Ermənistan rəsmiləri 30 il bundan öncə olduğu kimi, hələ də xəyallardan çıxış edir - Leyla Abdullayeva Siyasət

Ermənistan rəsmiləri 30 il bundan öncə olduğu kimi, hələ də xəyallardan çıxış edir - Leyla Abdullayeva

Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycanın Qarabağ bölgəsinə Ermənistan rəsmilərinin qanunsuz səfərlərinə haqq qazandırmaq cəhdi və bunun 10 noyabr tarixli üçtərəfli bəyannamənin öhdəliklərinə zidd olmadığını iddia etməsi Ermənistan rəsmilərinin əfsuslar olsun ki, 30 il bundan öncə olduğu kimi hələ də xəyallardan çıxış etdiyini və bölgədə mövcud olan yeni reallıqdan nəticə çıxarmadıqlarını nümayiş etdirir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistan XİN-in nümayəndəsinin şərhi ilə bağlı açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Bu isə o deməkdir ki, Ermənistan rəhbərliyi Qarabağda yaşayan insanları, sülh və təhlükəsizlik, rifah şəraitində gələcək birgəyaşayışı deyil, keçmişə yönük, dar siyasi maraqlarını fikirləşir. Bu siyasətin Ermənistan üçün nə ilə nəticələndiyi isə göz qabağındadır".