.jpg)
15 iyun tarixində ABŞ və İran arasında imzalanan anlaşma memorandumu iki ölkə arasında hərbi qarşıdurmanın dayandırılmasında mühüm addım kimi qiymətləndirilmişdi. Bundan sonra vəziyyət yenidən kəskinləşib. Belə ki, ABŞ İran ərazisində hərbi obyektlərə yeni zərbələr endirib. Buna cavab olaraq İran da ABŞ-nin regiondakı hərbi mövqelərinə və müttəfiqlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyini bildirib.
Qarşılıqlı zərbələr genişmiqyaslı eskalasiya riski yaradırmı?
“Xalq Cəbhəsi” mövzunu ekspertlərlə müzakirə edib.
Kövrək sülh danışıqlarının zədələnməsi
Siyasi ekspert Taleh Əliyev qeyd edib ki, ABŞ ilə İran arasında əldə olunmuş İslamabada razılaşmasının davamlı sülhə gətirib çıxarmayacağı təxmin edilirdi: “Çünki tərəflər arasında əldə olunmuş bu razılaşmada səmimi yanaşma mövcud deyildi. Tərəflər daha çox bu sazişdən, yəni İslamabad sülh Memorandumundan sanki növbəti hərbi məqsədləri və hərbi addımları üçün vaxt kimi istifadə etməyə üstünlük verirdilər və gözlənilən proses də baş verdi. Danışıqlardan 3 həftə keçməsinə baxmayaraq yenidən biz tərəflər arasında ciddi sürətdə kövrək sülh danışıqlarının zədələnməsinin şahidi olduq”.
“Danışıqların yerini hərbi eskalasiya tutacaq”
Ekspertin fikirlərinə görə, artıq 3-4 gündür ki, Hörmüz boğazından keçən gəmilərə İran tərəfindən müdaxilənin edilməsi və buna cavab olaraq ABŞ-nin İranın sahilyanı və ölkənin müxtəlif regionlarında yerləşən hərbi obyektlərinə zərbələr endirməsi, buna cavab olaraq İran silahlı qüvvələrinin, xüsusilə SEPAH-ın hərbi bölmələrinin İordaniyada, Küveytdə, Bəhreyndə amerikan hərbi bazalarını hədəfə alması kimi çoxsaylı atəşkəs prosesinin pozulması faktlarının şahidi oluruq: “Sülh danışıqlarının bitməsi ilə bağlı Trampın vermiş olduğu açıqlama, eləcə də İranın ali dini liderinin ABŞ-dən və İsraildən qisas almaq yönündə xalqın tələbinin olması ilə bağlı vermiş olduğu açıqlamalar onu deməyə əsas verir ki, bundan sonra sülh danışıqlarının yerini hərbi eskalasiya tutacaq.
“Mübahisəli məqamlar var”
Politoloq Turan Rzayev bildirib ki, ABŞ və İran arasında gərginliyin yenidən alovlanması gözlənilən idi: “Tərəflər arasında razılığın olduğu deyilir. Bütün hallarda bu, yekun sülh deyil və tərəflər müharibənin bitəcəyinə dair xüsusi öhdəlik verməyiblər. Əksinə, hər iki tərəf arasında mübahisəli məqamlar var. İranın uran ehtiyatlarını zənginləşdirməsi və əlində olan ehtiyatları təhvil verməməsi, Hörmüz boğazının statusu ilə bağlı yaranan qeyri-müəyyənlik və ABŞ-nin davamlı sürətdə İsraildən təzyiqlər etməsi, İranla gərginliyin davam etdirilməsinin istənilməsi, həmçinin ABŞ-nin özünün də artıq bu prosesdən geri çəkilə bilməməsi, tərəflər arasında bu tipli toqquşmaların hələ bir müddət də davam edəcəyini deməyə əsas verir”.
“ABŞ İrana müdaxilə edə bilmir”
T.Rzayev deyib ki, ABŞ İrana qarşı müdaxilə edə bilmir və həmçinin müttəfiqlərin də bu barədə ətrafa toplaya bilmir: “İran tərəfi isə ABŞ-nin şərtləri ilə razı olmur və ümumiyyətlə Vaşinqtonun içində olduğu vəziyyətin çətinliyini başa düşərək tələblərini irəli sürür, yəni maksimalist mövqedən əl çəkmir. Belə olan təqdirdə də hər iki tərəfin fikir ayrılıqlarının davamlılığı, ortaq məxrəcə gələ bilməmələri və vasitəçilərin səylərinin də nəticəsiz qalması bu tipli insidentlərin baş verməsinə gətirib çıxarır”.
Röya İsrafilova