Zahid Oruc: “İldönümünü yaşadığımız Aprel müharibəsi Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb oldu” Siyasət

Zahid Oruc: “İldönümünü yaşadığımız Aprel müharibəsi Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb oldu”

“İldönümünü yaşadığımız 2016-cı ilin 4 günlük Aprel müharibəsi Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb olub”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında çıxışında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Millət vəkili deyib ki, indi isə Vətən Müharibəsindəki məğlubiyyətə görə istefaya gedəcəyini elan edən Paşinyanın və komandasının əleyhdarları onu Azərbaycanla işbirliyində, “Bakıya satılmaqda” ittiham edilər: “Sıravi insanlar, həmçinin, 17 müxalif partiyanı birləşdirən hərəkat liderləri, kilsə xadimləri və dünya erməniləri öz hökumət rəhbərlərini Türkiyənin və Azərbaycanın xeyrinə casusluqda suçlandırırlar. Ölkəmiz əleyhinə mövqeyi ilə tanınan Semyon Baqdasarov Rusiya ermənilərinin tribunası olan “Yerkramas” qəzetinə müsahibəsində deyir: ”Ermənistan dövlətinin sükanı arxasında 2006-cı ildən türklər tərəfindən casusluğa cəlb olunan adamlar əyləşib”. 10 noyabrda küçədə linç edilən parlament sədri Ararat Mirzoyanı da “ikili agent” olmaqda, Ankara və Bakıya işləməkdə ittiham edirlər. Göründüyü kimi, erməni xalqı özgə torpaqların əsirliyində qaldığının, ona sahiblənə bilməməyin acısını çəkir”.