Ukrayna böhranı kontekstində Avropanın enerji təhlükəsizliyi Siyasət

Ukrayna böhranı kontekstində Avropanın enerji təhlükəsizliyi

Vaşinqtondakı aparıcı beyin mərkəzində keçirilən tədbirdə Azərbaycanın rolu yüksək qiymətləndirilib
Azərbaycanın ABŞ-dakı səfiri: "Yeni enerji layihələri hər hansı bir dövlətin maraqlarına qarşı yönəlməyib"

Srağagün Vaşinqtondakı Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzində "ABŞ-Avropa Transatlantik İttifaqı: Ukrayna böhranı kontekstində NATO zirvə toplantısı və enerji təhlükəsizliyinin dəyərləndirilməsi" adlı tədbir keçirilib.
Tədbirdə ABŞ Konqresinin üzvləri Maykl Törner və Uilyam Kitinq, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Litva Respublikasının səfiri Ziqimantas Pavilionis və Avropa İttifaqının Birləşmiş Ştatlardakı nümayəndəliyi rəhbərinin müavini Fransua Rivasso çıxış ediblər. Akademik və rəsmi dairələrdən çoxsaylı nümayəndələrin, ictimaiyyət və media mənsublarının iştirak etdiyi tədbirdə NATO-nun Uelsdə keçirilmiş zirvə toplantısının nəticələri və Ukrayna hadisələri zəminində Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.
Tədbirdə çıxış edən səfir E.Süleymanov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra bütün dövlətlərin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə hörmət üzərində qurulmuş prinsipial xarici siyasət yürütdüyünü və digər dövlətlərdən də ölkəmizə qarşı eyni yanaşmanın nümayiş etdirilməsinin zəruriliyini vurğulayıb.
Uels sammitinin nəticələrindən söhbət açan diplomat Azərbaycan tərəfinin NATO-nun yekun bəyanatında bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə etməsindən məmnun olduğunu və bu kontekstdə alyansa üzv dövlətlərin öz siyasətlərində davamlı və birmənalı yanaşma nümayiş etdirməsinin vacibliyini ifadə edib.
Daha sonra E.Süleymanov tədbir iştirakçılarına Azərbaycanın enerji siyasəti barədə məlumat verib. Bu xüsusda, ölkə rəhbərliyinin uzaqgörən siyasətinin həlledici amil olduğunu söyləyən səfir Xəzərin zəngin karbohidrogen ehtiyatlarını Qərb bazarlarına açmış "Əsrin müqaviləsi"nin tarixi əhəmiyyətindən bəhs edib, bu müqavilə çərçivəsində istifadəyə verilmiş Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz boru kəmərlərinin regional enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, regionun ümumi siyasi transformasiyasına, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verdiyini vurğulayıb. Azərbaycanlı diplomat sentyabrın 16-da "Əsrin müqaviləsi"nin 20 illiyi ilə əlaqədar Vaşinqtonda keçirilmiş təntənəli mərasimdə ABŞ federal strukturlarından çoxsaylı yüksək vəzifəli dövlət rəsmiləri, ABŞ Konqresinin üzvləri və akademik dairələrdən olan şəxslərin təmsil olunmasını "Əsrin müqaviləsi"nin reallaşdırılması ilə bağlı əldə edilmiş uğurların Birləşmiş Ştatların rəsmi dairələri və ictimaiyyət nümayəndələri tərəfindən yüksək dəyərləndirilməsinin göstəricisi olduğunu bildirib.
E.Süleymanov ölkəmizin neft ixracatçısı olmaqla yanaşı, son illər ərzində etibarlı qaz təminatçısına da çevrildiyini vurğulayıb. Bununla əlaqədar, "Cənub qaz dəhlizi"nin reallaşdırılması və "Şahdəniz" qazının gələcəkdə Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri ilə nəqlinin Avropanın enerji təhlükəsizliyinə mümkün müsbət təsirlərindən söz açıb. Qeyd olunan layihənin hər hansı bir dövlətin maraqlarına qarşı yönəlmədiyi və digər boru kəmərləri ilə rəqabət aparmadığını xüsusi vurğulayan səfir bu layihənin reallaşdırılmasının həm təminatçı, həm də istehlakçı dövlətlərin maraqlarına cavab verdiyini bildirib.
Daha sonra səfir E.Süleymanov bu yaxınlarda İtaliya hökuməti tərəfindən Trans-Adriatik boru kəmərinin ətraf mühitə təsiri ilə bağlı qiymətləndirmənin müvəffəqiyyətlə başa çatdırıldığını, eyni zamanda, Türkiyə, Yunanıstan və digər tərəfdaş dövlətlərdə də layihə üzrə işlərin uğurla davam etdirildiyini bildirib. E.Süleymanov "Əsrin müqaviləsi"nin 20 illiyi günlərində Bakıda "Cənub qaz dəhlizi"nin təməlqoyma mərasimi kimi tarixi bir hadisəsinin baş verəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Keçmişdə bəzi Avropa dövlətlərinin Trans-Anadolu boru kəmərinin reallaşmasına şübhə ilə yanaşdığını xatırladan diplomat bu layihənin məhz Azərbaycanın və Türkiyənin birgə səyləri nəticəsində reallığa çevrildiyini və bu məqamın bir daha Azərbaycan rəhbərliyinin enerji siyasətinin prinsipiallığına və uzaqgörənliyinə dəlalət etdiyini diqqətə çatdırıb.
Digər natiqlər də çıxışlarında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təminatının şaxələndirilməsində Azərbaycanın mühüm rolunu vurğulayıblar. Konqresmenlər Maykl Törner və Uilyam Kitinq Avropanın enerji təminatının şaxələndirilməsində ən əsas təşəbbüs qismində Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasını nəzərdə tutan "Cənub qaz dəhlizi"nin xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.
Mərkəzin enerji və milli təhlükəsizlik proqramının direktoru və enerji məsələləri üzrə tanınmış mütəxəssis Sara Ladislav Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını xüsusi qeyd edib.
Eyni zamanda, tədbir çərçivəsində regionda cərəyan edən digər proseslər və mövcud təhlükəsizlik çağırışları müzakirə olunub, habelə bu hadisələr kontekstində Uels zirvə toplantısında NATO tərəfdaş dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə birmənalı dəstəyin çox vacib olduğu xüsusi vurğulanıb.