“Müsavatda bolşevik metodu... ” Siyasət

“Müsavatda bolşevik metodu... ”

Qabil Hüseynli: "Partiyanın əsas simaları artıq partiyadan uzaqlaşıb"

Hikmət Hacızadə: "Az adam fikir verdi ki, Parisdəki bu hadisə ilə Müsavatda ifadə azadlığına görə cəzalar eyni mahiyyətdədir"

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı təsisçisi Qubad İbadoğlubildirib ki, daha çox rayonda Təşəbbüs Qrupu yaradılıb: "Bir həftə ərzində 8 rayonda yerli fəalların iştirakı ilə Təşəbbüs Qruplarının təsis yığıncağı keçirilib. Artıq hərəkatın 11 rayonda Təşəbbüs Qrupu işə başlayıb". Bəzi siyasilər isə hedab edirlər ki, Q.İbadoğlu Müsavat partiyasının rayon təkilatlarını ələ keçirməyə başlayıb.
Onu da əlavə eədk ki, Müsavat üzvü, Qubad İbadoğlunun əsas tərəfdarı olan Vurğun Əyyub Məclis üzvlüyündə çıxarıla bilər. Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı Məclisdə iştirak etməyənlərlə bağlı qərarın qəbul oluna biləcəyini deyib: "Vurğun Əyyubun Məclis üzvlüyü ilə bağlı məsələ hələlik gündəmdə deyil. Sonuncu toplantıda Arif Hacılı həmrəylik günü ilə əlaqədar bu məsələni gündəmə salmadı. Lakin Vurğun Əyyub özünü Müsavat Məclisinin üzvü olmadığını bəyan edir, həmçinin iclaslarda iştirak etmir. Məclisi növbəti toplantısı mart ayında keçiriləcək. Ona qədər bu məsələ gündəmdə deyil. Lakin Məclisin reqlamenti ola bilər və iştirak etməyənlərlə bağlı qərar qəbul oluna bilər".
Qeyd edək ki, dekabrın 27-də Müsavat Məclisinin toplantısında Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması məsələsi gündəmə gəlmişdi. Müsavat başqanı Arif Hacılı Vurğun Əyyubun Məclisin işində iştirak etmədiyini əsas gətirərək onun üzvlükdən uzaqlaşdırılması təklifini irəli sürüb: "Vurğun Əyyub 3 ay ərzində sistemli olaraq özünü Müsavat Məclisinin üzvü saymadığını vurğulayıb. Bir gün əvvəl də onu Məclisin iclasına dəvət etmişik. Ancaq o, Məclisə gəlməyəcəyini və özünü Məclis üzvü hesab etmədiyini deyib. Bu barədə ardıcıl açıqlamalar verir. Hesab edirəm ki, Məclis üzvü olmadığını bəyan etməsini nəzərə alaraq, onun Məclis üzvlüyündən çıxarılması haqqında qərar verməliyik".
Divan üzvləri Razim Əmiraslanlı və Nemət Kərimli Vur]un Əyyubun Məclis üzvlüyündən çıxarılması haqqında təklifi dəstəkləyiblər. Məclis üzvü Sabir Məmmədli isə buna etiraz edib: "Mən bu bolşevik metodunun əleyhinəyəm. Bu gün zal boşalır. Çünki özünü dahi elan edənlər adicə prosedur qaydalarını düzgün yerinə yetirmirlər".
Müsavat başqanı Arif Hacılı isə "Vurğun Əyyub Məclis üzvü olmadığını bir daha bildirib. Amma həmrəylik günü olduğunu və bununla bağlı bir neçə narazı şəxsin olduğunu nəzərə alıb bunu səsə qoymuram. Bilirəm ki, bu məsələ səsə qoyulsa, Vurğun Əyyub Məclisdən çıxarılacaq. Lakin 4-5 nəfərin etirazlarını nəzərə alaraq hələlik bundan vaz keçirəm. Amma gərək həmin etiraz edənlər Vurğun Əyyubun gələn Məclisdə iştirakını təmin etsin.", - deyə bildirib.
Vurğun Əyyub isə bu məsələyə özünəməxsus formada yanaşır: "Mən özümü Məclis üzvü hesab etmirəm. Necə ola bilər ki, mənim çıxarılma məsələm qaldırılsın? Haqqımda deyilənlər, yazılanlar məni maraqlandırmır. Bu cür məsələlər mənə adi hal kimi görünür. Bu cür məsələləri kimlər, niyə gündəmə gətirir, bilmirəm".
Müsavat başqanının sabiq müavini, politoloq Qabil Hüseynli Müsavat Partiyası daxilindəki konfliktlərdən danışarkən "Biz hələ qurultaydan öncə deyirdik ki, Müsavat Partiyası zəifləyəcək və "ana müxalifət partiyası" statusunu itirəcək. Ehtimallarımız özünü doğrultdu",-deyə bildirib. Onun sözlərinə görə, Müsavatın əsas simaları artıq partiyadan uzaqlaşıb: "Müsavatı digər partiyalardan fərqləndirən əsas xüsusiyyət ziyalı elektorata sahib olması idi. Bu gün həmin ziyalı dediyimiz elektorata aid heç bir tanınmış şəxs partiyada fəaliyyət göstərmir. Ya ümumiyyətlə Müsavatdan uzaqlaşıb, ya da heç bir fəaliyyəti yoxdur. Digər yandan rayon təşkilatları da xeyli zəifləyib. Bu qurultaydan öncə də belə idi. Qurultay sonrası yeni başqanın seçilməsi isə bu vəziyyəti daha da dərinləşdirdi. Artıq müsavatçılar başa düşür ki, partiyanın heç bir perspektivi yoxdur. Düşünürəm ki, "bu xəmir hələ çox su aparacaq" və Müsavat qarşıdakı dövrdə daha ciddi parçalanmalara məruz qalacaq".
Müsavat Məclisinin keçmiş üzvü Hikmət Hacızadə Fransada "Charlie Hebdo" jurnalına edilən hücumla qurultaydan sonra Müsavat daxilindəki prosesləri eyniləşdirib. H. Hacızadə Fransada karikaturaya görə törədilən dəhşətli qətliamı qətiyyətlə pisləyir. "Bir qeydim də var. Az adam fikir verdi ki, Parisdəki bu hadisə ilə Müsavatda ifadə azadlığına görə cəzalar eyni mahiyyətdədir. Sözə, ifadəyə görə cəza olmamalıdır - budur demokratik dünyanın son qənaəti", - deyə o bildirib.
H. Hacızadə Arif Hacılıya qarşı çıxdığı üçün partiyadan çıxarılan Səxavət Əlisoyu Müsavatda söz azadlığının boğulmasına nümunə kimi göstərib.

Əli