Ermənilər “Aprel”dən çıxa bilmir: “Ağdərəni itirə bilərdik” Siyasət

Ermənilər “Aprel”dən çıxa bilmir: “Ağdərəni itirə bilərdik”

2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusunun aldığı zərbənin əks-sədası İrəvanda hələ də davam etməkdədir.
Virtualaz.org xəbər verir ki, Ermənistan parlamenti artıq neçə aydır xüsusi təhqiqat komissiyası quraraq, həmin günlərdə baş verənləri araşdırmağa çalışır. Bu məqsədlə Qarabağda, təmas xəttində xidmət edən erməni zabitləri və əsgərləri ifadə verməyə çağırılır. Keçmiş prezident Serj Sərkisyanın, keçmiş müdafiə naziri Seyran Ohanyanın və digərlərinin də ifadələrinin alınacağı bildirilir.
Komissiyanın məsləhətçisi isə keçmiş müdafiə naziri Vaqarşak Arutyunyandır. O, “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib ki, erməni tərəfi dördgünlük müharibə zamanı yaranmış situasiyanı düzgün qiymətləndirməyib. Bu da operativ və taktiki xətalara səbəb olub.
“Xətalar taktiki və operativ səviyyədə olub. Bu xətalar da həmin səbəblərdən baş verib ki, situasiya düzgün qiymətləndirilməyib”, - o deyib.
Arutyunyan həmçinin komissiya işini başa çatdırmayana qədər detallar haqda danışmayacağını deyib.
Aprel müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini olmuş, indi isə müdafiə nazirinin müşaviri işləyən general-leytenant Enriko Apriamov isə deyir ki, ciddi çatışmamazlıqlar, xətalar olmayıb.
“Əks halda biz Mardakerti (Ağdərə, -red.), Talışı və digərlərini itirə bilərdik”, - o bildirib.
Vaqarşak Arutyunyan isə onunla razılaşmır, deyir ki, xətalar ciddidir.
“Əgər onun nəzər nöqtəsindən baxsaq o zaman Qarabağı təslim etsək, bu ciddi xəta olardı. Əgər biz mövqeləri itirmişiksə bunu necə qiymətləndiririk, ciddi xətadır, ya yox? Mən onun dedikləri ilə razılaşa bilmərəm. Sən nəyi ciddi hesab edirsən, bir halda ki, biz mövqeləri əldən vermişik, daha da betəri, təmas xəttinin dəyişməsi baş verib. Çox olmasa da hər halda olub”, - o deyib.
Vaqarşak Arutyunyan hesab edir ki, həmin günlərdə Azərbaycanın vəzifəsi bir neçə postu tutmaq deyildi, onlar təmas xəttini dəyişməyi və bunun əsasında özlərinin sonrakı diplomatiyasını, siyasətini qurmağı, erməni tərəfinə, həmsədrlərə təzyiqləri artırmağı planlaşdırmışdı.