“Minsk qrupunun bəyanatlarının heç bir nəticəsi yoxdur” Siyasət

“Minsk qrupunun bəyanatlarının heç bir nəticəsi yoxdur”

Necdet Ünüvar: "Türkiyə və Azərbaycan olaraq ən qısa zamanda nəticələr əldə olunmasını tələb edirik"

Novruz Məmmədov: "Minsk qrupunun həmsədrləri heç bir prinsip ortaya qoymayıblar"

Rasim Musabəyov: "Onların danışıqlar prosesinə dinamika qazandırmaq iqtidarında olmadıqları aydındır"

Türkiyə parlamentində Xocalı soyqırımı ilə əlaqədar görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Xalq Cəbhəsi"nə verilən məlumata görə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri ilə görüşüb. Görüşdə Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dair məsələlər geniş müzakirə olunub.
Azərbaycan diaspor təşkilatlarının təmsilçilərini Türkiyə parlamentində görməkdən məmnunluq ifadə edən Necdet Ünüvar Türkiyə-Azərbaycan dostluğundan danışıb. Sonra Xocalı soyqırımından bəhs edən parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar "Xocalı qətliamı bizim ortaq dərdimiz, qanayan yaramızdır" deyərək, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildirib. N.Ünüvar dünya ictimaiyyətinin, başda BMT olmaqla bütün beynəlxalq qurumları Xocalı soyqırımı və Azərbaycan torpaqlarının işğal altında qalması məsələsinə həssaslıq göstərməyə çağırıb: "Xocalı qətliamının 23-cü ildönümündə dünyanın Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün addımlar atmasını istəyirik".
TBMM üzvü ATƏT-in Minsk qrupunun fəaliyyətini də tənqid edib: "Minsk qrupunun 20 ildən çoxdur keçirdiyi görüşlərin, yaydığı bəyanatların heç bir nəticəsi yoxdur. Türkiyə və Azərbaycan olaraq ən qısa zamanda nəticələr əldə olunmasını tələb edirik və bəyan etmək istəyirəm ki, biz hər zaman Azərbaycanın yanında olacağıq".
TADEF rəhbəri Bilal Dündar isə TBMM-in sıx iş qrafikinə baxmayaraq, onları qəbul etdiyi üçün Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvara təşəkkür edib. Daha sonra Bilal Dündar iki ölkəni və iki xalqı bir-birinə bağlayan qardaşlıq münasibətlərindən danışıb. O, bu münasibətlərin daha da gücləndirilməsində öz töhfələrini verən təşkilatların fəaliyyətinə də toxunub. TADEF rəhbəri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində siyasətçilərlə yanaşı, qeyri-hökumət təşkilatlarının da öz fəaliyyətini gücləndirməsinin vacib olduğunu vurğulayıb. TBMM-in bu məsələyə yaxından maraq göstərdiyinə görə Bilal Dündar rəhbərlik etidiyi federasiyada birləşən təşkilatlar adından Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qurpunun rəhbəri Necdet Ünüvara minnətdarlığını bildirib.
Qeyd edək ki, son zamanlar ATƏT-in Minsk qrupu mütəmadi olaraq tənqid olunur. Bundan başqa həmsədrlərin sayının artırılması təklif edilir.
Bu arada isə Ermənistanın müdafiə naziri Seyran Ohanyan "Regnum" agentliyinə müsahibəsində bildirib ki, Rusiya və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təsisçiləridir və müvafiq olaraq kollektiv təhlükəsizlik və çoxtərəfli münasibətlər formatında qarşılıqlı öhdəlikləri var.
Onun sözlərinə görə, hər iki ölkənin baş qərargahları Ermənistana qarşı müharibə elan olunacağı təqdirdə necə birgə hərəkət edəcəklərinə dair operativ planlaşdırma keçirir: "Ümumilikdə Ermənistana qarşı müharibə olacağı təqdirdə Ermənistan və Rusiya arasında 29.08.1997-ci ildə imzalanan dostluq, əməkdaşlıq və qarşılıqlı kömək, 16 mart 1995-ci ildə Rusiya bazasının Ermənistanda yerləşdirilməsi və 15.05.1992-ci ildə imzalanan kollektiv təhlükəsizlik sazişlərinin şərtlərində göstərildiyi öhdəliklərə uyğun olaraq Rusiya bizim ölkəmizi qoruyacaq".
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib ki, ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində fəaliyyətinin heç bir nəticə verməməsi təəssüf doğurur: "Minsk qrupunun həmsədrləri heç bir prinsip ortaya qoymayıblar. İyirmi ildən artıqdır ki, onların əsas prinsipi budur: Siz özünüz barışın, özünüz razılığa gəlin, biz sizi dəstəkləyək. Onlar çox yaxşı bilirlər ki, belə şey mümkün deyil. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən əlavə yeddi rayonunu da işğal edib".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov isə Azərbaycanın da dəstəklədiyi Böyük sülh sazişində bu modeldən istifadənin mümkünlüyünü istisna etməyib: "Lakin erməni tərəfi adəti üzrə tam əks-mövqe ortaya qoyub. Bu, göstərir ki, İrəvan son illərdə dalana dirənmiş danışıqlar prosesinin canlanmasında maraqlı deyil".
Rasim Musabəyov həmsədrlərin regiona səfərini münaqişə tərəflərinin prezidentləri arasında dialoqun reanimasiya edilməsinə növbəti cəhd kimi qiymətləndirib.
"Onların danışıqlar prosesinə dinamika qazandırmaq iqtidarında olmadıqları aydındır. Buna görə də, Azərbaycan haqlı olaraq həmsədrlərin ünvanına tənqidlər səsləndirir, onların tərkibinin genişləndirilməsinə və ya dəyişdirilməsinə dair təkliflər irəli sürür. Məsələn, Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının qış sessiyası zamanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin sayının 3-dən 5-ə qaldırılması məsələsini gündəmə gətirib. O, yeni həmsədrlərin Türkiyə və Almaniya təmsilçiləri olmasını təklif edib.
1991-ci ilin fevralında ATƏT-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin Praqada keçirilən və Minsk qrupunun yaradılması ilə nəticələnən toplantısında Azərbaycan nümayəndə heyətinə başçılıq etmiş, sonrakı illərdə Minsk qrupunun vasitəçilik səylərini daim müşahidə etmiş şəxs kimi mən bu təklifin məhsuldar olacağına inanmıram. Birincisi, tərəflər həqiqətən də münaqişənin həlli prosesinin başlanğıcı ola biləcək substansional danışıqlara, yəni Böyük sülh sazişinin mətni üzərində diskussiyalara keçməkdənsə, nəticəsiz prosedur mübahisələrinə cəlb olunurlar. İkincisi, vasitəçilərin sayının 5-ə qaldırılmasının onların fəaliyyətində effektivliyi artıracağına dair heç bir tutarlı dəlil yoxdur. Əksinə, sayın bu cür artırılacağı təqdirdə hələ vasitəçilərin öz aralarındakı fikir ayrılıqlarını çözmək üçün xüsusi moderator təyinatına ehtiyac yarana bilər. Üstəlik, namizəd kimi Almaniya və Türkiyənin göstərilməsi Ermənistan tərəfindən birmənalı etirazla qarşılanır. Bundan başqa, Türkiyənin vasitəçiliyə namizədliyinin müzakirəsi belə, Ankaranın Qarabağ münaqişəsinin həllindən əvvəl Ermənistanla diplomatik əlaqələri bərpa etməsi, sərhədləri açması zərurətini yaradacaq.
Bu, Azərbaycanın xeyrinədirmi? Türkiyə ilə Almaniya Minsk qrupunun üzvləri qismində sülh prosesinə müsbət təsir göstərmək iqtidarındadırlar. Onlar Minsk konfransının çağırılmasına, bununla da orada yaranmış vəziyyətin kollektiv müzakirəsinə, həmçinin tərəflərin razılığa gələ bilmədikləri baza prinsiplərinin formalaşdırılmasına nail ola bilərlər. Maraqlı regional fövqəldövlət olan Türkiyə Moskva, Paris və Vaşinqtonla ikitərəfli dialoqlar vasitəsilə vasitəçilərin işinə öz təsirini göstərə bilər. Almaniya isə Avropa İttifaqının nüfuzlu üzvü olaraq, nizamlama prosesinin stimullaşdırılması üçün Aİ-nin iqtisadi-maliyyə və siyasi resurslarını cəlb edə bilər. Üstəlik, 2016-cı ildə Almaniya ATƏT-ə sədrliyə başlayacaq və nəticədə Minsk qrupu ilə paralel şəkildə tam rəsmi vasitəçilik səyləri göstərmək imkanı qazanacaq. Bir sözlə, Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olunması üçün onu sürətləndirməyə qadir olan fövqəldövlətlərin praktiki səylərinə ehtiyac var. Bunun üçün vasitəçi strukturda dəyişikliklər getmək vacib deyil", - deyə millət vəkili qeyd edib.
Rasim Musabəyov "İsveçrə protokolları"nın Ermənistan parlamentindən geri çağırılmasına da münasibətini açıqlayıb: "Protokolların parlamentdən geri çağırılması ilə İrəvan və onun xarici himayədarları, əslində, Türkiyəni Azərbaycandan ayırmaq üçün qurulmuş hiyləgər planın iflasa uğradığını etiraf ediblər. Onlar bu planı həyata keçirməklə Bakını ərazi güzəştlərinə, ermənilərə sərf edən sülhə razı salmağı düşünürdülər. Ermənistanın və onun xaricdəki diasporunun xoşuna gəlsə də, gəlməsə də, nüfuzlu regional fövqəldövlət olan Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən kənarlaşdırmaq mümkün deyil. Bu sözlər İrana da aiddir. Onun özü beynəlxalq təcrid vəziyyətində olsa da, ATƏT-də yer almasa da, vasitəçilik səylərində iştirak etməsə də, Tehranın prosesindən tam kənarda tutulması mümkün deyil. İran Qarabağ münaqişəsi zonası ilə bilavasitə sərhədə malikdir. Problemin nizamlanmamış qalması, hərbi əməliyyatların bərpası ehtimalı bu nəhəng regional fövqəldövlətin maraqlarına birbaşa təsir göstərir".
Politoloqun fikrincə, azərbaycanlı girovların azadlığına nail olunması, erməni tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərində təxribatçı hərbi təlimlərdən imtinaya razı salınması vacibdir: "Bu, nəinki prezidentlərin görüşü üçün müsbət fon yaradar, həm də təmas xəttində atəşkəs rejiminin möhkəmlənməsinə təkan olar. İstənilən halda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bir halda məna kəsb edəcək ki, o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə böyük sülh sazişi üzərində işə başlanmasına start versin".

Əli