“Beynəlxalq ictimaiyyət Ermənistana sanksiyalar tətbiq etməlidir” Siyasət

“Beynəlxalq ictimaiyyət Ermənistana sanksiyalar tətbiq etməlidir”

Vaqif Dərgahlı: "Düşmən Azərbaycana məxsus ərazilərdə irimiqyaslı hərbi təlimlər təşkil edir"

"Əgər beynəlxalq strukturlar, təşkilatlar hansısa bir ölkəyə qadağa və sanksiyalar tətbiq etməlidirlərsə, bu ilk növbədə Ermənistan olmalıdır". Bunu "Trend"in sorğusunu cavablandıran Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
Erməni tərəfinin Azərbaycanın cəbhə xəttinə yaxın ərazilərdə irimiqyaslı hərbi təlimlər keçirməsinin guya beynəlxalq öhdəliklərə uyğun olmadığına dair fikirlərinə münasibət bildirən Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin qınağına səbəb ola biləcək hər hansı addım atmayıb: "Azərbaycan öz sərhədləri çərçivəsində, öz ərazisində bütün qoşun növlərinin cəlb olunması ilə Silahlı Qüvvələrinin irimiqyaslı əməliyyat-taktiki təlimlərini keçirir. Beynəlxalq qurumlar Azərbaycana qarşı nə tətbiq edə bilərlər? Biz bu məsələdə beynəlxalq ictimaiyyətdən bizə qarşı ola biləcək hər hansı addımı gözləmirik".
V.Dərgahlı hesab edir ki, əslində beynəlxalq təşkilatlar Ermənistanın işğal etdiyi ərazilərdə hərbi təlimlərə reaksiya verməli, onlara qarşı ciddi tədbirlər görməli, Ermənistana qarşı sanksiyalar tətbiq etməlidirlər: "Ermənistan hərbi təlimlərini işğal etdiyi torpaqlarda keçirir. Buna isə beynəlxalq qurumlar göz yumur, reaksiya vermirlər. Düşmən Azərbaycana məxsus ərazilərdə özü də irimiqyaslı hərbi təlimlər təşkil edir. Ötən ilin noyabr ayında bunun bir daha şahidi olduq. Həmin təlimlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edən Ermənistan SQ-yə məxsus hərbi helikopterin məhv edildiyi də heç kimin yadından çıxmayıb".
Qeyd edək ki, erməni politoloqları və analitiklərinə istinad edən Ermənistan KİV-ləri qeyd edirlər ki, Azərbaycanın fevralın 2-dən etibarən cəbhə xəttinə yaxın ərazilərdə irimiqyaslı hərbi təlimlər keçirməsi Avropada Adi Silahlara Dair Müqaviləyə (CFE) və "Vyana sənədi"nə ziddir.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. Təlimlərə 15000 nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.