Ermənistan Azərbaycan jurnalistinə təziq göstərməyə, fəaliyyətini məhdudlaşdırmağa çalışır - Elburus Ərud Siyasət

Ermənistan Azərbaycan jurnalistinə təziq göstərməyə, fəaliyyətini məhdudlaşdırmağa çalışır - Elburus Ərud

Bu gün baş verən faciə onu göstərdi ki, Ermənistanın Azərbaycana qarşı təxribatları bitməyib. Ermənistan Azərbaycan jurnalistinə təziq göstərməyə, fəaliyyətini məhdudlaşdırmağa çalışır.

Bunu Trend-ə açıqlamasında “Qafqazinfo” portalının baş direktoru Elbrus Ərud deyib.

E.Ərud bildirib ki, 10 noyabr Bəyanatından sonra xeyli sayda vətəndaşlarımız minaya düşərək ağır yaralanıb və həyatlarını itirib: "Onların hər biri bizim üçün itkidir, bu gün Kəlbəcərdə baş verən faciədə iki media əməkdaşının həlak olması isə bizi daha da sarsıtdı. Jurnalistlərlə bağlı məsələlər daim dünyanın qabaqcıl ölkələrinin, təşkilatlarının diqqətində olur. Dünya üzrə jurnalist ölümlərinin hesabatı hazırlanır, geniş ictimaiyyətə təqdim olunur. "Çox təəssüf ki, Ermənistan həm birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində və sonrakı dövrdə jurnalistləri hədəf almaqda davam edir. Bu gün baş vermiş faciənin görüntülərini izlədim, buna baxmaq çox ağrılı, kədərli idi. Onların fəaliyyəti ilə bağlı hazırlanan videomaterialı da izlədim, özləri xırdalıqlara qədər qeyd edirdilər ki, hər çəklişi necə ediblər, necə həssaslıqla hazırlayıblar. Onlar təkcə "Azərtac", "AzTv"-nin əməkdaşı deyil, onlar Azərbaycanda fəaliyyət göstərən bütün jurnalist redaksiyalarının əməkdaşıdırlar. Ermənistan bu təxribatla Azərbaycan jurnalistinə təzyiq göstərməyə, fəaliyyətini məhdudlaşdırmağa çalışır. Bu məqsədlərə görə də, Bəyanat imzalanandan sonra mina xəritələrinin verilməsindən imtina edir".

Baş redaktor qeyd edib ki, bugünkü faciədə həlak olan həmkarlarımız daim bizim qəlbimizdə yaşayacaqlar. Onlar növbəti dəfə toprağımızın necə əzmlə, qan bahasına azad olunduğunu sübut etdilər. Bu qədər şəhid verdikdən sonra azad olunan torpaqların hər qarışı bizim üçün müqəddəs yerə çevrilir: "Baş vermiş faciəyə isə beynəlxalq təşkilatlar gözləmə mövqeyindən yanaşmamalıdırlar. İnsan haqları təşkilatları, media təsisatları ən sərt formada bəyanatlar verməli, məsələ ilə bağlı Ermənistana təziq göstrməlidirlər. Dünyanın harasındasa jurnalistin bir barmağı qanayırsa, beynəlxalq ictimaiyyət ayağa qalxır. İndi də vahid mövqe olmalıdır, bütün dünya bu faciəyə görə Ermənistanı qınamalıdır.

Bir daha faicədə həlak olan həmkarlarımızın yaxınlarına başsağlığı verirəm. Allah rəhmət eləsin!".