Şuşanın azad edilməsi ordumuzun gücünün, xalqımızın birliyinin və Müzəffər Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin göstəricisidir Siyasət

Şuşanın azad edilməsi ordumuzun gücünün, xalqımızın birliyinin və Müzəffər Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin göstəricisidir

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirdi. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Bu zəfər faktiki olaraq müharibənin taleyinin həllində önəmli rol oynayacaq və böyük önəm kəsb edir.

Bu tarixi hadisəyə münasibət bildirən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ordumuzun bu uğurunun hərbi-siyasi və tarixi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti hamıya məlumdur. Mədəniyyətimizə böyük sənətkarlar, diplomatiyamıza uzaqgörən siyasətçilər, hərbimizə böyük qəhrəmanlar bəxş edən Şuşanın 1992-ci il mayın 9-da erməni birləşmələri tərəfindən işğal edilməsi xalqımızı ikiqat sarsıtmış, onda böyük kədər hissi doğurmuşdu.

Cəlil Xəlilov deyib ki, 28 il yarım ərzində xalqımız Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın işğal edilməsi ilə barışmayıb, işğal altındakı bütün torpaqlarımızın, o cümlədən doğma Şuşanın azad ediləcəyinə hər zaman inanıb. Bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz Şuşanı erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi, onun ümid və gözləntilərini, arzu və istəyini reallığa çevirdi. Şuşanın azad olunması o deməkdir ki, ordumuz onun ətrafındakı digər yaşayış məntəqələrinə də nəzarət edə biləcək, düşməni bu torpaqlarımızdan da çıxarmaq üçün Şuşanın üstün strateji mövqeyindən istifadə edə biləcək.

"Əminəm ki, Şuşanın azadlığı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılacaq. Çünki Şuşa həm birinci Qarabağ müharibəsi, həm də indiki Vətən Müharibəsi dövründə savaşın əsas açar nöqtəsi hesab edilirdi. Biz bundan sonra Ermənistanın daha böyük itkilər və daha acı məğlubiyyətlərlə üz-üzə qalacağının şahid olacağıq.

Mən Şuşanın azad edilməsi münasibətilə şanlı ordumuzu və Azərbaycan xalqını təbrik edirəm, dövlətimizin başçısına bu qələbəyə görə minnətdarlığımı çatdırıram. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Məhz xalqımızın ordumuza, Prezidentimizə, dövlətimizə göstərilən dəstəyin nəticəsidir ki, Şuşa Azərbaycan əsgərinin şücaəti sayəsində işğaldan azad edildi. Əminəm ki, ordumuz işğal altındakı digər torpaqlarımızı da azad edərək ərazi bütövlüyümüzü tam təmin edəcək, erməni işğalını öz müzəffər yürüşü ilə sonlandıracaq", - deyə polkovnik bildirib.