Azərbaycan və Türkiyə prezidentlərindən önəmli mesajlar Siyasət

Azərbaycan və Türkiyə prezidentlərindən önəmli mesajlar

İlham Əliyev: "Erməni soyqırımı" yalanına qarşı Türkiyə və Azərbaycan birgə fəaliyyət göstərəcək"
Rəcəb Tayyib Ərdoğan: "Azərbaycan və Ermənistan arasındakı problem həll olunsa, Türkiyə ilə Ermənistan arasındakı problem də həllini tapacaq"

Dünən Azərbaycan prezidentinin iqamətgahında ölkəyə rəsmi səfərə gələn Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib.
APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib. Azərbaycan prezidenti türkiyəli həmkarını qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə də raport verdikdən sonra iki ölkənin dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan dövlət və hökumət nümayəndələri R. T. Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub. Prezidentlər rəsmi foto çəkdiriblər.
Daha sonra prezidentlər arasında təkbətək olub. Görüşdə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Bu səfərin ölkələr arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirilib və münasibətlərin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bundan sonra Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş başlayıb.
R.T.Ərdoğanı prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Türkiyə prezidentinin ilk rəsmi səfərini Azərbaycana etməsi ölkələr arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. Dövlət başçısı qeyd edib ki, görüşdə ikitərəfli və beynəlxalq məsələlər müzakirə olunub. O, bütün məsələlərdə tərəflərin mövqeyinin üst-üstə düşdüyünü vurğulayıb.
R.T.Ərdoğan isə bəyan edib ki, Türkiyə və Azərbaycan rəhbərləri arasında qarşılıqlı ilk rəsmi səfərlər artıq ənənəyə çevrilib və bu da münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Onun sözlərinə görə, görüşdə bir çox məsələlər müzakirə olunub: "Türkiyə-Azərbaycan münasibətləri bundan sonra çox fərqli formada inkişaf edəcək. Hazırda bölgədəki problemlər iki ölkənin müştərək çözəcəyi problemlərdir. Əgər Azərbaycanla Ermənistan arasında problem həll olunsa, Türkiyə və Ermənistan arasındakı problem də həllini tapacaq. Əks halda, Türkiyə və Ermənistan arasındakı durum indiki kimi davam edəcək. Münasibətlərimizin inkişafı yönündə səylər eyni qətiyyətlə davam etdiriləcək".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuat üçün verilən birgə bəyanat verilib. Prezident İlham Əliyev deyib ki, Türkiyə nə qədər güclü olsa, Azərbaycan özünü o qədər güclü hiss edəcək: "Çox şadıq ki, andiçmə mərasimindən bir həftə keçməmiş doğma Azərbaycana - vətənə səfər edirsiniz".
O bildirib ki, bu gün keçirilən təkbətək və geniş tərkibli görüşlərdə ikitərəfli əlaqələr müzakirə olunub: "Bir daha əmin olduq ki, əlaqələr yüksək səviyyədədir. Əlaqələrimiz dostluq və qardaşlıq təməlləri üzərində qurulub".
Prezident İlham Əliyev iki ölkənin beynəlxalq səviyyədə daim bir-birinə dəstək verdiyini, ikitərəfli məsləhətləşmələr apardığını söyləyib: "Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün Türkiyəyə minnətdarlığımı bildirmək istəyirəm. Türkiyə bütün dövrlərdə bu istiqamətdə mövqeyini açıq ortaya qoyub, haqqı-ədaləti müdafiə edib. Görüşümüzdə bu məsələ də müzakirə olundu. Azərbaycan torpaqları işğal altındadır, 1 milyon qaçqın var, etnik təmizləmə siyasəti aparılıb. BMT bu münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Lakin Ermənistan bu qətnamələrə məhəl qoymur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır və əminəm ki, belə olacaq".
Dövlət başçısı qeyd edib ki, "erməni soyqırımı" yalanına qarşı Türkiyə və Azərbaycan birgə fəaliyyət göstərəcək: "Biz qondarma "erməni soyqırımı"nın ifşası ilə bağlı fəaliyyətimizi koordinasiya şəklində aparacağıq. İctimai, diaspor təşkilatlarımız birgə fəaliyyət göstərəcək. Yalanı birgə ifşa edəcəyik".
Prezident İlham Əliyev görüşdə müdafiə sənayesi və energetika sahəsində əməkdaşlıq barədə də müzakirə aparıldığını nəzərə çatdırıb: "Bu gün birgə əsərimiz olan TANAP layihəsi dünyanın diqqətini cəlb edib. Əminəm ki, tarixi layihə vaxtında icra olunacaq. Bu, daha geniş beynəlxalq əməkdaşlıq tələb edən layihədir".
Görüşdə qarşılıqlı sərmayələr də diqqət mərkəzində olub. Azərbaycan prezidenti bildirib ki, yaxın 5 ildə Türkiyəyə daha çox sərmayə qoyulacaq: "Bu, təxminən 17-20 milyard həcmində olacaq. "Şahdəniz" layihəsində Türkiyə də iştirak edir. Türkiyə nə qədər güclü olsa, biz özümüzü o qədər güclü hiss edəcəyik. Əminəm ki, bundan sonra qardaşlıq əlaqələrimiz daha da inkişaf edəcək".
Rəcəb Tayyib Ərdoğan isə bir çox sahələrdə əməkdaşlığa dair müzakirə apardıqlarını, lakin Dağlıq Qarabağ məsələsinin gündəmdəki əsas məsələ olduğunu vurğulayıb: "Bu istiqamətdə bundan sonra atacağımız addımları müzakirə etdik".
R.T.Ərdoğan deyib ki, enerji məsələsi də geniş müzakirə olunub: "TANAP böyük əhəmiyyət daşıyır. Bu, Azərbaycanın enerji sahəsində gücünü ortaya qoyması, barış xətti olması baxımından çox mühüm layihədir. İnşallah, bu ayın 20-də təməlqoyma mərasimi keçiriləcək və işlər başlayacaq. Artıq proses sürətlənəcək".
Türkiyə prezidentinin sözlərinə görə, Azərbaycandakı inkişafı dünya heyrətlə izləyir: "Bunda prezident İlham Əliyev və komandasının böyük rolu var. Ötən dövr ərzində Azərbaycanın inkişafından məmnunam. Qardaşlarımızın güclənməsi gələcəyə ümidlərimizi də artırmaqdadır".
R.T.Ərdoğan Azərbaycanla ticarət dövriyyəsinin həcminin ildə 15 milyard dollara çatdırılmasının qarşıya məqsəd qoyulduğunu açıqlayıb: "İnanıram ki, qardaşlığımız daha da güclənəcək. İki ayrı dövlət, bir millətik, bu, Heydər Əliyevin mirasıdır".