
Elektron ticarət və yenilənən qaydalar
6 Dekabr 23:38
"Azərbaycan istər "Barış pınarı" əməliyyatı, istərsə də bundan əvvəlki antiterror əməliyyatlarında Türkiyəyə verdiyi dəstəklə hər zaman önə çıxıb. Bizim həqiqətən də bir millət, iki dövlət olduğumuz bütün dünyaya nümayiş olundu. Türkiyə və Azərbaycan xalqlarının hər zaman ürəkləri də eyni döyünüb. Bunun üçün Azərbaycan xalqına, dövlətinə və Prezidentinə təşəkkür edirik".
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral keçirdiyi mətbuat konfransında deyib:
"Uzun müddətdir ki, Suriyanın şimalında terrorçuların yerləşdiyi və Türkiyənin buna laqeyd yanaşmayacağı barədə bütün dünyaya məlumat vermişik. Suriyada 9 ildir ki, davam edən vətəndaş müharibəsinin ağrılarını və çətinliklərini bu ölkədən sonra ən çox çəkən Türkiyədir. Suriyadakı müharibələrdən qaçanlara Türkiyə qucaq açıb. Biz Türkiyə olaraq, Suriyada sülhün bərpa olunmasını istəyirik".
Səfir Suriyada 9 ildir davam edən müharibədən ən böyük zərər çəkən ölkələrdən birinin Türkiyə olduğunu deyib: “Bir yandan suriyalıları ölkəmizə qəbul edərkən, bir yandan da sərhədlərimizin təhlükəsizlikliyini təmin etməyə çalışdıq. Suriyadan Türkiyəyə 3 milyon 600 mindən çox adam sığınıb. "Bu günə qədər suriyalı qaçqınlar üçün Türkiyə 40 milyard dollar xərcləyib. Bizə yalnız Avropa dəstək verib. Ancaq vəd edilən 6 milyard dollardan 3 milyardını verib. Türkiyə terrorla mübarizədə heç bir ölkədən dəstək almayıb, əksinə, mübarizə apardığımız terorr təşkilatlarına bəzi ölkələr maliyyə və hərbi yardım edib. Biz Türkiyə Respublikası olaraq Suriyada sülhün bərpa olunmasını istəyirik. Suriya xalqının qanuni haqlarının təmin olunmasına çalışmaq üçün "Barış pınarı" na başladıq".
Səfir bildirib ki, terrordan ən çox əziyyət çəkən ölkələrin başında Türkiyə gəlir: "Terror aksiyalarında 40 min vətəndaşımızı itirmişik. Türkiyə Suriyaya məcbur olduğu üçün girdi. Bu vaxta qədər 4000 km ərazini terrorçulardan təmizləmişik. Bu bölgələri təmizlərkən PKK- PYD ilə yanaşı, İŞİD-lə də mübarizə apardıq" .
Erkan Özoral Qarabağ problemi ilə bağlı ölkəsinin mövqeyini bir daha açıqlayıb: "Qarabağ problemi Azərbaycan üçün nə qədər önəmlidirsə, Türkiyə üçün də o qədər önəmlidir".
Səfir bildirib ki, Türkiyə Dağlıq Qarabağ problemini yalnız Rusiya ilə deyil, bütün görüşlərdə müzakirə edir: "ATƏT-in Minsk qrupu başda olmaqla əlaqədar dövlətlərlə bu problemi müzakirə edirik. Prezident Ərdoğan BMT Baş Assambleyasının Nyu-York sammitində Qarabağ məsələsini qaldırdı. Biz Qarabağ münaqişəsini Azərbaycandan sonra ən yüksək səslə dilə gətirən ikinci ölkəyik. Üzərimizə düşən nə varsa, bundan sonra da etməyə hazırıq".