusiya, Ukrayna və Belarus prezidentlərinin imzaladığı sənəddir. Orada keçmiş SSRİ dövlətlərinin ərazi bütövlüyü sonuncu dəfə təsdiqlənir. BMT-nin qəbul etdiyi prinsipə görə SSRİ respublikaları Rusiyanın razılığı ilə, “uti-posidites” prinsipi əsasında BMT-yə üzv qəbul olunurlar. SSRİ-dən çıxanda Azərbaycanın ərazi bütövlüyü artıq bəlli idi, eynilə həmin ərazilərlə də Azərbaycan BMT-yə üzv qəbul edildi: Dağlıq Qarabağ Azərbaycan Respublikasının de-yure ərazisidir. Bu ayrı məsələdir ki, Paşinyan hədsiz savadsızdır, aşağı intellektlidir, şüuru böhtan kombinatorikası istiqamətindədir. Köməkçiləri ona həqiqəti deyə bilmirlər, çünki Baş nazir Paşinyan onları qorxudub”.