Səfir: “Qazaxıstan şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirakda maraqlıdır” Siyasət

Səfir: “Qazaxıstan şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirakda maraqlıdır”

Qazaxıstanın Bakıdakı səfirliyində “Qazaxıstan–Azərbaycan: əməkdaşlığın yeni imkanları” mövzusunda işgüzar görüş keçirilib.

APA-nın Qazaxıstan səfirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkənin müasir iqtisadi prioritetləri, ticarət-iqtisadi, energetika, tranzit-nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti, onların post-pandemiya dövründə inkişaf perspektivləri müzakirə olunub.

Tədbirdə çıxış edən Qazaxıstan səfiri Serjan Abdıkarimov pandemiya və karantin məhdudiyyətləri şəraitində Azərbaycanla ikitərəfli ticarət dövriyyəsinin aşağı düşməsini nəzərə alaraq, onun artırılması, hər iki ölkənin bazarına çıxarılan malların nomenklaturasının genişləndirilməsi istiqamətində bütün mövcud olan vasitələrdən istifadə olunmasının vacibliyini vurğulayıb. Səfir qeyd edib ki, Qarabağ ətrafında vəziyyətin stabilləşməsi Cənubi Qafqazın və Türkiyənin Qazaxıstan və Mərkəzi Asiya ölkələri ilə daha geniş transregional inteqrasiyası, iki ölkənin Xəzər liman infrastrukturun artan potensialının açılması, Qazaxıstan şirkətlərinin Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak etməsi üçün yeni şərait yaradır.

TRACECA HK-nin Baş Katibi Aset Asavbayev Azərbaycan və Qazaxıstanın TRACECA müasir tranzit-nəqliyyat infrastrukturun yaradılması istiqamətində səylərini yüksək qiymətləndirib, rəqəmsal texnologiyaların tətbiqi üzrə işlərdən bəhs edib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin Baş direktoru Taleh Ziyadov çıxışında Qazaxıstanın və Azərbaycanın dəniz limanların fəaliyyətinin bundan sonra da sinxronlaşdırılması, Ələt limanının modernləşdirilməsi və tranzit potensialının artırılması istiqamətində tədbirlər haqqında danışıb.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Qazaxıstan biznesinin Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasında iştiraka hazır olmasını alqışlayıb.

Azərbaycanda “Qazaxıstan Ticarət Evinin” fəaliyyətini təqdim edən təsisçisi Rüfət Rzayev Azərbaycan bazarında öz yerini tuta biləcək Qazaxıstan mallarının yüksək keyfiyyətini vurğulayaraq, iki ölkənin biznes nümayəndələri arasında sıx işgüzar əlaqələrin qurulmasının vacibliyini qeyd edib. O, həmçinin, birbaşa aviareyslərin bərpasından sonra Bakıda malların sərgisinin keçirilməsi üçün Qazaxıstan ticarət missiyasının təşkili ilə bağlı planlar haqqında da danışıb.

Görüşdə iştirak edən qazaxıstanlı sahibkarlar Azərbaycanda biznesin aparılması şəraitini müsbət qiymətləndirərək, iki ölkə arasında işgüzar dairələri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar Azərbaycanın azad olunmuş ərazilər də daxil olmaqla, yeni biznes-layihələrin həyata keçirilməsində maraqlı olduqlarını qeyd ediblər.