“Terror lənətlənməlidir, amma... ortalıqda çoxsaylı suallar var” Siyasət

“Terror lənətlənməlidir, amma... ortalıqda çoxsaylı suallar var”

Elçin Mirzəbəyli: "Kəsəsi, şetyanın (İŞ) İ(D)T-i yenə də öz işini gördü"

Fransanın paytaxtında baş vermiş terror aktı bu gün ən çox müzakirə olunan mövzuya çevrilib. Siyasi partiyalar, ekspertlər bu hadisəni birmənalı şəkildə lənətləyirlər. Eyni zamanda dünyada bir nömrəli problemə çevrilən terror bəlasının arxasında dayanan amillər də diqqətdən kənarda qalmır.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının katibi, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, Məhəmməd Peyğəmbərin karikaturasını yayan "Charlie Hebdo" jurnalının redaksiyasına hücum Avropanın təhlükəsizliyi məsələsini yenidən və daha qabarıq şəkildə gündəmə gətirəcək, mühacirlərə qarşı sərt tədbirlərin həyata keçirilməsinə, miqrasiya şərtlərinin sərtləşdirilməsinə, ən əsası isə Avropanın "vahid düşmən"ə qarşı ABŞ-ın ətrafında daha da sıx birləşməsinə imkan yaradacaq: "Avropa ölkələrinin liderləri müdafiə və təhlükəsizlik xərclərini artırmaq məcburiyyətində qalacaqlar. Daha doğrusu, bunun üçün əlverişli ictimai rəy qazanacaqlar. Seçkilər zamanı verilən sosial xarakterli vədlərin arxa plana keçirilməsi isə onalara heç bir problem yaratmayacaq. Eyni zamanda son günlər bəzi Avropa ölkələrində, o cümlədən Almaniyada və Fransada islamafobiyaya qarşı həyata keçirilən aksiyalar, dinlərarası münasibətlərin tənzimlənməsi ilə bağlı bəzi xristian din xadimlərinin və ictimaiyyət nümayəndələrinin atdığı addımlar da öz effektini itirəcək. Fransua Ollandın ABŞ-dan Rusiyaya qarşı sanksiyaları yüngülləşdirmək tələbinə birdəfəlik nöqtə qoyuldu...
Şübhəsiz ki, baş verən hadisə terror aktıdır və lənətlənməlidir. Amma... ortalıqda çoxsaylı suallar var. "Charlie Hebdo" jurnalının redaksiyasına hücum oluna biləcəyi ilə bağlı Avropa mətbuatı az qala hər gün həyacan siqnalı çalırdı. Baş verən hadisə sübuta yetirir ki, ciddi təhlükəsizlik tədbirləri görülməyib. Kəsəsi, şetyanın (İŞ) İ(D)T-i yenə də öz işini gördü".