Erməni lobbisi, dirijor çubuğu və Xədicə İsmayıl... Siyasət

Erməni lobbisi, dirijor çubuğu və Xədicə İsmayıl...

Hikmət Babaoğlu: "Bu günə qədər müstəqil mətbuatın onlar haqqında yazdıqları doğrudur"
Zahid Oruc: "Hazırda ölkəmiz əleyhinə bir işarə ilə idarə olunan qüvvələrin hərəkətliliyi artıb"

Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun təşkil etdiyi zirvə toplantısında Azərbaycana qarşı xoşagəlməz hərəkətlərə yol verilib. Belə ki, Ermənistan nümayəndəsinin Dağlıq Qarabağı "müstəqil və demokratik respublika" adlandırmasından sonra çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu rəhbəri Əhməd Şahidov etiraz aksiyası ilə üzləşib. Etiraz edənlərin təşkilatçısı isə Xədicə İsmayıl olub. Bu isə Azərbaycanda sərt təpkilərlə qarşılanıb.
Millət vəkili Zahid Oruc deyib ki, Xədicə İsmayıl bu hərəkəti ilə yenə də diqqətləri öz üzərinə çəkməyə çalışır: "O, düşünür ki, bu tədbir üst imkanlara sahiblənmək üçün bir fürsətdir. Qeyd edim ki, həmin ərəfədə ABŞ prezidenti Barak Obama dünyadakı vəziyyət, ictimai-siyasi proseslər, müxtəlif təhlükəsizlik məsələləri haqda danışırdı. O, Azərbaycanın da adını çəkərək bəzi ölkələrdə QHT sektorunda çətinliklər yaradıldığı mesajını verdi. Həm bu çıxışdan, həm Avropa Parlamentinin məlum qətnaməsindən çıxan nəticə ondan ibarətdir ki, ortada razılaşdırılmış bir plan var. Yəni, məqsəd Azərbaycanın xarici siyasətini cilovlamaq, ölkəmizi təsir altında saxlamaq, bizə diktə etməkdir. Faktiki olaraq, bölgədə müstəqil mövqeyi ilə seçilən dövlətdən hansısa bloklara qoşulmaq tələb edilir".
Millət vəkilinin fikrincə, Xədicə İsmayıl sözügedən tədbirdə bir daha nümayiş etdirib ki, Azərbaycanın beynəlxalq davasını aparmaqda heç vaxt maraqlı olmayıb: "Bundan sonra da heç vaxt şahidi olmayacaqsınız ki, onlar Azərbaycanın məruz qaldığı münaqişədən danışsınlar. Ölkəmizin beynəlxalq maraqları, xarici əlaqələri, bağlanmış sazişlər, müqavilələr və s. həmin insanlar üçün əhəmiyyətli deyil. Onların daxili dayaqları sarsıdıldıqca kənar reaksiyaların şahidi olacağımız əvvəldən bəlli idi. Bir məqamı xatırladım. Bir müddət öncə Sarkisyan Azərbaycanın beynəlxalq aləmdə siyasi və diplomatik fəallığının onlardan qat-qat çox olduğunu, buna qarşı tədbir görməyin zəruriliyini vurğulamışdı. Fikir verin, dərhal üstümüzə Avropa Parlamentinin məlum qətnaməsi ilə gəldilər. Ona görə də hesab edirəm ki, "arxaçevirmə əməliyyatı" da, digər işlər də, bundan sonra verilə biləcək bəyanatlar və təzyiqlər də vahid bir oyunun tərkib hissələridir. Bizim ölkəmizi antirusiya blokuna qoşmağa cəhdlər edirlər. Necə olur ki, həmin beynəlxalq qurumlar Ukraynanın ərazi bütövlüyü ilə bağlı 20-yə yaxın qətnamə və sənəd qəbul edirlər, amma Azərbaycana, Dağlıq Qarabağ münaqişəsinə gələndə münasibət dəyişir? Həmin tədbirlərin böyük əksəriyyətində heç Ukrayna təmsilçiləri iştirak etməyiblər".
Millət vəkilinin qənaətincə, hazırda ölkəmiz əleyhinə bir işarə ilə idarə olunan qüvvələrin hərəkətliliyi artıb: "Bu gün məsələlərin başlıca məğzi geopolitikadır. Həmin müzakirələrin daxili amillərlə heç bir bağlılığı yoxdur. Sizi əmin edirəm ki, Azərbaycan İranla münasibətləri pisləşdirsə, Rusiya əleyhinə çıxsa, NABUCCO-nu Qərbin istədiyi kimi gerçəkləşdirməyə çalışsa, onlar üçün biz ən demokratik ölkə olacağıq. Amma Azərbaycan öz layihəsi ilə geopolitik meydana çıxdı. Məsələnin məğzində neft-qaz maraqları, Azərbaycanın xarici siyasətinə təsir etmək, bizi müxtəlif dövlətlərə qarşı qoymaq, bloklara cəlb etməkdən başqa bir şey yoxdur. Amma ölkəmizi öz modelindən çıxarmaq cəhdləri nəticəsiz qalacaq".
CASCFEN sədri Azər Həsrət də tədbirdə yaşananlardan, Xədicə İsmayılın hərəkətlərindən təəssüf hissi keçirdiyini bildirib: "Təəssüf edirəm ki, o, ermənilərin Azərbaycana hücuma keçdiyi vaxtda qara fikirlərə cavab verməkdənsə, ölkəsinə qarşı bu cür hərəkətlər edir. Xədicə İsmayıl çıxışında qeyd etdi ki, Azərbaycan hakimiyyəti repressivdir, çünki Ukraynadakı Maydan hadisələrinin Azərbaycanda təkrar olunmasını istəmir. Deməli, siz Azərbaycanın Ukrayna kimi qarışıqlığa sürüklənməyini istəyirsiniz? Azərbaycan nə etməlidir, yeni torpaqlarının işğal olunmasına şəraitmi yaratmalıdır? Çox dəhşətli mənzərədir ki, gənclərimiz ermənilərin cavabını verdiyi anda Xədicə İsmayıl və daha bir neçə şəxs belə hərəkətlər edirlər. Halbuki Əhməd Şahidov çıxışında Azərbaycana atılan böhtanlara cavab verirdi. Erməni nümayəndələr Dağlıq Qarabağı ayrıca respublika kimi təqdim edirdilər. Guya orada və Ermənistanda insan haqları yüksək səviyyədə təmin olunur. Biz sübut etdik ki, əsla elə deyil və Ermənistanda insan haqlarının pozulmasına dair faktları ortaya qoyduq. Bu çıxışa Xədicə İsmayılın etiraz etməsi bir azərbaycanlı olaraq məni çox üzdü. Görünən odur ki, bir neçə beynəlxalq təşkilatın, erməni nümayəndələrinin birləşdiyi koalisiyada Xədicə İsmayıl da yer alıb. Onlar vahid cəbhədən Azərbaycana hücum etməklə məşğuldurlar. Xaricilərin qərəzli yanaşması adama o qədər də təsir etmir. Azərbaycanın havası ilə nəfəs alıb, Azərbaycanın çörəyini yeyib gedib ermənilərin sırasında yer tutan adamların hərəkətləri insanı üzür".
Azər Həsrət onu da vurğuladı ki, ölkəmizi müzakirə edən həmin dövlətlərin özlərində insan haqları pozulur: "Elə ABŞ-ın özündə mitinq zorakılıqla dağıdılır, iştirakçılar həbs olunur. Amma heç bir təşkilat bu barədə söhbət açmır. Məqsəd Azərbaycana basqı etmək, hansısa güzəştləri əldə etməkdir. Bilsinlər ki, Azərbaycan öz ayaqları üstdə duran dövlətdir və bu cür təzyiqlərin faydası olmayacaq".
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə bildirib ki, Xədicə ermənilərdən daha irəli getdi: "ATƏT tədbirində ermənilər özlərindəki vəziyyətlə bağlı heç nə danışmadılar. Bütün çıxışlarını Azərbaycana həsr etdilər. Əkrəm Əylislini və daha bir neçə nəfəri təriflədilər. Avropada fəaliyyət göstərən adında "Artsax" sözü olan təşkilatın nümayəndəsi qondarma "DQR"-də "insan hüquqlarının vəziyyəti"ndən danışanda, "demokratiyanın inkişaf etməsi, Azərbaycanda isə diktaturanın tüğyan etməsi" haqda çıxış edəndə Xədicə məmnun-məmnun gülürdü. Əhməd Şahidov buna əks çıxış edəndə isə məlum aksiyanı keçirdi. Deyilənlərə görə Xədicə yazıb ki, aksiyada iştirak edənlərin içərisində erməni yox idi. Yox idisə lap pis. O zaman elə çıxır ki, ermənilər əleyhinə çıxışa hətta ermənilər etiraz etmədi, amma Xədicə etdi..."
O, qeyd edib ki, Ermənistanda və Gürcüstanda siyasi məhbuslar kifayət qədərdir: "Ermənistanda prezident olacaq şəxsləri parlamentdə güllələyiblər, amma danışan yoxdur. Mən dəfələrlə beynəlxalq tədbirlərdə olmuşam. Hökumətləri ən sərt tənqid edənləri də görmüşük, özümüz də tənqid etmişik. Burda nə baş verir? Missiyası dialoq və əməkdaşlıq olan ATƏT 3 gündür hakimiyyətlə Vətəndaş Cəmiyyətinin nümayəndələrinin davasını təşkil edir, nümayəndələri oturub paneldən baxırlar. Bu nəyə xidmət edir? Bununla dövlətlərə təsir etmək mümkündürmü? Xədicə bütün tədbirlərdə, o cümlədən, Azərbaycana aidiyyəti olmayan tədbirlərdə də çıxışlar edir və hakimiyyəti tənqid edir. Ermənilər çıxış edəndə məmnun təbəssüm nümayiş etdirir, ermənilər əleyhinə çıxış başlayanda arxasını çevirir...Hakimiyyətlə dövlətin fərqini yaxşı bilirsiniz. Burada da söhbət dövlətdən gedirdi".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib ki, Xədicə İsmayılova başda olmaqla müxalifətin bəzi nümayəndələri isbat etdilər ki, bu günə qədər müstəqil mətbuatın onlar haqqında yazdıqları doğrudur: "Ayrı-ayrı obyektiv mətbuat orqanlarında Xədicə İsmayılovanın, eləcə də Əli Kərimlinin ətrafında olan bir sıra şəxslərin ermənilərlə birgə işbirliyi ilə bağlı məqalələr yazılır, onların eyni mərkəzdən idarə olunduqları fikirləri irəli sürülür. Ümumiyyətlə, müxalifətçilik milli və dövlət maraqlarına qarşı olmur. Ancaq bunlar hərəkətləri ilə sübut edirlər ki, məhz Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı müxalifətdədirlər. Bu mənada hesab edirəm ki, Əli Kərimli və onunla əlaqədə olan mətbuat orqanları sözün həqiqi mənasında bu gün Azərbaycan ictimaiyyətinin ciddi qınağı ilə üz-üzədir. Onlar bu hərəkətləri ilə anti-Azərbaycan mərkəzləri ilə eyni mövqeni paylaşdıqlarını sübut etmiş olurlar".

Əli