İşğalçı ilə danışıq dili... Siyasət

İşğalçı ilə danışıq dili...

Sahib Alıyev: "Şənbə günü Ali Baş Komandan İlham Əliyev Şəmkirdə hərbi şəhərcikdə generallara nə etməli olduqlarını dedi"

Vüqar Əsgərov: "Azərbyacan ordusu sayıqdır, düşmənə hər bir halda cavab verməyə, təxribatların qarşısını almağa tam hazırdır"

Üzeyir Cəfərov: "Rəsmi Bakı ermənilərin bütün təxribatçı hərəkətlərinin üzərinə var gücü ilə getməlidir və onlara layiqli cavabı verməlidir"

Ermənistan tərəfi noyabrın 12-də Azərbaycan Ordusunun məhv etdiyi vertolyotun düşdüyü ərazidə ATƏT-in şəxsi nümayəndəsinin mandatı altında monitorinqin keçirilməsini tələb edir. Bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovannisyan sabah ATƏT-in cəbhə xəttində keçirməyi planlaşdırdığı monitorinqin vertolyotun vurulduğu ərazidə keçirilməsini tələb edib. Onun fikrincə, əks halda monitorinq keçirməyin əhəmiyyəti olmayacaq. Ovannisyan hələ də hərbi vertolyotun düşdüyü əraziyə yaxınlaşa bilmədiklərini və cəsədləri götürə bilmədiklərini söyləyib.
Monitorinqə rəhbərlik edəcək ATƏT sərdinin şəxsi nümayəndəsi Anjey Kasprşik hazırda Dağlıq Qarabağdadır.
Onu da əlavə edək ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində vurulan Ermənistanın hərbi helikopterinin yeni görüntüləri yayılıb. Erməni mətbuatının yaydığı videoda hər iki helikopterin cəbhə xətti boyunca uçduğu və helikopterlərdən atəş açıldığı aydın şəkildə görünür. Halbuki, Ermənistan tərəfi indiyədək israrla bəyan edirdi ki, həmin helikopterlərdə heç bir silah olmayıb və sadəcə uçuşlar həyata keçiriblər. Erməni mətbuatında yayılan bu video Ermənistan Müdafiə Nazirliyini ifşa edib və bu kimi bəyanatların həqiqətə uyğun olmadığını sübut edir.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası noyabrın 12-də daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.
Cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib.
Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopterlərində biri məhv edilib, digəri isə uzaqlaşıb. Helikopterin vurulması nəticəsində 3 pilot ölüb.
Hərbi ekspert Vüqar Əsgərov bildirib ki, Ermənistanda daxili siyasi gərginlik pik həddə çatıb və xalq üsyana qalxıb. Məhz belə bir şəraitdə Sarkisyan rejimi daxildə diqqəti öz üzərindən yayındırmaq üçün cəbhədə gərginlik yaradır: "Cəmiyyətə də belə təqdim olunur ki, Sarkisyan hakimiyyəti üçün əsas olan Azərbaycan Silahlı Qüvvələrinin hücumlarının qarşısını almaqdır. Təbii ki, bu kimi addımlarla hakimiyyət öz xalqını çaşdırmağa çalışır".
Hərbi ekspert qeyd edib ki, erməni təxribatçılarının son günlərdə cəbhədəki vəziyyəti gərginləşdirməsi sırf Sarkiyan rejiminin mənafeyinə işləyən addımlardır: "Erməni helikopterinin vurulması düşmənlərdə xüsusi bir qisasçılıq meyli yaradıb. Onlar hazırda müxtəlif üsullar axtarırlar ki, vurulmuş helikopeterin əvəzini çıxsınlar. Ancaq Azərbyacan ordusu sayıqdır, düşmənə hər bir halda cavab verməyə, təxribatların qarşısını almağa tam hazırdır. Cəbhədə atəşkəsin mütəmadi olaraq pozulması da ermənilərin planlarının bir hissəsidir. Ermənilər Azərbyacanı təxribata həm də ona görə çəkməyə çalışırlar ki, baş verə biləcək hər hansı bir insidentdən öz mənafeləri üçün istifadə etsinlər, erməni həyasızlığı ilə dünyaya səs salslnlar. Eyni zamanda "bizim də silahımız var, qorxmuruq" bəyanatları ilə bizə psixoloji təzyiq etməyə çalışırlar. Bu da ağılısız və məntiqsiz bir addımdır. Çünki Azərbaycan Sialhlı Qüvvələri həm psixoloji, həm də fiziki baxımdan tam hazırlıqlı formadadır".
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, rəsmi Bakı ermənilərin bütün təxribatçı hərəkətlərinin üzərinə var gücü ilə getməlidir və onlara layiqli cavabı verməlidir. Onun sözlərinə görə, Ermənistan tərəfi "Mİ-24" tipli hərbi helikopterin Azərbaycanın Ağdam rayonu ərazisində hansı hüquqi əsaslarla peyda olmasına və ümumiyyətlə uçuşlar etməsinə aydınlıq gətirməlidir. Bunun özü bizim üçün çox vacib məqamdır. Onsuz da hamı bilir ki, Ermənistan işğalçı dövlətdir. Hesab edirəm ki, rəsmi Bakı Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) və digər beynəlxalq qurumlarda bu məsələnin üzərinə getməlidir. Əgər diqqət yetirsək görərik ki, elə ATƏT-in Baş katibi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi də, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç də, o cümlədən NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi, BMT Baş katibinin nümayəndəsi və s. bir ağızdan mücərrəd, məlum olmayan bəyanatlar səsləndiriblər. Amma nədənsə, onlar o məsələyə toxunmurlar ki, hansı əsaslarla işğalçı ölkənin hərbi helikopteri Azərbaycanın ərazisində peyda olub? Axı onlara bu icazəni kim verib? Çünki, Azərbaycan 2012-ci ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatına, o cümlədən ATƏT-ə, BMT-yə və digər qurumlara rəsmi olaraq məktub göndərib bildirmişdi ki, Azərbaycanın hava məkanında hər hansı başqa dövlətin təyyarəsinin, vertolyotunun qanunsuz peyda olunması müqabilində Azərbaycan onları vurmaq və yaxud hansısa tədbir görmək səlahiyyətini özündə saxlayır. Bəyan olunub ki, işğal olunmuş ərazilərdə də qeyri-qanuni uçuşlar həyata keçirilərsə, həm işğalçı dövlətin, həm də onların havadarlarının hərəkətləri cavabsız qalmayacaq".
Millət vəkili Sahib Alıyev isə düşmən helikopterinin vurulması ilə bağlı ictimaiyyətdə səslənən çoxsaylı fikirlərə münasibət bildirərkən deyib: "Artıq emosiya və eyforiyanı bir qırağa qoyaraq, onun üzərində düşünməliyik ki, düşmənin atacağı cavab addımlarını necə zərərsizləşdirməliyik. Şənbə günü Ali Baş Komandan İlham Əliyev Şəmkirdə hərbi şəhərcikdə generallara nə etməli olduqlarını dedi. Dövlətimizin başçısı onu da bildirdi ki, indən sonra erməni təxribatlarının qarşısı daha qətiyyətlə alınacaq. Yəqin ki, bizi helikopterlərini vurulmasından qat-qat artıq itkilərlə hədələyənlər bunu etməyə qalxsalar, nə ilə üzələşəcəklərini də anlamış oldular.
Biz də cəmiyyət olaraq indi Azərbaycanın Qarabağ üzərində tam suverenliyinə, beynəlxalq hüququn diliylə desək "effective control"a daha tez çatması üçün nə etməli, necə davranmalı olduğumuzun üstündə düşünməliyik. Düzdür, o nəyi haqq edirdisə, onunla da üzləşdi. Amma həmin pilot da Ermənistandakı hərbi xuntanın çoxsaylı qurbanlarından biridir. Onun ölmündə də günahkar indi Ermənistan adlanan dövlətin başında duranlardır. Bütün nifrətlər onlara yönəldilməlidir. Həm də ona görə ki, təhlükəli olan ölmüş yox, diri düşməndir".
Qeyd edək ki, düşmən helikopterinin vurulmasından artıq bir həftəyə yaxın vaxt keçsə də, sosial şəbəkələrdə vətəndaşlarımızın bu hadisə barəsində müzakirələr aparmağı səngiməyib.

Əli