“İslahatlar kompleks xarakter daşıyır” Siyasət

“İslahatlar kompleks xarakter daşıyır”

Hikmət Babaoğlu: “Bu proses həm də idarəetməyə yeni keyfiyyət dəyişikliyinin gətirilməsidir”

“Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır”. Bunu deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ölkə başçısının həyata keçirdiyi kadr dəyişiklikləri və islahatlardan danışarkən deyib. Millət vəkili qeyd edib ki, islahatların birinci mərhələsi əsasən qanunvericilik və institusional sahələri əhatə etdi: “Dərhal sonra struktural və kadr islahatlarına keçid başlandı. Hazırkı mərhələ daha çox kadr islahatları mərhələsi kimi görünsə də, bir qədər diqqət etsək kadr islahatlarının digər komponentləri ilə paralel həyata keçirildiyini görə bilərik. Çünki 2015-ci ildən bəri alınan qərarlar, imzalanan sərəncam və fərmanlar dediklərimizi təsdiq edir, həmçinin xeyli sahədə nazir vəzifələrinə qədər mühüm dəyişiklərin olduğunu göstərir. Son dəyişiklər isə kadr islahatlarında daha yuxarı idarəetmə strukturlarını əhatə etdiyi üçün daha çox diqqəti cəlb edir. Qısa müddətdə Baş nazirin dəyişməsi, Baş nazirin müavinlərinin işdən azad edilməsi və artıq yeni Baş nazirin müavini vəzifəsinə təyinatın olması kadr islahatlarının daha da dərinləşməsi kimi qiymətləndirilməlidir”.
H. Babaoğlu əlavə edib ki, bu proses sadəcə kadrların dəyişməsi deyil, həm də idarəetməyə yeni keyfiyyət dəyişikliyinin gətirilməsi kimi nəzərdən keçirilməlidir: “Çünki böyüyən iqtisadiyyatı idarə etmək və onun inkişafını təmin etmək qlobal, iqtisadi çağırışlar və milli maraqlar kontekstində olduqca aktualdır. İslahatların ən ümdə vəzifələrindən biri də əhalinin rifah halının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, işsizliyin səviyyəsinin daha da aşağı səviyyəyə salınması, sosial islahatların daha da dərinləşməsi məqsədini daşıyır. Bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi kadr siyasətinin də, islahatlarının da əsasında Azərbaycan xalqının rifahının və ölkəmizin inkişafının təmin olunması məqsədlərinin dayanmasını göstərir”.