“Kaliforniya erməni etnokriminallarının nəzarətindədir” Siyasət

“Kaliforniya erməni etnokriminallarının nəzarətindədir”

Mübariz Əhmədoğlu: "ABŞ-ın ermənipərəst siyasəti antiazərbaycan mahiyyət üzərində qurulub"

"ABŞ son proseslər zamanı aşkar şəkildə Ermənistanı dəstəklədi. Paradoks orasındadır ki, ABŞ Həsən Həsənovun erməni işğalı altında olan öz rayonunda öldürülməsini yada salmadan Karen Petrasyanın ölümünü şəffaf şəkildə tədqiq etməyə çağırdı. Bu məsələdən ABŞ və Ermənistan hökumətlərinin mövqelərini müqayisə etsək, Ermənistan hökuməti daha insaflı görünür".
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi mətbuat konfransında bildirib.
Politoloq deyib ki, rəsmi İrəvan iki dəfə Həsən Həsənovun ölümünə münasibət bildirib: "Onun Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı ilə dəfn olunduğunu bildirilib. ABŞ isə Həsən Həsənovun adını çəkmir. Eləcə də ABŞ-ın dalınca bu mövqeni Fransa təkrar etdi. ABŞ-ın Ermənistanla xüsusi, özəl münasibətlərinin olması mümkündür və bizcə belə münasibətlər var və çox fundamentaldır. ABŞ indi də inanır ki, Moskvadakı ermənilər ABŞ-ın casuslarıdır, Ermənistan istənilən anda Qərbə doğru qaçacaq, Rusiyadan uzaqlaşacaq bununla da ABŞ Rusiyaya çox böyük zərbə vuracaqdır. Ermənistan inandıra bilib və ya ABŞ inanıb indiki halda bunun bizə o qədər dəxli yoxdur. Dəxli olan odur ki, ABŞ-ın ermənipərəst siyasəti antiazərbaycan mahiyyət üzərində qurulub".
M.Əhmədoğlunun fikrincə, ABŞ Ermənistanı Rusiyaya qarşı istifadə etmək istəyirsə, bunun fərqli metodologiyasını yaratmalıdır: "Elə etməlidir ki, ABŞ-ın Ermənistana olan özəl münasibəti Azərbaycanı incitməsin. ABŞ-ın necə arzulamasından asılı olmayaraq Azərbaycan regionun lider dövlətidir. İndiki təhlükəli dövr bitib real sabitlik erası başlayan kimi Azərbaycanın regionda liderliyinin qəbul edilməsi qaçılmaz olacaqdır. Ona görə ABŞ bu gün ermənipərəstliyini antiazərbaycançılıq üzərində qurursa, bu, ABŞ-ın gələcək regional siyasətinə ciddi zərbədir. Dağlıq Qarabağ münaqişəsinin belə həssas dövründə Kaliforniya ştatının Dağlıq Qarabağın müstəqilliyini tanıması təsadüfi hesab edilə bilməz. Bu ABŞ-ın ermənilərə ilham verməsinin və xüsusi münasibətinin vacib elementidir. Hər halda, ABŞ Dövlət Departamenti Kaliforniya ştatının senatına lazımi təsirləri etsəydi Kaliforniya ştatının senatı belə qərar qəbul etməzdi. bu hadisələrin fonunda Dövlət Departamenti hətta "belə məsələlərdə ABŞ ştatlarının mövqeyi hüquqi gücə malik deyil" bəyanatını vermək istəmədi".
Politoloq qeyd edib ki, rəsmi Vaşinqton Kaliforniyanı erməni etnokriminallarına uduzduğunu etiraf edir: "Kaliforniya ştatı ermənilərin ən çox cəmləşdiyi ştatdır və mətbuatda yayılan məlumatlardan başa düşülür ki, dünyada erməni etnokriminallığının ən çox inkişaf etdiyi region da məhz Kaliforniya ştatıdır. Kaliforniyadakı erməni etnokriminalları öz kriminallıqlarını İT ilə simbioz vəziyyətinə salıblar. Ona görə Kaliforniya ştatının senatına, ayrı-ayrı senatorlara verilən erməni pulunun kriminal və ya İT mənşəli olduğunu ayırd etmək müşkül məsələdir.
ABŞ-ın ermənipərəstliyi fonunda antiazərbaycançılığının daha bir əlaməti onun Əfqanıstandan çıxardığı hərbi texnikanı Azərbaycana satmaqdan imtinasıdır. ABŞ MDB məkanındakı digər münaqişəli regionlara hərbi texnika satır. Eləcə də ABŞ rəsmən Dağlıq Qarabağı Azərbaycan torpağı hesab edir, belə olan təqdirdə hərbi texnika satışından imtinası ermənipərəstliyin nəticəsi kimi qəbul edilməlidir".