Bir çox ölkələr "Azərbaycan modeli"ni öyrənir - Deputat Siyasət

Bir çox ölkələr "Azərbaycan modeli"ni öyrənir - Deputat

İstənilən sahədə diqqəti cəlb edə bilməyən, çoxsaylı sağlam münasibət doğurmayan və bəyənilməyən bir tədbir, fəaliyyət modelə çevrilə bilməz. Ancaq Azərbaycanda həyata keçirilən çox mühüm tədbirlər yaxşı haldır ki, bu gün "Azərbaycan modeli" kimi dəyərləndirilir və dünyaya nümunə kimi bəxş edilir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputatın sözlərinə görə, biz Birinci Avropa Oyunlarından sonra bunun şahidi olduq və Azərbaycanda keçirilən beynəlxalq idman tədbiri demək olar ki, bütün dünyanı heyran etdi:

"Bundan sonra bir çox xarici ölkələr oyunların keçirilməsi sahəsində Azərbaycanın təcrübəsini öyrənməyə, təşkilati işlərə maraq göstərəməyə başladılar. Prezidentimizin xatırlatdığı kimi, bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Azərbaycan modeli" haqqında danışır və bu sahədə dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri çox yüksək qiymətləndirərək dünyaya nümunə kimi göstərir. Dövlət başçımız qeyd edir ki, dünyanın aparıcı rəy sorğusu şirkəti də Azərbaycan vətəndaşları arasında təhlil, rəy sorğusu aparıb. Vətəndaşlardan 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir".

T.Rzayev vurğulayıb ki, bu, qürurverici haldır: "Ciddi düşünülərək görülmüş işlər koronavirusa qarşı ilk gündən həyata keçirilən qabaqlayıcı tədbirlərin, dünya ölkələrinə verilən bəşəri dəyərlərin, insanların sağlamlığına və təhlükəsizliyinə göstərilən diqqət və qayğının nəticəsidir:

"Bu gün bütün sahələrdə bu diqqət və qayğı özünü göstərir. Əminik ki, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti sayəsində dövlətimiz hələ çox sahələrə öz möhürünü vuracaq və "Azərbaycan modeli" ifadəsi daha tez-tez səslənəcəkdir".