“Xocalı ağrısı bizim də ağrımızdır” Siyasət

“Xocalı ağrısı bizim də ağrımızdır”

Cemal Akın: "Hər zaman qardaş Azərbaycanın yanındayıq"

Milli Məclisin (MM) deputatı Qənirə Paşayeva Bartın bələdiyyə başqanından Qarabağ adını daşıyan park, Xocalı abidəsi və Xocalı soyqırımının tanınmasını xahiş edib.
Bartında səfərdə olan millət vəkili Q.Paşayeva bələdiyyə başqanı Cemal Akın ilə görüşdə ümummilli lider Heydər Əliyevin dediyi kimi Azərbaycan ilə Türkiyənin bir millət iki dövlət olduğunu, Azərbaycanla Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olmasının məmnuniyyətverici olduğunu deyib.
Q.Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da əlaqələrin getdikcə daha genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələnin vacibliyini qeyd edib.
Millət vəkili Bartın Bələdiyyə başqanı Cemal Akın ilə görüşdə Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu deyərək, Bartın bələdiyyəsinin Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib.
Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da söhbət zamanı əsas müzakirə mövzusu olub və millət vəkili bunlarla bağlı Bartın Bələdiyyə başqanı Cemal Akına geniş məlumatlar verib.
Millət vəkili bələdiyyə başqanından Bartının mərkəzi parklarından birinə Qarabağ adını verilməsi və həmin parkda Xocalı soyqırımı abidəsinin qoyulmasını xahiş edib.
Azərbaycanı çox sevdiyini deyən Bartın Bələdiyyə başqanı Cemal Akın Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, iki ölkə arasında iqtisadi, siyasi iş birliyinin daha da genişləndirilməsinin önəmli olduğunu söyləyib və hər iki qardaş ölkənin bölgələri, bələdiyyələri arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
"Qarabağ problemi, Xocalı ağrısı bizim də problemimiz və ağrımızdır"- deyən Bartın Bələdiyyə başqanı Cemal Akın "hər zaman qardaş Azərbaycanın yanındayıq", - deyə, bildirib.