Azərbaycan Prezidenti: Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq Siyasət

Azərbaycan Prezidenti: Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq

Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq.

Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.

Dövlət başçısı bildirib:

"İqtisadi hazırlıq. İqtisadi hazırlıq olmadan heç nəyi etmək mümkün deyil. Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim kömək etmirdi. Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq, yalvarmamışıq, heç kimdən yardım istəməmişik. Ona görə iqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt idi. Buna da nail olduq. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik - istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından. Yəni, biz istənilən meyar üzrə qabaqcıl yerlərdəyik və bu sahədə şəffaflığı təmin etdik. Mənə dünən məlumat verildi ki, çox mötəbər təşkilat tərəfindən dünyanın 60-dan artıq suveren fondlarının təhlili aparılıb və Azərbaycan Dövlət Neft Fondu bütün parametrlər, bütün meyarlar üzrə beşinci yerdədir. Mən demişəm bu siyahı dərc edilsin, hər kəs görsün ki, hansı ölkələrin suveren neft fondları, yaxud da ki, ehtiyat fondları orada göstərilir. Görün biz kimləri qabaqlamışıq? Davos İqtisadi Forumunun hesabatına baxın, biz iqtisadi inkişaf baxımından, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq. Kimsə bizə kömək edib? Yox. Bunu borca girib etmişik? Yox. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 18-19 faizini təşkil edir. Bir də ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5-6 dəfə çoxdur. Biz istəsək sabah, birisi gün, bir aydan sonra bütün xarici borcumuzu ödəyə bilərik. Yəni, bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq, əraziləri işğal olunmuş ölkə kimi qazanmışıq, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanmışıq. Bu, Vətən müharibəsi üçün iqtisadi sahədə, siyasi sahədə, daxili sabitlik sahəsində hazırlıq idi".