“Ermənistanda radikal millətçilər Avropadan dəstək almaq ümidlərini də itirməyiblər” Siyasət

“Ermənistanda radikal millətçilər Avropadan dəstək almaq ümidlərini də itirməyiblər”

Ermənilərə heç vaxt güvən olmayıb. Paradoksal vəziyyət də ondan ibarətdir ki, Moskvanın adamları kimi görünən fiqurlar özlərini bütövlükdə Rusiyanın rədd etdiyi ideologiyanın qatı tərəfdarları kimi aparırlar. Bu da ona dəlalət edir ki, hakimiyyətə gəlmək istəyən siyasi dairələr istənilən tərəfdən dəstək almağa hazırdır.
Bu sözləri “Teleqrafa”a müsahibəsində Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Millət vəkilinin sözlərinə görə, bu gün Rusiya dəstək verməsə, onlar hətta Soros fondundan da yardım almağa hazırdırlar: “Paşinyan Sorosun gözləntilərini doğrultmadı. Amma görünən odur ki, Ermənistanda radikal millətçilər Avropadan dəstək almaq ümidlərini də itirməyiblər. Yəni onlar istədiyi vaxt cəbhələrini rahat şəkildə dəyişə bilərlər. Ona görə də Ermənistanda belə mənzərinin müşahidə olunmasında heç də təəccüblü bir şey yoxdur. Bu başlıca olaraq erməni xislətidir. R.Köçəryanın yanaşması isə olduqca qeyri-sağlam yanaşmadır. Bu, ermənilər üçün çox böyük bəlalara gətirib çıxara bilər. Sabiq prezidentin əsas müqayisəsinin nəticəsi də ondan ibarət idi ki, 10 noyabr razılaşmasının şərtlərinə əməl edilməsin. Ermənistan revanş almaq istəsin. Amma hərbi caninin fikirlərinə qarşı Rusiya Prezidenti Vladimir Putinin mövqeyi ortadadır ki, o bu razılaşmadan imtinanın Ermənistan üçün intihar ola biləcəyini vurğulayıb. Ona görə də Köçəryanın bəyanatı sırf daxili auditoriyaya hesablanıb”.
Elşad Mirbəşiroğlunun qənaəyinə görə, Nikol Paşinyanın yeganə üstünlüyü onun hakimiyyətdə olmasıdır: “Erməni cəmiyyətinin də hazırkı ağır vəziyyətinə görə, Qarabağ klanı məsuliyyət daşıyır. Ona görə də ermənilər bu günə qədər yaşadıqlarını bir daha yaşamaq istəmirlər. Ermənistan cəmiyyətində faşizm ideologiyası dəstəklənə bilər. Amma bu ideologiyaya uyğun addımların atılması üçün Ermənistanda imkanların olub-olmadığı əsas şərtdir. Kütləni revanşçı istiqamətdə meyilləndirmək mümkündürmü? Əlbəttə, bu mümkün deyil. Hazırda erməni cəmiyyəti ümidsiz bir vəziyyətdədir. Belə bir durumda cəmiyyət hansısa bir ideologiyanın arxasınca getmək taqətində deyil. Hakimiyyətdə olanlar sadəcə iqtidar üstünlüyünə malikdir. Paşinyanın özünün də heç bir imkanı yoxdur. O da erməni cəmiyyətinə heç nə verə bilmədi. Sadəcə bu gün erməni cəmiyyəti pis və daha pis arasında seçim etməkdədir. Yəni heç bir siyasi qüvvə yaxşı deyil. Hər ikisi pisdir. Sadəcə bu pislik dərəcələri bir-birindən fərqlənir. Görünən odur ki, erməni cəmiyyəti pis olan Paşinyanı dəstəkləmək məcburiyyətindədir. Bu, Ermənistanın düşmüş olduğu ümumi böhran vəziyyəti ilə əlaqəlidir”.
Elşad Mirbəşiroğlu hesab edir ki, Paşinyan öz hakimiyyətini qorumaq üçün əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməlidir: “O sağlam məntiqə sığınarsa, çalışacaq ki, birgə bəyanatda yer alan şərtlərə əməl etsin. Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfi əks-mövqe nümayiş etdirsə, Azərbaycanın buna qarşı təsir rıçaqları kifayət qədərdir. Bu təsir rıçaklarından biri olan Laçın koridoru ilə bağlı da Azərbaycan öz mövqeyini sərgiləyə bilər. Bunun üçün bütün imkanlar mövcuddur. Azərbaycan hər hansı bir mövqe sərgiləyəcəyi təqdirdə də dəstək alacaq. Çünki Zəngəzur dəhlizinin təhlükəsizliyinə məsul Rusiya Federal Təhlükəsizlik Xidmətidir. Burada Rusiyanın iradəsi və marağı var. Belə olan halda Rusiya da görəcək ki, Ermənistan əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməməsinə cavab olaraq Azərbaycan bu və ya digər formada addım atır. Ona görə də Azərbaycana qarşı hər hansı bir irad səslənməyəcək. Bunu da Ermənistanda çox gözəl dərk edirlər. Ona görə də Ermənistanın mövcud razılaşmaya maneə xarakterli addımlar atması mümkün deyil”.