Azərbaycan səfirliyi Vyetnam ictimaiyyətini Ermənistanın təxribatı barədə məlumatlandırır Siyasət

Azərbaycan səfirliyi Vyetnam ictimaiyyətini Ermənistanın təxribatı barədə məlumatlandırır

Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması nəticəsində yaranmış vəziyyət barədə Vyetnam ictimaiyyətinin geniş məlumatlandırılması məqsədilə Azərbaycan səfirliyində mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Vyetnamın aparıcı kütləvi informasiya vasitələrinin, o cümlədən milyonlarla izləyicisi olan dövlət televiziya kanallarının, çap və elektron media resurslarının nümayəndələrinin iştirak etdiyi konfransda səfir Anar İmanov Ermənistanın Azərbaycana hərbi təcavüzünün tarixi, ərazimizin 20 faizinin işğalı, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsi, bir milyon insanın isə qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə məlumat verib. Səfir BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən təcili, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə, habelə Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təsisatların çoxsaylı sənədlərinə baxmayaraq, rəsmi Yerevanın bu işğalçılıq siyasətini bu günə qədər davam etdirdiyini deyib. Son illər ərzində Azərbaycan tərəfinin davamlı etirazlarına baxmayaraq, işğal olunmuş ərazilərə müxtəlif dövlətlərdən ermənilər köçürülüb. İşğal altında olan ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsinə yönəlmiş bu addımın 1949-cu il Cenevrə Konvensiyalarına zidd olduğu və beynəlxalq humanitar hüquqa əsasən beynəlxalq cinayət sayıldığı vurğulanıb.

Sonra sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, ağır artilleriyadan istifadə edilməklə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, sakinlərə və mülki obyektlərə qarşı törədilmiş hücumlar barədə danışılıb. Bildirilib ki, Azərbaycanın Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirləri həyata keçirir.

Ermənistan silahlı qüvvələrinin təxribatçı əməlinin təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməsinin zəruriliyi vurğulanıb. Səfir Ermənistanın davam edən hərbi təcavüzünün və bu ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun regional sülh və sabitliyə böyük təhlükə yaratdığını bildirib.

Diplomat jurnalistləri erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirilmiş etnik təmizləmə və bunun nəticəsində bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə Vyetnam ictimaiyyətini məlumatlanmağa çağırıb. Qeyd olunub ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, digər yeddi rayonu da işğal edilib, bu ərazilərdə işğalçı Ermənistan tərəfindən elan edilən qondarma "respublika"nı heç bir ölkə tanımayıb. Azərbaycanın işğal olunmuş ərazilərində məhz Ermənistan silahlı qüvvələri yerləşib, Azərbaycan əks-hücum əməliyyatını da beynəlxalq ictimaiyyət tərəfindən tanınmış öz əraziləri daxilində keçirir.

Sonra Yaxın Şərq ölkələrindən, ilk növbədə Livan və Suriyadan Dağlıq Qarabağa erməni muzdlularının və terrorçularının, o cümlədən ASALA terror təşkilatının üzvlərinin gətirildiyini və onların münaqişədə birbaşa iştirak etdiyi bildirilib. Qarabağda döyüşən ASALA üzvlərindən birinin sosial şəbəkələrdə erməni diasporuna ünvanlanmış videomüraciəti nümayiş etdirilib. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və mülki obyektlərini hədəfə aldığını əks etdirən fotolar, Azərbaycanın Müdafiə Nazirliyinin Ermənistanın hərbi texnikasının məhv edilməsini və torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarını əks etdirən videolar da nümayiş etdirilib. Jurnalistlərin suallarını cavablandıran səfir A.İmanov, münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi barədə məlumat verib.

Qeyd edək ki, mətbuat konfransında Ermənistanın son təxribatçı əməlləri ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin press-relizləri və səfirlik tərəfindən Vyetnam dilində nəşr olunmuş "Erməni terrorçuluğu", "Xocalı soyqırımı" kitabları və "İRS" jurnalının Vyetnam dilindəki növbəti buraxılışı, habelə münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri (Vyetnam dilində) toplantı iştirakçılarına təqdim olunub.