“Azad olunmuş ərazilərdə görülən işlər strateji əhəmiyyətə malikdir” Siyasət

“Azad olunmuş ərazilərdə görülən işlər strateji əhəmiyyətə malikdir”

Nurlan Qələndərli: “Gələcəyə aydın strateji baxışları olan Azərbaycan indi milli tərəqqinin yeni mərhələsinə qədəm qoyur”

“44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən Azərbaycan öz gücünü bütün dünyaya nümayiş etdirdi. Bu, həm də xalqımızın milli həmrəyliyinin və qətiyyətli mübarizə əzminin ifadəsi idi. Bu gün işğaldan azad edilmiş ərazilərdə məqsədyönlü abadlıq-quruculuq işlərinin həyata keçirilməsi Azərbaycan dövlətinin gələcəyə hesablanmış praqmatik siyasətinin bariz nümunəsidir”.

Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloq bildirib ki, bu günlərdə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının yenidən keçirilməsi də Azərbaycanın möhtəşəm zəfər yürüşünün davamıdır: “Bu, təkcə mədəniyyət hadisəsi deyil, eyni zamanda, milli qürur məsələsi, tarixi qələbəmizin və milli həmrəyliyimizin ifadəsidir. Bütün dünya bir daha Azərbaycan mədəniyyətinin zənginliyinə və unikallığına, həmçinin xalqımızın birliyinə və dövlətimizin qüdrətinə şahidlik etdi”.

Nurlan Qələndərli Şuşada və işğaldan azad olunmuş digər ərazilərdə Azərbaycan xalqının mədəni, dini irsinin, infrastrukturun bərpası istiqamətində görülən işlərin strateji əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb: “Gələcəyə aydın strateji baxışları olan Azərbaycan indi milli tərəqqinin yeni mərhələsinə qədəm qoyur. Həyata keçirilən bütün bu tədbirlər Azərbaycanın milli gücünün artmasına və strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirməsinə imkan verir”.

Əli Zülfüqaroğlu