Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter alması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub Siyasət

Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter alması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub

Azərbaycanın Argentinadakı səfirliyində ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Ölkəmizin Argentinadakı səfirliyindən bildiriblər ki, tədbirdə çıxış edən Azərbaycanın səfiri Rəşad Aslanov ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan danışıb. Bildirib ki, Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin təxminən otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlı olub. Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələri bərpa edilib və zənginləşib, ölkəmizin müstəqilliyi möhkəmlənib, əbədi, dönməz xarakter alıb, ölkəmizin dinamik iqtisadi inkişafı davamlı olub, beynəlxalq nüfuzu artıb.
Müstəqilliyinin ilk illərində Azərbaycanın sosial-iqtisadi böhran, xaos, vətəndaş müharibəsi ilə üzləşdiyi və Ermənistanın işğalçı təcavüzünə məruz qaldığını xatırladan diplomat 1993-cü ildə xalqımızın Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdiyini diqqətə çatdırıb. Bildirib ki, məhz Heydər Əliyevin müdrikliyi sayəsində ölkəmiz düşdüyü çətin vəziyyətdən çıxmağa müvəffəq olub. Ümummilli Liderin Azərbaycan xalqının müstəqillik iradəsinin möhkəmləndirilməsində, gələcəyə nikbin baxışının formalaşdırılmasında, habelə digər dövlətlərin ölkəmizə etimadının artmasında əvəzsiz xidmətləri olub. Bütün bunlar bugünkü Azərbaycan dövlətinin dinamik inkişafına zəmin yaradıb. Səfir Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycanın hazırda Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilməklə yanaşı, onun siyasi nüfuzunun, iqtisadi və hərbi qüdrətinin artırıldığını, xalqın sosial rifahının yaxşılaşdırıldığını diqqətə çatdırıb.
Sonra çıxış edən Türkiyənin Argentinadakı səfiri Şefik Vural Altay Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyi ilk illərdə ölkəsinin Azərbaycandakı səfirliyində çalışdığını bildirib. O, Ulu Öndəri daim siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi və analitik təfəkkürü ilə seçilən siyasi xadim kimi xatırlayacağını deyib. V.Altay Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin xarakterinin dünyaya nümunə olduğunu, bu münasibətləri xarakterizə edən “Bir millət, iki dövlət” konsepsiyasının müəllifinin də ümummilli lider Heydər Əliyev olduğunu deyərək, bu müdrik kəlamın ölkələrimiz arasında dostluğun, qardaşlığın daimiliyini və əbədiliyini təcəssüm etdirdiyini vurğulayıb.
Sonra iştirakçılar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Ömürdən anlar” fotosərgisi ilə tanış olublar.