20 ildə dəyişməyənləri dəyişmək zamanı... Siyasət

20 ildə dəyişməyənləri dəyişmək zamanı...

Asəf Quliyev: "Eyni partiyalar təşkilatçı, eyni şəxslər iştirakçıdır"

Aydın Hüseynov: "Milli Şuranın təyin etdiyi aksiyalara sosial sifariş yoxdur, əksinə, radikallığa təhrik var"

Milli Şura noyabrın 10-a təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə açıqlamasında Milli Şuranın üzvü, qurumun mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev bildirib. O. Gülalıyev deyib ki, keçən həftənin sonunda Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə Milli Şuranın noyabrın 10-da Yasamal rayonundakı keçmiş "Məhsul" stadionunda "Siyasi məhbuslara azadlıq" şüarı ilə mitinq keçirmək barədə qərar qəbul etdiyi qeyd olunub.
Buna münasibət bildirən millət vəkili Zahid Oruc deyib ki, insanlar müxalifətin hətta birgə təşkil etdikləri mitinqlərə getməyə maraq göstərmirlər: "Çünki onlara sərf etdikləri zamanı vaxt itkisi sayırlar".
Milli Məclis üzvünün sözlərinə görə, Milli Şuranın bir ay tamam olmamış yeni aksiya keçirməsinin xüsusi səbəbləri var: "Bununla da müxalifəti düşdüyü ağır durumdan çıxarmağa çalışırlar. Amma bir fakt da var ki, hazırda Müsavat Partiyası ilə AXCP üzvləri arasında soyuqluq özünün pik nöqtəsindədir. Müxalifətin bu iki partiyası müəyyən məsələlərdə də fikir ortaqlığı yarada bilmirlərsə bu o deməkdir ki, onların Azərbaycan cəmiyyətinə verəcəyi heç nə yoxdur".
Zahid Oruc Milli Şura daxilində baş verənləri dəlillərlə isbat etməyə çalışıb: "Baxın, iyirmi gün əvvəlki mitinqlərə. Milli Şura "Müsavat"a kürsüdə yer ayırmamışdı. Bu da müsavatçıların narazılığına səbəb olub. Bundan başqa, ötən aksiya zamanı onların dediyinə əsasən yeddi min insan mitinqlərdə iştirak edib. Hətta bu da 3 milyondan artıq Bakı seçicisinin heç bir faizi eləmir. Gerçəklik budur".
Parlament üzvü həmçinin vurğulayıb ki, hazırda Azərbaycan müxalifətinin keçirdiyi xırda toplanışları mitinq adlandırmaq olmaz: "Çünki ölkənin mərkəzində bu sayda insan toplamaqla onlar qarşısına qoyduğu heç bir məqsədə nail ola bilməyəcəklər. Bunun da səbəbi sahib olduqları kütlənin azlığıdır. Əgər onlar meydana 100-200 min insan çıxarardılarsa, hər hansı bir niyyətlərini kiməsə eşitdirə bilərdilər. Ən azından özləri üçün nəyəsə nail olmaq olardı. Onu da deyim ki, mitinqlərini keçirdikləri Məhsul stadionunun ərazisi yaxınlığında yaşayan sadə vətəndaş da onların çağırışlarına, danışıqlarına əhəmiyyət vermir. Artıq sadə insanlar da müxalifət sektasının hər hansı vədini dinləməyi vaxt itkisi hesab edir".
Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov deyib ki, bu gün mitinqlərin keçirilməsi üçün sosial sifariş yoxdur: "Ona görə də "Milli Şura"nın keçirəcəyi mitinqin heç bir effekti olmayacaq". Əli Orucov qeyd edib ki, "Milli Şura"nın keçirdiyi mitinqlərdə kütləvilik olmadığından süni alınır: "Onların bundan öncə keçirdiyi mitinqdə də kütləvilik olmadı. Eyni zamanda mitinqlər hazırlıqsız keçirildiyindən, heç bir effekt vermir".
Onun sözlərinə görə, "Milli Şura"da təmsil olunanlar "mövcudluqlarını" göstərmək üçün belə aksiyalar keçirirlər.
Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli isə bildirib ki, Milli Şuranın mitinqlə bağlı qərarından narazıdır: "Biz hansı mitinqlərdən qaçmışıq ki, bunlar belə rəftar edirlər?! Öz aralarında mitinqin vaxtını təyin edirlər. Biz sonradan onların bu qərarından xəbər tuturuq. Mənə Milli Şuranın "Müsavat"ı noyabrın 10-da keçirəcəyi mitinqə dəvət göndərməsi ilə bağlı hələ ki, xəbər daxil olmayıb".
Mustafa Hacılı Milli Şuranın belə bir addımının anlaşılmaz olduğunu deyib: "Biz istər məhbuslarla bağlı, istərsə də digər məsələlərdə mövqe ortaya qoymuşuq. Budəfəki mitinqlə də bağlı xoşməramlı fikrimiz vardı. Bütün müxalifət partiyalarının bütöv şəkildə bir ayara gətirmək istəyirdik. Amma indiki halda Milli Şuranın qərarını dərk edə bilmirəm. Ancaq çox təəssüfləndim".
AXCP sədrinin keçmiş müavini, ötən il prezident seçkilərində Milli Şuranın mitinqlərinin əsas təşkilatçısı olmuş "Xalq arzusu" hərəkatının rəhbəri Asəf Quliyev isə mitinqlərə marağın az olması səbəblərindən danışıb.
Asəf Quliyev ilk növbədə mitinqlərin taktiki formasının köhnə və yanlış olduğunu hesab edir. Onun sözlərinə görə, 20 ildir keçirilən mitinqlərin hamısı eyni formadadır: "Eyni partiyalar təşkilatçı, eyni şəxslər iştirakçıdır. Mitinqlərdə eyni şəxslər də çıxış edirlər. Ümumiyyətlə, tək Azərbaycanda yox, bütün dünyada seçkidən sonra mitinqlərdə kütləviliyin olmaması normaldır. Bu gün gənclərin flaşmobları müxalifətin mitinqlərindən daha kütləvi və daha maraqlı olur. Çünki cəmiyyət fərqlilik istəyir. Dəfələrlə demişəm ki, mitinqlərdə mahnıların seçilməsi, bayraqların müxtəlif formada olması lazımdır. Yoxsa eyni şəxslər çıxıb danışır, onları dinləyənlər də eyni adamlardır".
KXCP sədri Mirmahmud Mirəlioğlu isə Milli Şuranın noyabrın 10-a təyin etdiyi mitinqdən xəbərsizdir. Xatırladaq ki, KXCP rəhbərliyi son vaxtlar Milli Şuranın tədbirlərində iştirak etmir. KXCP sədrinin müavini Xəzər Teyyublu sentyabrın 28-də qurumdan istefa verib. KXCP Milli Şuranın oktyabrın 12-də keçirilən aksiyasında da iştirak etməyib. Həmin vaxt da M.Mirəlioğlu açıqlamasında Milli Şuranın təyin etdiyi mitinq barədə məlumatı olmadığını bildirmişdi.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, Azərbaycanda radikallığa yer yoxdur: "Milli Şuranın təyin etdiyi aksiyalara sosial sifariş yoxdur, əksinə, radikallığa təhrik var. İnsanlar nəyin doğru, nəyin pis olduğunu yaxşı bilirlər. Ona görə də Azərbaycan cəmiyyəti bu partiyalara dəstək vermir. Radikal müxalifətçilik çıxış yolu deyil. Radikal qüvvələr bu cür hərəkətləri ilə öz sonlarını daha da yaxınlaşdırır. Son bir ildə müxalifət İctimai Palata, Milli Şura və digər bu kimi təşkilatlar yaratdılar, aksiyalar təyin etdilər. Ancaq Azərbaycan xalqından dəstək ala bilmədilər. Çünki fəaliyyətləri, məqsədləri və hədəfləri radikallıq idi. Bu gün həmin radikal siyasi qüvvələrin yanında yer alan insanlar demək olar ki aradan çıxıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı radikal müxalifətə qətiyyətlə yox deyir, onu bir daha görmək istəmir".

Əli