“Njdeyə Yerevanda heykəlin qoyulması...” Siyasət

“Njdeyə Yerevanda heykəlin qoyulması...”

Millət vəkili: “Erməni siyasi hakimiyyətinin kökündə terrorçuluğun durduğunun bariz nümunəsidir”

“Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubununun XVI illik toplantısından sonra artıq bu dəfə Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanı pis duruma saldı. Məsələ ondadır ki, İkinci Dünya Müharibəsində faşizmə qarşı mübarizədə hazırda MDB-nin üzvü olan dövlətlərin xalqları böyük şücaət göstəriblər, böyük itkilər veriblər. Bu mənada faşist əlaltısı olmuş Qaregin Njdenin Ermənistanda populyarlaşdırılması ilə bağlı fikirlərin çatdırılması üçün seçilən məkan çox münasib idi”.
Bunu politoloq Zaur Məmmədov deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin faşist əlaltısı olmuş bir insanla bağlı fikirlərini çatdırmaq üçün bu yeri seçməsi təsadüfi sayıla bilməz: “Orada Njdeyə abidə qoyulması pislənildi və Paşinyan buna cavab olaraq Njdenin əslində sovet ordusuna qarşı deyil, türk ordusuna qarşı vuruşduğunu bildirdi. Prezident İlham Əliyev təbii ki, bunu da cavabsız qoymadı. O, Aleksandr Lukaşenkodan söz alaraq Paşinyana növbəti dəfə bildirdi ki, MDB Dövlət Başçıları Şurasının iclasında bu kimi cəfəng fikirləri hələ heç kim eşitməyib. Faktiki olaraq Paşinyanı ciddi şəkildə tənqid etdi”.
Z.Məmmədov qeyd edib ki, Q.Njde İkinci Dünya Müharibəsi zamanı açıq-aşkar alman faşist ordusu tərəfindən Krımın işğalında, Krım yarımadasına olan hücumlarda, sovet ordusuna qarşı əməliyyatlarda fəal şəkildə iştirak edib: “Ermənilər Njdenin yer aldığı qruplarda fəal şəkildə sovet əsgərlərinin öldürülməsi ilə məşğul idilər. Njdenin əsas istəyi ondan ibarət idi ki, almanlar Cənubi Qafqazı da işğal edərək orada ermənilər üçün bir sıra geniş imkanlar açsın. Bütün bunlar onu göstərir ki, ermənilər indi əslində keçmişdəki faşizm siyasətlərini davam etdirməkdədirlər. MDB dövlət başçıları bu məsələdən təbii ki, yaxşı agahdır”.
Deputat Hikmət Babaoğlu isə deyib ki, Prezident İlham Əliyev Ermənistanın apardığı təcavüzkar siyasəti dünya ictimaiyyətinə çatdırmaqla məsələnin nə qədər təhlükəli olduğunu bir daha göstərdi: “Ölkə başçısı sübut etdi ki, Ermənistanın apardığı işğalçı siyasət faşizmə olan sevgi ilə bağlıdır”. Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında işğalçı Ermənistanda hökm sürən faşizm ideologiyasına söykənən terrorçuluğu bir daha ifşa etdi: “İkinci Dünya müharibəsində faşizmə xidmət etmiş Qaregin Njdeyə Yerevanda heykəlin qoyulması erməni siyasi hakimiyyətinin kökündə terrorçuluğun durduğunun bariz nümunəsidir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğal olunması və soyqırımı törədilməsi faşizm ideologiyasının əyani sübutudur. Ermənistan rəhbərliyi terrorçuluq və faşizmlə silahlandığına görə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində addımlar atmır. Prezident İlham Əliyevin iclasda bu məsələni gündəmə gətirməsi işğalçı Ermənistanın iç üzünün açılması deməkdir. Cənab İlham Əliyev tarixi arqumentlərlə Ermənistan siyasi rəhbərliyinin faşizm ideologiyasını ifşa etdi və MDB məkanında faşizmin qurbanı olmuş insanların xatirəsi kontekstində bunun yolverilməz olduğunu bildirdi”.
H. Babaoğlu əlavə edib ki, Prezident MDB dövlət başçılarına sübut etdi ki, faşizm ideologiyası ilə silahlanmış Ermənistan təkcə Azərbaycan üçün deyil, digər postsovet ölkələri üçün də təhlükəlidir: “Bu çıxış Azərbaycan həqiqətlərinin Ermənistanın işğalçılıq siyasəti kontekstindən bir daha dünyaya çatdırılması idi. Prezident İlham Əliyevin çıxışından sonra MDB dövlət başçıları erməni terrorçularının Xocalı, Ağdaban və Daşaltı faciələrini faşizm ideologiyasına əsaslanaraq törətdiyini dərk etmiş oldular”.