“Türkiyə Yaxın Şərq bölgəsinin kilid ölkəsidir” Siyasət

“Türkiyə Yaxın Şərq bölgəsinin kilid ölkəsidir”

"Türkiyə Yaxın Şərq bölgəsinin kilid ölkəsidir. Burada baş verən bütün proseslərdə Türkiyənin məsuliyyət payı vardır. Yəni istənilən hadisə mütləq bu və ya digər şəkildə Türkiyəyə də təsir edir və etməməsi də mümkün deyil. O baxımdan Suriyada baş verən hadisələr birbaşa Türkiyəyə dəxli olan hadisələrdir. Xüsusilə nəzərə almaq lazımdır ki, 3 milyon 700 min Suriya qaçqını hazırda Türkiyədə sığınmaqdadır". Bunu siyasi şərhçi Azər Həsrət deyib. Siyasi şərhçinin sözlərinə görə, Türkiyə dövləti həmin qaçqınlara ev verir, çörək verir: "Yəni onların sağlam yaşamasını təmin edir. Əlbəttə ki, Avropanı bu dərdən, bəladan da xilas etmiş olur. Eyni zamanda Türkiyənin qonşuluğunda yerləşən Suriyadakı narahatlıq əlbəttə ki, təkcə qaçqın problemi yaratmır, ümumiyyətlə Türkiyənin özünün güvənliyini təhlükə altına atır. O baxımdan Türkiyə bu baş verən proseslərə mütləq şəkildə müdaxilə etməli idi. Təbii ki, bu günləri baş verən də məhz həmin zərurətdən irəli gələn müdaxilədir. Yəni Türkiyə dövləti bəzilərinin iddia etdiyi kimi Suriyanı işğal etmir, Suriya xalqına qarşı vuruşmur, ümumiyyətlə isə Suriya dövlətini şübhə altına almır. Türkiyə dövləti Suriyada normal sülh içində yaşamın təmin edilməsi üçün öz əsgərlərinin belə canını fəda edir. Bu bir fədakarlıqdır. Əlbəttə ki, həmin hadisələrin bu gedişi həm də Türkiyə dövlətinin, türk əsgərinin qüdrətini dünyaya bir daha göstərmək üçün əlavə fürsətdir. Yəni Türkiyə dövləti istər qonşuları ilə, istərsə də uzaq xarici dövlətlərlə sülh dilində danışmağı bacaran dövlətdir. Lakin lazım gələndə gücdən də istifadə etmək qüdrətindədir. O baxımdan Suriyada baş verənlər sülhyaratma prosesidir. Türkiyə dövləti qonşu ölkənin torpaqlarına göz dikmir, orada həyat normal döndükdən sonra türk əsgəri büsbütün oradan çəkiləcək və suriyalı qaçqınlar öz yurdlarına qayıdıb rahat-rahat yaşaya biləcəklər. Hazırki durumda Türkiyənin Suriya üzərində bir haqqı da yaranmışdır".