Azərbaycan prezidenti və Macarıstan baş nazirinin geniş tərkibdə görüşü olub Siyasət

Azərbaycan prezidenti və Macarıstan baş nazirinin geniş tərkibdə görüşü olub

Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Avropa İttifaqı çərçivəsində əməkdaşlıq, regional və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Noyabrın 11-də Budapeştdə Azərbaycan prezidenti İlham Əliyevin və Macarıstanın baş naziri Viktor Orbanın geniş tərkibdə görüşü olub.
Macarıstanın baş naziri Azərbaycan prezidentini parlament binasının önündə qarşılayıb.
Macarıstan hökumətinin üzvləri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə baş nazir Viktor Orbana təqdim olunub.
Geniş tərkibdə görüşdə çıxış edən Viktor Orban prezident İlham Əliyevin səfərinin əhəmiyyətini yüksək qiymətləndirib, ölkənin parlamentində və ümumiyyətlə siyasi həyatında Azərbaycana böyük marağın olduğunu vurğulayıb.
"Bizim hər birimiz ölkənizdə əldə olunan tərəqqini böyük heyranlıqla izləyirik", - deyən baş nazir Azərbaycanın iqtisadi tərəqqisinin, o cümlədən qeyri-neft sektorunun uğurlu inkişafının Macarıstanda maraqla izlənildiyini diqqətə çatdırıb. Macarıstanın baş naziri prezident İlham Əliyev dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafında rolunu vurğulayıb, əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın olduğunu qeyd edib.
Sonra prezident İlham Əliyev çıxış edib. Azərbaycan prezidenti deyib ki, ölkələr arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir və əlaqələr qarşılıqlı etimada söykənir.
Ölkələr arasında güclü siyasi əlaqələrin olduğunu deyən prezident İlham Əliyev iqtisadi sahədə də münasibətlərin uğurla inkişaf etdiyini, ticarət dövriyyəsinin artdığını və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin mövcudluğunu vurğulayıb. İmzalanacaq sənədlərin əhəmiyyətindən danışan dövlət başçısı onların ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yaxşı hüquqi baza yaratdığını bildirib.
Söhbət zamanı əlaqələrin yeni imkanlarının nəzərdən keçirilməsinin önəmi vurğulanıb, birgə hökumətlərarası komissiyanın fəaliyyətinin bu baxımdan əhəmiyyəti qeyd edilib.
Azərbaycanla Macarıstan arasında enerji, təhsil, humanitar, əczaçılıq, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivlərinin müəyyən edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq, regional və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.