Ali Nümayəndə: ““Şərq Tərəfdaşlığı” ölkələri Aİ-yə yaxınlaşmaq üçün səy göstərməlidir” Siyasət

Ali Nümayəndə: ““Şərq Tərəfdaşlığı” ölkələri Aİ-yə yaxınlaşmaq üçün səy göstərməlidir”

“Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələri ilə münasibətlərinə son dərəcə əhəmiyyət verir”.

APA-nın xəbərinə görə, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukrayna, Gürcüstan və Moldova xarici işlər nazirləri ilə görüşdən sonra deyib.

“Avropa İttifaqı tərəfdaşlarımızın təşkilata daha da yaxınlaşmaq və hətta ona qoşulmaq istəyindən qürur duymalıdır. İttifaqımız mükəmməl deyil, ancaq üzvlüyün bir çox ölkə üçün strateji hədəf olaraq görülməsi böyük bir iltifatdır”, - deyə Aİ-nin Ali Nümayəndəsi bildirib.

Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı” ölkələri (Azərbaycan, Belarus, Gürcüstan, Moldova​, Ukrayna və Ermənistan) Aİ-yə yaxınlaşmaq üçün səy göstərməlidirlər: ““Şərq Tərəfdaşlığı” ölkələrində hərtərəfli inkişaf tələb edən islahatlar tam olaraq tətbiq edildiyi təqdirdə əməkdaşlığı dərinləşdirə və ortaq işlərdə irəliləmək üçün qanunvericiliyi müəyyənləşdirə bilərik. Bununla bağlı hər birinizin yanındayıq. Sizi siyasi və maddi cəhətdən dəstəkləyirik”.

C. Borrell 2021-ci ilin “Şərq Tərəfdaşlığı” üçün vacib bir il olduğunu qeyd edib: “Avropa Komissiyası ilə birlikdə konkret hədəfləri ehtiva edən 2020-ci ildən sonrakı gündəliyi dəqiqləşdirmək mərhələsindəyik”.

Aİ-nin Ali Nümayəndəsi onu da bildirib ki, “Şərq Tərəfdaşlığı” Sammiti bu ili dekabr ayında baş tutacaq: “Dekabr ayında keçiriləcək Zirvə görüşündə yeni gündəliyi müəyyən etmək və gələcəyə dair ortaq bir baxış üzərində razılaşmaq fürsətimiz olacaq”.