“Şimali Azərbaycan cənubi azərbaycanlıların vətəninin bir parçasıdır” Siyasət

“Şimali Azərbaycan cənubi azərbaycanlıların vətəninin bir parçasıdır”

Qüdrət Həsənquliyev: “Onlarla mənəvi yaxınlığımız, birliyimiz üçün viza rejimi aradan qaldırılmalıdır”

“Qanun layihəsi müzakirə olunanda biz onu da müzakirə etmişik ki, şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gediş-gəliş olsun. Türkiyə artıq bir çox ölkələrlə pasportsuz gediş-gəlişi təmin edib”.
Bu fikirləri Milli Məclisin plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin Hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi səsləndirib. Millət vəkili əlavə edib ki, Gürcüstan,Ukrayna vətəndaşları şəxsiyyət vəsiqələrini təqdim etməklə Türkiyəyə gedib gələ bilirlər: “Biz isə qardaş ölkəyik, hesab edirəm ki, bizdə də pasport məsələsi aradan qaldırlmalıdır.
İkincisi, bu saziş layihəsindən bəlli olmur ki, vətəndaşlar hər dəfə Türkiyə ərazisinə daxil olanda 90 gün qala bilər, yoxsa il ərzində. Biz bilirik ki, başqa ölkələrə girişdə məsələn hətta 5 illik çoxgirişli vizalar verilir. Amma tələb qoyulur ki, bu 5 il ərzində sən tutaq ki, 180 gün hansısa ölkədə qala bilərsən. Bu Saziş layihəsində bu barədə heç bir müddəa yoxdur. İstərdim bu məsələyə dəaydınlıq gətirilsin. Bir də mən əvvəllər də bu məsələni qaldırmışam, indi deputat həmkarım Fazil Mutafa da bu məsələni qaldırdı. İranda bizim 30 milyona qədər soydaşımız yaşayır. İkincisi İran bizim qonşumuzdur. Biz dəfələrlə burada məsələ qaldırmışıq, bunun bir izahı verilsin ki, niyə İranla biz viza rejimini aradan qaldırmırıq? Yəni Şimali Azərbaycan cənubi azərbaycanlıların vətəninin bir parçasıdır. Onlarla mənəvi yaxınlığımız, birliyimiz üçün viza rejimi aradan qaldırılmalıdır. İrandan gəlib burada oxuyan, bizim soydaşlarımız olan tələbələr az qala 3 dəfəyə yaxın, bəzi hallarda 2 dəfədən artıq təhsil haqqı verirlər. Niyə? Məsələn, ünyanın təhsildən milyardlarla qazanc götürən bir çox ölkələrində yerli tələbələr nə qədər təhsil haqqı ödəyirsə, xarici tələbələr də o qədər təhsil haqqı ödəyirlər. Onlar gəlib onsuz da kirayədə qalırlar, burada pul xərcləyirlər, pul qazanırlar. Yəni bu məsələləri mən parlamentdə ona görə qaldırıram ki, bizim müvafiq dövlət, hakimiyyət orqanları bu məsələlər üzərində ciddi şəkildə düşünsünlər”.

Əli Zülfüqaroğlu